İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu tutqun qış mənzərəsini seyr etdikcə, birdən gözlərini sevindirmək istəyirsən və al-əlvan, isti rənglərin cövlan etdiyi rəsm əsərlərə baxıb ruhunu sevindirirsən. Həqiqətən də incəsənət, ədəbiyyat böyük qüvvədir.
Görkəmli mənzərə ustası, Xalq rəssamı Kamil Xanlarov 9 mart 1915-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931–1935-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb.
O zaman İkinci dünya müharibəsinin başlanması rəssamın ali təhsil almaq imkanlarını məhdudlaşdırıb. Lakin buna baxmayaraq, rəssam gərgin müşahidələri və fəal yaradıcılıq axtarışları ilə özünün yaradıcılıq qabiliyyətini və rəssamlıq məharətini artıra bilib. 1939-cu ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilib.
Azərbaycan rəssamlıq məktəbinin formalaşması və inkişafı, eləcə də Azərbaycanda peşəkar rəssam kadrların yetişdirilməsi istiqamətində onun əvəzsiz xidmətləri olub. Dəfələrlə Bakı şəhərində rəssamın əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub (1961, 1966, 1985, 1995, 2010).
Kamil Xanlarov həmçinin uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda 1938–1985-ci illərdə pedaqoji fəaliyyət göstərib. Kamil Xanlarov dəzgah rəngkarlığının müxtəlif janrlarında və eləcə də teatr dekorasiya rəssamlığı sahəsində yaradıcılıq fəaliyyəti göstərib.
Kamil Xanlarov yaradıcılığında mənzərə janrına üstünlük verib. Lirik emosionallıq, kolorit ustalığı rəssamın əsərlərində mühüm yer tutub. Rəssam Azərbaycanın bir çox bölgələrində; Naxçıvan, Ordubad, Culfa, Şərur, Qarabağ, Şuşa, Zaqatala, Astarada yaradıcılıq ezamiyyətlərində olmuş və fünsunkar təbiət lövhələri yaradıb.
Rəssamın bu cür əsərlərinə misal olaraq Zaqatala dağları (1946), Astara (1955), Talış dağları (1956), Şuşanın ətrafı (1957), Şuşa (1964), Bilgəh axşam (1964), Araz sahilində (1965), Noraşen vadisi (1968), Cənub sərhədində (1972), Murovdağın görünüşü (1972), Culfa Araz sahilində (1973), Mənzərə Şuşa (1983), Ceyranbatan gölü (1987) əsərlərini göstərmək olar.
Ordubadda qış əsəri rəssamın yaradıcılığında yeganə qış mənzərəsi təsvir edilmiş tablosudur. Dağlar fonunda Ordubad evlərinin qarşısında dolanbac qarlı yolda milli geyimli iki qadın təsviri romantik qış mənzərəsinin füsunkarlığını artıran cəhətlərdəndir. Rəssamın süjetli tablolarında da lirik duyğular oyadan təbiət lövhələlərinə rast gələ bilərik.
Əsasən səadəti, əmək romantikasını əks edən bu cür tabloların mayasını ülvi, humanist duyğular təşkil edir. Belə tablolara nümunə kimi, Sahədə (1963), Ailə (1965), Azərbaycan tarlalarında (1967), Bulaq başında (1956) və başqalarını qeyd etmək olar. Şərq natürmortu əsərinin rəssamın yaradıcılığında xüsusi bir çəkiyə malikdir. Natürmort həm bədii və həm də texniki işlənilmə baxımından çox ustalıqla yaradılıb.
Əsərdə milli parça fonunda Azərbaycan xalqının milli məişət əşyaları təsvir olunub. Əsərin kompozisiyası uğurla tapılıb və kolorit həlli mükəmməl işlənilib. Sarı, qırmızı, firuzəyi və göy rəng keçidləri əsərin baxımlılığını artırır. 1961-ci ildə Çexoslovakiyada yaradıcılıq ezamiyyətində olmuş və orada yaradıcılıq imkanlarını genişləndirərək, ölkəsinə məna və məzmun dolğunluğu ilə seçilən maraqlı əsərlərlə qayıdıb.
Bu səfər rəssamın yaradıcılığında yeni bir uğurlu yaradıcılıq istiqamətinin açılması ilə nəticələnib. Çexoslovakiyaya həsr edilən tablolarına Praqada küçə, Karlovı Varıda meydan, Qızıl küçə, Praqada qüllə, Yan Qusun abidəsi əsərlərini qeyd etmək olar. Bu əsərlər həm mövzunun şərhi, kolorit həlli və həm də peşəkar texniki işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edib.
Kamil Xanlarovun əsərləri Avstriya, Macarıstan, Rumıniya, Almaniya, Misir, İraq, Kanada, Suriya, Norveç, Fransa, Finlandiya, Yaponiya, İran, Əfqanıstan, Türkiyə və Polşada açılan sərgilərimizdə nümayiş etdirilib. Rəssam həmçinin Kəndlilər filmində kişi geyimlərinin eskizlərini verib, Fətəli xan filminin geyim üzrə rəssamı olub və Abdulla Şaiqin Nüşabə (1947) pyesinin bədii tərtibatını hazırlayıb.
Xanlarov həmçinin portret janrında bir çox tablolar yaradıb. Belə əsərlərdən “Balaca Dilarə” (1951), “Dilarə” (1953), “Qoca” (1954), “Şəkili xalq sənətkarı Məmmədəli”, “Rövşanənin portreti”, “Ənvər Paşanın portreti” və s. adlarını çəkmək olar. Rəssamın portretləri içərisində daha çox diqqətimizi cəlb edən əsər “Ənvər Paşanın portreti”dir. Rəssamın bu tarixi şəxsiyyətin portretini yaratmaq təşəbbüsü təqdirəlayiqdir.
XX əsrin əvvəllərində erməni daşnaklarının və çar Rusiyasının işğalçılarından qorunmaq üçün Azərbaycan xalqının imdadına gəlmiş və özünün fədakar əməyi ilə xalqımızın yaddaşında əbədi qalacaq Ənvər Paşanın portret cizgilərini boyalarla əbədiləşdirmiş rəssam sonda maraqlı əsərin yaradılmasına nail olub.
Təltif və mükafatları
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 4 mart 1992
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri aadı — 29 iyun 1964
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
Kamil Xanlarov, 1996-cı il ilin 15 yanvarında Bakı şəhərində vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.01.2026)


