Naxçıvanı fırçası ilə vəsf etmiş rəssam Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Doğum günləri 2 sentyabra təsadüf edənlərdən danışırıq, içlərində əlbəttə ki, rəssamlar da vardır. Azərbaycan SSR əməkdar incəsənət xadimi Əyyub Hüseynovdan danışacam.

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü Əyyub Hüseynov 2 sentyabr 1916-cı ildə Xok kəndində anadan olub. İlk ixtisas təhsilini 1930–1935-ci illərdə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda alıb. 1935–1941-ci illərdə Tiflis Rəssamlıq Akademiyasında təhsil alıb. Ali təhsilini bitirdikdən sonra o, Naxçıvana qayıdaraq bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib.

1948-ci ildə Naxçıvandan Bakıya köçüb. Burada bir vaxtlar təhsil aldığı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla məşğul olub. Belə ki, 1948-ci ildən ömrünün sonunadək burada dərs deyən Əyyub Hüseynov 1956–1965-ci illərdə məktəbin direktoru vəzifəsində çalışıb.

1949-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, uzun müddət ittifaqın partiya komitəsinin sədri seçilib. Üç çağırışda rayon deputatı olub. Uzun illər Azərbaycan Rəssamlıq Fondunun nəzdində bədii şuranın üzvü və sədri də olub.

Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının fondunda, şəxsi kolleksiyalar və özünün emalatxanasında saxlanılır.

Əyyub Hüseynovun yaradıcılığı əsasən üç dövrə bölünür. Birinci dövr 1930–1950-ci illəri əhatə edir. Bu dövr onun sənət fəaliyyətinə başladığı erkən dövr kimi qiymətləndirilir. İkinci dövr yaradıcılığının məhsuldar dövrü olan 1960–1980-ci illərdir. 1980–1990-ci illər isə üçüncü dövrdür ki, artıq bu dövr yaradıcılığının yetkin dövrü kimi qiymətləndirilir.

Naxçıvan Dövlət Dram Teatrında çalışdığı dövrdə o, tanınan rəssam Şamil Qazıyevlə bir çox tamaşaların bədii tərtibatını və geyim eskizlərini hazırlayıb. Bu dövrdə rəssam Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu", Səməd Vurğunun "Fərhad və Şirin", Osman Sarıvəllinin "Babək", Abdulla Şaiqin "Vətən", Nağı Nağıyevin "Polad", Əbülfəz Abbasquliyevin "Günəş doğur" və s. pyeslərə bədii tərtibat verib və geyim eskizləri çəkib.

"Əməkdə fərqlənməyə görə" medalına layiq görülüb.

Əyyub Hüseynov 17 aprel 1998-ci ildə Bakı şəhərində vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006 və 2016-cı illərdə rəssamın 90 və 100 illik yubileylərinə həsr olunan sərgilər təşkil olunub. 2018-ci ildə Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Əyyub Hüseynovun həyat və yaradıcılığına həsr olunan "Avtoportret" sənədli filminin təqdimatı keçirilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.