Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
A. Serov deyirdi ki, həqiqi sənət əsəri qarşısında zaman acizdir.
Bu gün SSRİ Xalq rəssamı fəxri adına layiq görülmüş ilk Azərbaycanlı rəssam, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, xalq rəssamı, professor Mikayıl Abdullayevin doğum günüdür.
Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci il dekabrın 19-da Bakıda anadan olub. 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1949-cu ildə isə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib.
Moskvada təhsil aldığı dövrdə o, burada dünya şöhrətli rəssamlardan - İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov və başqa görkəmli fırça ustalarından dərs alıb.
1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgisində “Axşam” əsəri ilə iştirak edib və bu əsər ona böyük uğur və tamaşaçı marağı gətirib.
Rəssamın ilk fərdi sərgisi də Moskvada keçirilib.
O, Bakıya qayıdanda artıq tanınan və sevilən məşhur bir rəssam olub.
Mikayıl Abdullayev demək olar ki, təsviri sənətin bütün sahələrində dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s çalışıb.
Rəssamın əsərləri dünyanın bir çox şəhərlərində təşkil olunan beynəlxalq sərgilərdə və festivallarda nümayiş olunub, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə Berlin və Leypsiqdə, eləcə də sonrakı illərdə başqa şəhərlərdə fərdi sərgiləri keçirilib. Onun əsərləri dünyanın müxtəlif muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəsmləri ilə yanaşı özünəməxsus yazı üslubu olan sənət ustasının öz yaradıcılığı və dünya sənətkarlığı barədə məqalələri müxtəlif qəzet və jurnallarda dərc edilib.
Rəssamın şöhrətinə yeni çalarlar gətirən “Mingəçevir işıqları” əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənib.
O, müxtəlif illərdə bir çox xarici ölkələrdə - Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub vətəəssüratlarını əsərlərində ilə ifadə edib.
Əsasən tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər də yaradıb, bir sıra kitablara illüstrasiyalar da çəkib.
Onun portretləri arasında Üzeyir Hacıbəyovun portreti xüsusi diqqət çəkir.
Vətəni qarış-qarış gəzməyi çox sevən rəssamın cənub bölgəsinə olan səfərindən yadigar qalan əsərləri o qədər maraqlı və baxımlı olub ki, onlardan biri - “Sevinc” lövhəsi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya sərgisində gümüş medala layiq görülüb.
Rəssam elə 1974-cü ildə layiq görüldüyü Azərbaycan Dövlət mükafatı laureatı adını da məhz bu tablolarına görə alıb.
Mikayıl Abdullayev Azərbaycan təsviri sənətin inkişafında göstərdiyi xidmətlərə görə 1955-ci ildə Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adı alıb. 1958-ci ildəSSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. 1963-cü ildə SSRİ Xalq rəssamı fəxri adına, 1969-cu ildə beynəlxalq C.Nehru mükafatına, 1974-cü ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. Xüsusi ilə qeyd etmək lazımdır ki, o, SSRİ Xalq rəssamı fəxri adına layiq görülmüş ilk Azərbaycan rəssamı olub.
O, həmçinin bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Ona rənglərin poeziyasını yaradan rəssam deyirlər.
Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də ömrünün 81-ci ilində vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.12.2025)


