İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Quzeyli güneyli vətənizin bir parçası olan Ərdəbildən zaman-zaman çox tanınmış mədəniyyət xadimləri çıxıblar. Onlardan biri də bir neçə sahədə uğurlu olan heykəltaraş, rəssam və musiqiçi Vədud Müəzzindir.
Vədud Müəzzin 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olub. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanıb. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib. Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb.
1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilib. ABŞ-ın Los-Anceles şəhərində, Tehranda, Dubayda, Bakıda, Təbrizdə, Ərdəbildə fərdi sərgiləri keçirilib. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb. Həmin albomlardan özəl rəssamlıq məktəblərində geniş istifadə edilir.
Heykəltəraşlığa olan həvəsinə görə Bakıya gəlib, 10 ay burda qalıb, müxtəlif heykəltaraşlarla görüşüb. Xüsusən də heykəltaraş Azad Əsgərovdan sənətin sirlərini öyrənib. Bundan sonra Ərdəbilə qayıdaraq, orada böyük bir emalatxana götürüb işləməyə başlayıb. Ölkənin bir sıra dövlət muzeyləri üçün dini, tarixi və ədəbi şəxsiyyətlərin heykəllərini düzəldib. Düzəltdiyi heykəllər Ərdəbildə, Təbrizdə, Tehranda və başqa şəhərlərdə qoyulub.
Məşhur müzəzzinlər nəslindən olduğuna görə həm də gözəl səsə malikdir. 14 il İranda fars muğamlarını öyrənib. Sonradan Bakıda Ağaxan Abdullayevlə tanış olaraq ondan Azərbaycan muğamlarını öyrənib. Habil Əliyev ilk dəfə İrana gələndə onun İran musiqiçiləri üçün ayrıca konserti keçirilib. İlk dəfə onda “Rast” muğamını başdan-ayağa oxuyaraq muğam oxumağa başlayır. Dostları ilə birgə “Səhənd” ansamblı yaradaraq, Azərbaycan musiqilərindən ibarət konsertlər veriblər.
10 il həmin ansamblda çıxış edib. Daha sonra 5 il müddətində Ərdəbil və Tehranda tələbələrə Azərbaycan muğamlarını öyrədib. 2002-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konserti olub. Son illər Aşıq Çingiz Mehdipurun yaratdığı Dalğa qrupu ilə birgə çıxışlar edir.
2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür
Rəsm əsərləri
- Köhnə Bakı
- Meyvə bazarı
- Ərdəbil bazarı
- Ənzəli bazarı
- Balıqçılar
- Bağ küçəsi
- O olmasın, bu olsun
- Xocalı
- Xalxal dərəsi
- Natürmort
“Ədəbiyyat və incəsənət”
(11.08.2025)