İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Abşeron kəndlərinin olduqca diqqətçəkən bir məqamı var, dəniz sahili, sarı torpaq, əncir, üzüm və zeytunluqlar, bol rəng və koloritli peyzajlar... Məsələn, Səttar Bəhlulzadəni bunca məşhurlaşdıran Xilə kəndi olub.
İndi də Bülbülə kəndi və Böyükağa Mirzəzadə barədə.
Böyükağa Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda Abşeronun Fatmayı kəndində anadan olub. O, sənətə təsadüf nəticəsində gəlib. Atası onun həkim olmasını arzulayıb. Gələcək rəssamın yoldaşları — sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırıblar.
Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə texnikum təhsili ilə kifayətlənməyib İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyub və Bakıya qayıdıb. Yaradıcılığa erkən yaşlarında başlayıb.
Onun yaradıcılığına müxtəlif dövrlərin Avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərib. Bu görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırıb. Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib.
1950–60-cı illəri Böyukağa Mirzəzadə yaradıcılığında təşəkkül dövrü kimi qiymətləndirmək olar. Artıq 1950-ci illərdə onun yaradıcılığının aparıcı janrı müəyyən olunub. Böyükağa Mirzəzadə teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə edib. Onun İ. Əfəndiyevin "Mənim günahım", Z. Bağırovun "Qayınana", İ. Kalmanın "Bayadera", və s. əsərlərin tamaşalarında yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
1960-cı ildə Şıxəli Qurbanovun eyniadlı pyesi əsasında qoyulan "Milyonçunun dilənçi oğlu" tamaşası ilə debüt edən rəssam bu quruluşa görə Ü.Hacıbəyov adına Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. "Çimərlikdə" adlı əsərində rəssam Abşeron çimərliklərindən birində adi həyat hadisəsini fırçaya alıb. Güllərlə bağlı xeyli sayda natürmort yaradıb. "Sarı güllər", "Tüstü ilə natürmort", "Dolça ilə natürmort", "Qızılgüllər", "Güllərlə natürmort", "Bankalı natürmort" kimi əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur.
1972-ci ildə "Nəriman Nərimanov "Ölülər" pyesinin ilk tamaşası münasibətilə Cəlil Məmmədquluzadəni təbrik edərkən" (yağlı boya) teatralaşdırılmış qrup portreti tablosunu yaradıb. Əsər Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyində saxlanılıb. Teatr-dekorasiya sənəti sahəsində də fəaliyyət göstərib.
Əsərləri
1. Qırmızı çətirlə natürmort
2. Bakı mənzərəsi
3. Pambıq tarlasında
4. Pambıq yığımı
5. Dirijor Niyazinin portreti
6. Zənlər
7. Yeddi gəmi adası
8. Çimərlikdə
9. Mavi dəniz. Neft daşları
10. Göyçə gölü
Mükafatları
- "Şərəf nişanı" ordeni
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
- "Qırmızı əmək bayrağı" ordeni
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Ünlü rəssam 3 noyabr 2007-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.02.2026)


