İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Daşı, onun fakturasını, çəkisini, sükutunu, səssiz, müdrik sükutunu sevən heykəltaraş deyirdi ki, daşda çoxlu enerji, sirr və hekayələr var, mən daşa vurulmuşdum və biz bir-birimizi qarşılıqlı məhəbbətlə sevirdik...
Tanınmış heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfovun sözləridir bunlar.
O, 16 fevral 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib. 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib.
Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var. 2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini hazırlayıb.
2014-cü ildə F.Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb. O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib. Heykəltəraşın “Osvensim” (1965) adlı heykəl-kompozisiyası “Sülhün keşiyində” adlı sərgidə müvəffəqiyyət qazanıb.
Nonna Müzəffərovanın onun barəsindəki essesində bu ünlü rəssamın bütün yaradıcılıq mahiyyəti açılır. Diqqət edək:
I Fəsil
Fazil eşqini etiraf edir.
Mən daşı sevirəm. Onun fakturasını, çəkisini, sükutunu sevirəm. Səssiz, müdrik sükutunu. Daşda çoxlu enerji, sirr və hekayələr var. Mən daşa vurulmuşdum və biz bir-birimizi qarşılıqlı məhəbbətlə sevirdik. Daşlar fərqli olur. Uzunsov və yumru, ölü və diri, dələduz daşlar... Dələduz daş nə deməkdir? Baxırsan ki, yol kənarında baxımsız düşüb qalıb, amma, lənət şeytana, diqqəti özünə cəlb edir!
Bir dəfə heykəltəraşlar simpoziumuna qaya parçaları gətirdilər. Onlar arasında bir nəhəngi var idi, işə başlamazdan öncə onu bölmək lazım idi. Daş karxanasında çalışan, nəhəng əlləri olan ustalar gəldilər. Bir kəsik etdilər və qaya bölündü. Diqqətimi nə çəkdi? İlk dəfə gün işığı görən hamar bətn! Onun daxilində nə isə, yenicə pöhrələnən lobya rəngində, aloe kimi xırda bir şey var idi... Daşın daxilində! Hamı baxdı və çıxıb getdi, mən isə hələ də unuda bilmirəm.
Bu nə idi? Bu canlı elementi daşın bətnində hansı sirr saxlayırdı?! Daşlar milyon illər boyu suyun altında qalıblar, sakitcə yetişiblər, bayıra çıxdıqdan sonra isə heykəltəraşların əlinə düşüblər. Biz onlara böyük hörmətlə yanaşmalıyıq. Onlara təməldən xas olan fəlsəfəni qaytarmalıyıq. Məsələn, Misir heykəltəraşlığı.
O, istənilən ölçüdə monumentaldır! Bu hələ də məni təəccübləndirir. Onun fotoşəklini çəksən belə heç kim miniatür olduğunu söyləməyəcək. Belə fiqura baxırsan – barmaq ölçüdə qranit, kiçik fiqurdur, amma hər şeyi ehtiva edib! Sovet heykəltəraşlığında isə hər şey əksinədir – monumental deyil, amma nəhəng miqyası var.
ll Fəsil
Heykəltəraşlıq nədən başlayır?
Təsviri incəsənətin əsası rəsmdir. Rəssamlıq, heykəltəraşlıq isə - həmin rəsmdir, lakin artıq onun davamıdır, təkamülüdür. Mənim üçün rəsm – istirahətdir. Nə isə maraqlı bir şey gözümə dəyərsə - vacib deyil nə - model və ya sadəcə küçədə nə isə marağıma səbəb olarsa, əgər məni cəzb edərsə, o artıq mənimdir. Onun mənim olması üçün nə tələb edilir?
Birincisi, parlaq xarici görünüşə malik insanlar var. Parlaq xarici görünüş – parlaq xarakter deməkdir. Daxili məzmunun yarısı xaricdə əks olunur. Amma həmişə yox – səhvlər də olur... Bir də var boz insanlar. Elə bil hər şey yerindədir – gözlər, burun, amma necə isə... adidir. Geniş istifadə üçündür. Bax, bu qeyri-adi daxili məzmunun xarici görünüşlə nisbəti yaddaşda iz buraxır.
Sərrast atıcılar kimi yaradan rəssamlar var. Matiss asanlıqla nişan alırdı! Hərçənd, bu ancaq kənardan asan görünür. Əlbəttə ki, buna dərhal nail olmaq mümkün deyil. Rahatlıq bəxş edən xətlər var. Sanki düz xətdir, amma sakitlik verir. Bu ustalıq hətta rəssamları valeh edir. Pikassoda da yaxşı xətlər var, amma o, nəcib deyil – gah oynayır, gah zarafat edir, gah qorxudur...
