İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur" - Azərbaycan Xalq rəssamı Əşrəf Heybətov nahaqdan belə deməyib. Onun milli koloritli, isti rənglərlə dolu, çılğın rəsmləri var ki, onlarda Bakı və Şuşa tərənnüm edilibdir...
Bu gün ünlü rəssamın anadan olmasının 75 illiyidir.
Əşrəf Heybətov 18 fevral 1951-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Dövlət İncəsənət İnstitutunu bitirib. Azərbaycanın xalq rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Xalq rəssamıdır.
1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür.
"Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA ("Platforma, Dialoq, Avrasiya") təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür. Hal-hazırda Almaniyanın Koblents şəhərində yaşayır.
2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 27 may 2018-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülüb.
Onun işlərinin əsas mövzusu Azərbaycan və bu diyarın xalqıdır. Əslən içərişəhərli olan Əşrəf Heybətov öz əsərlərinin çoxunda Bakının bu qədim hissəsindəki doğma dar küçələri təsvir edib, lakin son vaxtlar ümumtürk miqyaslı mövzular onu daha çox maraqlandırır. Rəssam emosional hisslərini belə ifadə edib:
2023-cü ildə "Bizim Şuşa" adlı albomu işıq üzü görəndə söyləyibdir "Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur" kəlmələrini. Öz məramını isə belə izah edib: “Məqsədim Vətənimin gözəlliyini vəsf etməkdir”.
Deyir, hər rəssamın öz üslubu, dəst-xətti var. Bu üslub illərlə formalaşır və bunun üçün axtarışa çıxmaq, çox çalışmaq, dayanmadan yaratmaq lazımdır. Mənim yaradıcılığımın əsas qayəsi insan və dünyanın harmoniyasıdır. Elə bir harmoniya ki, insan bu dünyanın bir hissəsi kimi ona uyğun yaşaya bilsin. Hazırda elə mürəkkəb, hətta çətin bir dövrdə yaşayırıq ki, bu dövr bizdən cavab tələb edən suallar doğurur.
Biz sənət adamları da əsərlərimizdə bu suallara cavab tapmağa çalışırıq. İncəsənət aləminə yaxından bələd olan insanlar bilirlər ki, mənim yaradıcılığımda doğma Azərbaycan və Türk dünyası əsas yer tutur. Amma elə əsərlərim də var ki, onları konkret suallara cavab vermək üçün çəkmişəm: Biz kimik? Haradan gəlmişik? Haraya gedirik? Niyə dünyada çox vaxt şər xeyirə qalib gəlir? Axı niyə tarix boyu baş verən qanlı müharibələr insanlara dərs olmur?
Mənim üçün incəsənət təkcə forma və rəng deyil. Əsərin arxasında fikir dayanmalıdır. Hər bir əsər ideyadan doğmalıdır. Mənim üçün əsas məsələ düşünmək, sual vermək və bu suallara fırça ilə cavab axtarmaqdır. Ən əsası isə odur ki, mənim yaradıcılığımın ən böyük məqsədi Vətənimin gözəlliyini sənətin dili ilə vəsf etməkdir.
Rəssam uzun illərdir xaricdə yaşayır. Moskvada təhsilini başa vurduqdan sonra ona 1980-ci ildə keçirilən Olimpiadanın bədii tərtibatına rəhbərlik edən məşhur rəssam Zorab Sereteli ilə eyni komandada işləmək qismət olub. Həmin dövrdən etibarən Moskvada qalıb, 15 ilə yaxın orada yaşayıb. 1995-ci ildən isə Almaniyada məskunlaşıb.
Deyir, Avropa, xüsusən də Almaniya təbiəti, memarlığı, muzeyləri və tarixi abidələri ilə sənət adamı üçün əsl canlı ilham mənbəyidir. Hər dəfə Avropada yeni bölgə kəşf etdikcə düşünürəm ki, hələ görmədiyimiz nə qədər gözəlliklər varmış. Amma bütün bunlarla yanaşı, doğma torpaqdan uzaq olmaq insanın içində bir boşluq da yaradır. Mən ən çox Azərbaycanın dağlarının, təbiətinin həsrətini çəkirəm.
Düzdür, fotoşəkillərim, videolarım var, amma o yerlərin aurasını yaşamaq tamamilə fərqli bir hissdir. Azərbaycanın düzənlikləri, dağları, kənd yolları – bunların hər birinin özünəməxsus görkəmi var. Ona görə də çalışıram ki, hər il Vətəni ziyarət edim. Azərbaycana gedəndə mütləq rayonlara da baş çəkirəm. Mənim üçün Azərbaycan dünyada ən gözəl ölkədir. Vətənimizdəki o doğma ruh, o enerji başqa heç yerdə yoxdur. Xaricdə yaşayan hər bir azərbaycanlının ürəyində Vətən sevgisi olmalıdır. Biz Vətəni unutsaq kökümüzü itirərik.
Yubileyiniz mübarək, ünıü rəssam. Allah sizdən bu vətən sevgisini heç vaxt əskik etməsin.
“Ədəbiyyat və incəsənət”
(18.02.2026)


