İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan təsviri sənətinin və heykəltəraşlığın inkişafında özünəməxsus mühüm xidmətləri olan görkəmli xalq rəssamı, professor Hüseynqulu Əliyevin doğum günüdür.
O, 3 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olub. 1971–1975-ci illərdə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində, 1977–1982-ci illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakültəsində təhsil alıb. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Rəsm Qalereyasında işləyib.
AMEA-nın prezidenti İsa Həbibbəyli Hüseynqulu Əliyev haqqında yazır:
“Xalq rəssamı Hüseynqulu Əliyevin rəsm əsərlərində təsvir edilən nar dənələri və təbiət təsvirlərindən kompozisiya yaratmaq bacarığı ana xətləri ilə Toğrul Nərimanbəyov məktəbinin onun sənətində yaşayan izləridir. Lakin göründüyü kimi, dünya şöhrətli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun bədii sənətində onun möhürünə, imzasına çevrilmiş nar kompozisiyaları serialı Hüseynqulu Əliyevin rəsmlərində nar dənələri fraqmentləri formatında davam etdirilmişdir.
Bundan başqa, böyük müəlliminin rəsm əsərlərindəki nar çiçəklərini Hüseynqulu Əliyev daha çox payız ləçəkləri ilə əvəz etmişdir. Mənsub olduğu məktəbin açıq parlaq rənglərini Hüseynqulu Əliyev ala tünd rəng çalarları ilə yeniləşdirmişdir. Hüseynqulu Əliyevin rəsmlərindəki ala və tünd rənglərin harmoniyası onun fikirlərini ifadə edən əsas bədii vasitələrdir.
Doğrudur, rəssamın təsvirlərində ağ-ala, işıqlı rənglər tünd rənglərlə müqayisədə üstünlük təşkil edir və onun ifadə etmək istədiyi, almaq üçün səy göstərdiyi effekti mənalandırmaq baxımından daha funksionaldır. Hüseynqulu Əliyevin mövzu dairəsi geniş və rəngarəngdir.
O, siyasi portretlərdən tutmuş, dövlət müstəqilliyi ideallarına, Azərbaycan xalqının başına gətirilmiş soyqırım həqiqətlərinə, müasirlərimizin həyatına, təbiət mənzərələrinə qədər demək olar ki, xalqımız və ölkəmiz üçün əhəmiyyətli olan əsas mövzularda fırçasını böyük uğurla sınaqdan çıxarmışdır.
Mövzusundan asılı olmayaraq Hüseynqulu Əliyevin bütün rəsmlərində, hətta portretlərində də müəyyən kompozisiya vardır. Bütün hallarda o, insanı və təbiəti mühitinin səciyyəvi detalları və dinamikası ilə birlikdə təsvir edir.
Xalq rəssamının mahir fırçası ilə yaratdığı “Ümummilli lider” portretində görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini dünyada tanıtmaq uğrunda apardığı mübarizə istedadla seçilmiş detallarla ifadə olunmuşdur.
Başı üzərində dalğalanan dövlət bayrağımızın və addımlamaqda olan yer kürəsinin təsviri ümummilli liderin mübariz ruhunu və dünya şöhrətini çox dolğun şəkildə mənalandırır. “Akademik Zərifə xanım Əliyevanın portreti” adlı rəsm əsərində alim-ana təbəssümü ilə interyerdə yer almış tər çiçəklər bir-birini tamamlayır.
Cəlil Məmmədquluzadənin portretini Nəriman Nərimanovla birlikdə təqdim etmək şəxsiyyəti zəmanəsi və tarixi simaları ilə əlaqədə təsvir etmək baxımından mükəmməl alınmışdır.
Xalq rəssamının Azərbaycan romantizminin banisi Hüseyn Cavidə həsr etdiyi rəsm əsərini “Hüseyn Cavidin kompozisiyalı obrazı” adlandırması onun özünün də portret rəsmlərinin kompozisiya zəminində yaratdığının fərqində olduğunu göstərir.
Fikrimizcə, müxtəlif janrlarda çəkilmiş rəsm əsərlərində kompozisiya yaratmaq istiqaməti Hüseynqulu Əliyev sənətinin fərdi özünəməxsusluğunun səciyyəvi xüsusiyyətlərindən biridir.