Ancaq böyük ustad olduğu üçün, ona hər şeyi keçirlər. Matiss isə - sevgi insanıdır! Mən tez-tez Puşkin muzeyinə Mattisə baxmaq üçün gedirdim və o həmişə mənə sakitlik bəxş edirdi. Sadəcə balıq akvariumu və ya dekorativ divanda qadın, amma necə təsirlidir! Bir sözlə - fransız! Orta məktəbi bitirdikdən sonra rəssamlıq məktəbinə daxil oldum. Moskvadan yenicə gəlmiş müəllimimiz var idi.
O, bildiyi hər şeyi bizə öyrədirdi və rəsm dərsi əsl bayrama çevrilirdi. Vərəqi çərçivəyə bərkidirdik və nə isə yenilik gözləyirdik! İş uğurlu alınanda zövq alırdım, alınmayanda isə evə çox pis əhval-ruhiyyədə gəlirdim. Səhəri günü səbirsizliklə gözləyirdim ki, gedib hər şeyi düzəldim. Yadımdadır, Surikov institutunun birinci kursunda auditoriyaya görkəmli bir professor – Qleb Borisoviç daxil oldu.
“Qələmləri buraxın, məni dinləyin. Rəsmi belə çəkirik: bir kağızda 3 baş”. Mən düşündüm: “Bir kağızda 3 baş! Bu nədir, rəsm dərnəyi?!”. Moskvanın ali məktəbi məni çox məyus etdi. O illərdə Bakıda çox güclü məktəb var idi. Tələbə yoldaşlarım yaxınlaşıb rəsmlərimə baxanda özlərinə belə təsəlli verirdilər: “Bu, axı Bakı məktəbidir”.
lll fəsil
Qəhrəman Sovet ideologiyası tikanlıqlarından öz istedadına tərəf irəliləyir
Son kursda Neft Daşlarına yollandım. Bu, qışa təsadüf etmişdi; estakadalar ayaqlarımın altında yellənirdi... Bəndlərin taxtaları arxasında – tünd yaşıl rəngli su var idi, qağayılar alçaqdan uçurdu, sərt külək üzümə vururdu... Neft Daşlarına material toplamaq, hər şeyi öz gözümlə görmək üçün gəldim və orada 3 gün keçirdim; soyuq linoleumda yatırdım, nəm yorğanla örtünürdüm... Səhəri insan siluetlərini gördüm, dayanıb siqaret çəkirdilər.
Çox danışmırdılar... Bir sözlə, buranın sərt gözəlliyi məni valeh etdi. Qayıtdım və eskizlərə başladım. Üç fiqurdan ibarət kompozisiya seçdim... Diplom müdafiəsi ərəfəsində emalatxanaya rəhbərim, professor Tomskiy gəldi. İşimə baxdı və dedi: “Fazil, yarım litr al, iç və bu iki fiquru yığışdır. Birini saxla – diplom alarsan. Əks halda qalmaqal olacaq”. Düşündüm ki, bu nə axmaqlıqdır? Axı onlar əlaqəlidirlər!
O, sadəcə adət etməyib. İmtahan komissiyasının sədri hansısa ordenli heykəltəraş idi: o qədər dəqiqliklə işləyirdi ki, ona hind quşu versəydin, bütün ziyilləri göstərərdi. Bax, bu adam başladı deyinməyə: “Bu tələbə haqqında əlaçı olduğunu deyirlər, amma o, belə işlər hazırlayır, - və mənim kompozisiyamı göstərir. – Ona diplom verməyəcəyik, “iki” də yaza bilmərik...”. Bir neçə gündən sonra məni Rəssamlıq Akademiyasına çağırdılar.
O zamanlar bacarıqlı tələbələrə sifariş yerinə yetirməyi təklif edirdilər və yaxşı da pul verirdilər. Mənə də dedilər: “Bu nə katorqa adamlarıdır bizə göstərirsiniz? Bu sovet fəhləsinin obrazı deyil! Bizə pioner çəkin, buna görə həm diplom, həm də pul alacaqsınız”. Mən isə heç vaxt mübahisə etməyi sevmirdim. Onlara “yaxşı, çox sağ olun” dedim, özlüyümdə isə düşündüm: “Öz pionerinizlə gedin e”, - beləcə, pulsuz və diplomsuz, amma təmiz vicdanla çıxıb getdim.
