İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xalq sənətkarlarımızı – fəxri ad daşıyan ünlülərimizi tanıyaq!
Azərbaycan SSR xalq rəssamı Asəf Cəfərovun adını çəkmək istəyirəm. Çünki bu gün onun doğum günüdür.
Asəf Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini alıb, B.İ. Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirib. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilib. "Bilərzik seçimi" həmin dövrün seçilən işlərindəndir.
Asəf Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaradıb. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edib. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaradıb. Buna misal olaraq "Tarlada", "Dəniz kənarında", "Görüş", "Mənim Azərbaycanım", "Musiqiçilər" və başqalarını qeyd etmək olar.
O, həm də bir çox portretlərin muəllifidir. Buna misal olaraq onun "Ə.Vahid", "V.Mustafazadə", "S.Bəhlulzadə", "Arif Məlikov", "Cəfər Cabbarlı", "Vəcihə Səmədova", "Rəşid Behbudov" və s. portretlərini göstərmək olar. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra maraqlı əsərlər yaradıb."Bakıda qar", "Qaş-Qaş", "Xəzər dənizi" adlı mənzərələri fırça ustasının belə əsərlərindəndi. O, həmçinin Abşeron mənzərələri silsiləsi üzərində işləyib: "Abşeron", "Daş hasarlar", "Maştağa kəndi", "Abşeronun qızıl qumları", "Bakıda qış", "İsti gün", "Qış", "Əncir kolu", "Bahar", " Axşam motivi" və s. A.Cəfərov tarixi janra da müraciət edib. Bu sıradan "Nəsimi azad düşüncəlilərin məclisində", "Oyanış" əsərlərinin adını qeyd etmək olar.
Asəf Cəfərov yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) yeni ruhlu tablolar yaradıb. Rəssam bir çox beynəlxalq sərgilərin iştirakçısı olub, Avstriyada "Dünya Təsviri Sənət Sərgisi"-də "Qran Pri" mükafatını qazanıb.
Rəssam Asəf Cəfərov 3 aprel 2000-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.07.2025)