Xalq rəssamı Hüseynqulu Əliyevin mənzərə janrında çəkdiyi rəsm əsərləri də özünəməxsus rəng çalarlarına və kompozisiya elementlərinə görə təsviri sənətin fərqli səhifələri təəssüratı yaradır. Peyzaj rəsmlərində müşahidə olunan əlavə bir cəhətdə rəssamın realist təsvirlərində romantika elementlərinin olmasıdır.
Yağlı boya ilə çəkilmiş “Naxçıvanda bahar” rəsmində təbiət gözəlliklərinin fonda təsvir edilmiş qürurlu dağların timsalında canlandırılması, hətta yaşıl çəmənlikdə sanki yel qanadlı ağ atların diqqət mərkəzinə çəkilməsi cizgilərdəki reallıqlara romantik görkəm verir.
Natürmort silsiləsi Hüseynqulu Əliyevin peyzaj rəsmlərinin üzvi tərkib hissəsidir. Natürmort rəsmlərindəki təsvirlər sanki onun çəkdiyi mənzərələrdən seçilib ayrılmış və bir qədər böyüdülmüş tablolardır. Bundan başqa, Hüseynqulu Əliyev natürmort əsərlərində də kompozisiyaya meylli sənətkar missiyasını həyata keçirir.
“Dolça ilə natürmort”, “Limonla güllər”, “Şərab ilə balıq”, “Alma ilə yasəmənlər”, “Meyvələrlə qızılgüllər”, “Küpə ilə natürmort”, “Xalça ilə natürmort” və nəhayət, “Venera ilə natürmort” rəsmlərinin adlarındakı “ilə” qoşması natürmortla kompozisiyanın digər tərəf müqabilini bir-biri ilə əlaqələndirən əlamətdir.
Fikrimcə, peyzaj janrında çəkilmiş “Torpaq və adamlar” tablosu xalq rəssamı Hüseynqulu Əliyev sənətinin rənglərini və mahiyyətini tam şəkildə ifadə edən ümumiləşdirilmiş rəsm əsəridir. Hüseynqulu Əliyevin yaradıcılığı başdan-başa doğma torpağın adamlarına və gözəlliklərinə həsr olunmuşdur.
O, Azərbaycan torpağını, yaşayıb-yaratdığı Naxçıvan diyarının gözəlliklərini ilhamla və istedadla rəsm etmişdir. Rəsm əsərlərində ifadə edilən qürurlu, ilhamlı adamlardan biri də Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyevin özüdür.”
Hüseynqulu Əliyev 1988-ci ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı işləyir. Hazırda Naxçıvan Dövlət Universitetində kafedra müdiridir. Hüseynqulu Əliyev "Koroğlu" və "Bəhruz Kəngərli" heykəllərini (Naxçıvan şəhəri), "Ana abidəsi"ni (Şəhidlər Xiyabanı), Şəhidlər abidəsini (Vənənd və Nehrəm kəndləri) hazırlayıb.
Rəngkarlıq, qrafika, karikatura janrlarında əsərləri var. C.Məmmədquluzadənin portreti, "C.Məmmədquluzadə və H.Cavid", "C.Məmmədquluzadə oğlu Midhətlə", "C.Məmmədquluzadənin oğlu Ənvərin ailə üzvlərinin portreti", "Qurbanəli bəy" hekayəsi mövzusunda barelyef, "Saqqallı uşaq", "Konsulun arvadı" əsərlərinə illüstrasiyalar və sair əsərləri yaradıb.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün "Ölülər" tamaşasının geyim eskizlərini çəkib. Teatr dekorasiyası sənəti sahəsində də fəaliyyət göstərib. 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2000-2011-ci illərdə Naxçıvan Rəssamlar Birliyinin sədri olub.
1988-ci ildə "Naxçıvan SSR əməkdar incəsənət xadimi", 9 oktyabr 1999-cu ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb.
Kitablar
- Təsviri sənət nəzəriyyəsi(dərs vəsaiti - həmmüəllif Ləman Məmmədova)
- Heykəltəraşlıq və rəssamlıqda insan gözəlliyinin təcəssümü (monoqrafiya - həmmüəllif Ləman Məmmədova)
- İncəsənət tarixi fənninin tədrisi prosesində tələbələrin müstəqil işlərinin təşkili məsələləri (dərs vəsaiti - həmmüəllif Ləman Məmmədova)
“Ədəbiyyat və incəsənət”
(03.02.2026)


