İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan rəssamlıq sənətinə iki rəssam qardaş – Nərimanbəyovların verdikləri töhfələr böyükdür. Bu gün onlardan birinin – böyüyü Vidadinin anadan olmasının 99-cu ildönümüdür.
Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açıb. İlk addımlarını da qürbət ölkədə atıb. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıdıblar. İkinci Dünya müharibəsi bu ailənin də həyatına təsir edib. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını alıb. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir edib.
İllər ötüb keçib. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşünüb, axtarışlar aparıb, eskizlər edib. Ə. Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib V. Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb.
Tələbə ikən "Düşmənin sevinci…" tablosu ilə şöhrət qazanıb. Gənc rəssam həmin əsərdə qəribə mənzərə təsvir edib. Açıq səmanın, Günəşin fonunda qara bulud layları təsvir olunub. Tablonun önündə iki insan obrazı görünür. Onlardan biri yağış, digəri quraqlıq arzulayır. Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam, ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətinin rəmzi tək baxıb, müəllifin fikrini asanlıqla dərk ediblər.
Vidadi Nərimanbəyov 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu ilə şöhrət qazanıb. Görkəmli təsviri sənət ustası fəal çalışıb, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradıb. 20 Yanvara həsr etdiyi "Qatillər" tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilib, qəddar sovet rejiminə qarşı nifrət oyadıb. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaradıb.
Mükafatları
- Azərbaycan SSR əməkdar rəssamı
- Azərbaycan SSR xalq rəssamı
- "Şöhrət" ordeni
Vidadi bəy 13 dekabr 2001-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.12.2025)


