Xalçalara gözəllik verən şəxs Featured

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

8 sentyabr tarixi Azərbaycan mədəniyyətinin iki görkəmli simasının dünyadan köçdüyü gündür. Bunlardan biri Xalq artisti, dahi kamança ustası Havil Əliyev, digəri Xalq rəssamı, xalça sənətinin mahir ustadı Lətif Kərimovdur.

 

Azərbaycan SSR xalq rəssamı Lətif Kərimov 17 noyabr 1906-cı ildə Şuşa şəhərində anadan olub. Onların nəsli – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olub. 1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçüb. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarıb.

Sonradan yenidən Şuşaya qayıdıblar.

Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənib.  O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərib.

İlk dəfə olaraq Bakıda və Qubada xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olub. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib.

1930–1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham alan ustad əlinin izlərini görürük.

1937–1939-cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat, binanın Milli memarlıq forması ilə möhkəm vəhdət təşkil edib. Tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940–1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilən beş xalça hazırlayıb. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilib.

 

Keçən əsrin 40-cı illərində Lətif Kərimov Azərbaycan Radiosunda fars diktoru vəzifəsində çalışıb. 1946-cı ildə Aydın Qaradağlının səsini bəyənib radionun sədri Şəmsəddin Abbasova təqdim edərək görkəmli sənətkarın yaradıcılıq yoluna yaşıl işıq yandırıb. Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan SSRİ EA-nın Memarlıq və İncəsənət institutunda başlayan Lətif Kərimov 1945-ci ildə ayrıca xalça şöbəsinin açılmasına nail olub.

Onun "Azərbaycan xalçalarında ornament" kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədi-alimlik dərəcəsi verilib. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır. Birinci cildi 1961-ci ildə dərc edilən monoqrafiya qırx ilə yaxın aparılan elmi işlərin bəhrəsidir. Lətif Kərimovun təşəbbüsü ilə 1967-ci ildə Bakıda xalça muzeyi təşkil olunub.

 

Filmoqrafiya

1. Hədiyyə xalçası

2. Habil Kaman

3. İşıqlı ilmələr. Lətif Kərimov

4. Onlar belə sevirdilər

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

2. "Stalin" mükafatı (1-ci dərəcə)

3. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni

4. "Xalqlar Dostluğu" ordeni

5. "Şərəf nişanı" ordeni

6. "Qafqazın müdafiəsinə görə" medalı

7. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

8.Azərbaycanın Xalq Rəssamı fəxri adı.

 

Görkəmli rəssam 8 sentyabr 1991-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.