IV Fəsil
İki rəssam və bir heykəltəraş dünyaya baxmağa getdilər və əjdahalar, kələzlər və digər əcaiblərə rast gəldilər
Bir dəfə Rasim Babayev və Tofiq Cavadov Qobustana getməyi təklif etdilər. Soruşdum: “Necə gedəcəyik?” – “Qurd qapısından”. – “Piyada?” – “Hə”, heç nə olmamış kimi Rasim cavab verdi. “Yaxşı, - düşündüm, - onlar bacarırlarsa, mən niyə cəhd etməyim?” Yola düşdük, qəbiristanlıqdan sonra boş ərazilərə çıxdıq: torpaq çat-çat, bol gilli idi... Təsviri olaraq çox gözəldi... Nəhayət Qurd qapısına çatdıq... Öz-özümə düşünürəm ki, “ala, bunlar necə adamdırlar!”, amma bir söz demirəm. Yolumuza davam edirik.
Lökbatanda çoban itləri bizə hücum etdilər və biz geri döndük. Səhər oyandım, hiss edirəm ki, ayaqlarım ağrıdan sızıldayır. Dünən nə baş verdiyini soruşsanız, xatırlamaram, amma həmən piyada gəzintidən yaranan təəssürat hələ də yadımdadır. Biz dünyaya yeni nəzərlə baxmağa gedirdik! Sonra isə ardı gəldi: elə ki birimiz nə isə maraqlı bir şeydən xəbər tutur, dərhal o biriləri dəvət edir.
Bir dəfə nəhayət ki, alabaş avtobusu ilə Qobustana gedib çıxdıq. Biz nağıla bənzər, sirli aləmə rast gəldik! Elə bir əjdaha vüsəti var ki, sanki burada div çalışıb! Qobustan indi bəzədilib, o zaman belə deyildi! Çöl kərtənkələləri, mamır, əzəmətli qədimlik... Qırmızı ağızlı nəhəng kərtənkələ qayanın başına dırmanır və orada quruyub qalır... Tamamlanmış monument! Bax, belə şeylər iz buraxır. Bu palitranı dəyişmək kimi bir şeydir – kiçikdən böyüyə. Elə o zamanlar da daşı sevdim.
V fəsil
Qranit, bürünc və əhəngdaşından nadir bəhərlər haqqında
Günəş hamı üçün eyni parlamır – həyat çoxmərtəbəlidir: kimsə yuxarıda səadətdən zövq alır, kimsə də kölgədə mövcudluğunu sürdürür... Bürünc “Həyat mərtəbələri” heykəlim də bundan bəhs edir. Azərbaycan heykəltəraşlarının birinci simpoziumu 1983-cü ildə keçirilmişdi. Hərəyə bir sal qaya verib dedilər: “Nə istəyirsiniz edin, bu marafondur!”. O zaman laqunda yox idi, hər şey əl ilə edilirdi, mən də öz çılpağımı yondum. Xatırlayıram, “Səhər” əsərinə görə birinci yerə layiq görülmüşdüm.
“Duaçı” dünyanı gəzdi, sonra bizdə məskən saldı. Mən dua edən insanın obrazını yaratmaq istəyirdim. Nənəm belə idi – həmişə oturub təsbeh çevirirdi, dünya vecinə deyildi... Düşündüm ki, evdə əvəzimizə dua edən fiqur olsaydı, heç də pis olmazdı. Reallığı hər kəs əks etdirə bilər, lakin incəsənət – başqa materiyadır! Görünməyəni, çəkiyə malik olmayanı göstərmək, bu enerjini formaya salmaq lazımdır...
Qara Qarayev obrazının çox sayda eskizlərini hazırladım və onların içində azdım, nə isə çatışmırdı... Mən onu cəld, impulsiv görürdüm, bütün bunları qranitdə əks etdirmək istəyirdim. Əsas heykəli, öz heykəlimi yaratmaq və onda Qarayevin ruhunu, onun dinamikasını təcəssüm etdirmək idi. Qara Qarayevin heykəli – kitabdır, onun ətrafına dolanmaq və onu oxumaq lazımdır.
Bəli, bu açıqlamalar həm də daşların dilini bilən bir dahinin yaradıcılıq sirlərini də açır. Bu sirlərin başında isə bir şey dayanır – peşənə sevgin!
Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir. 2019-cu ilin yanvarında onun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilib.
Heykəltaraş "Azərbaycan SSR əməkdar incəsənət xadimi", "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Filmoqrafiya
- Üfüqlü ötənlər
Fazil Nəcəfov 2023-cü il iyulun 11-də, 88 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.02.2026)


