İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
(Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin tək və yeganə nümayəndəsi olmuş Laləzar xanım Əsədovanın həyat yoluna bir baxış)
İncəsənətin növlərindən biri də rəssamlıqdır. Rəssamlıq insanları, əşyaları, təbiəti və ya hər hansı bir ideyanı təsvir etmək üçün rəngli materiallardan istifadə etməklə vizual təsvirlər yaratmaq sənətidir. Rəssamlıq təsvir sənəti və bir növ yaradıcılıq qabiliyyətidir. Lakin bununla yanaşı rəssamlıq sahəsində olan insanın daxili hissləri və duyğu aləmi də zəngin olmalı, bir çoxlarının görə bilmədiyini görməsi, hiss edə bilmədiklərini isə hiss edə bilməsi zəruridir.
İndiyədək bu sahədə bir sıra insanlar böyük uğurlar qazanmış və zirvələrə ucalaraq həm bacarıqlı şagirdlər yetirmiş, həm də qiymətli rəsm əsərləri yaratmışlar.
Cəlilabad rayonunda digər sahələrlə yanaşı incəsənət sahəsi də inkişaf etmiş və müəyyən uğurlara imza atılmışdır. Lakin rayonda bu kimi sahələrin nümayəndələri əsasən bəylərdən ibarət olmuşdur ki, bu da adətən əyalət və bölgələrdə hakim olan xüsusi qayda-qanunlar və adət-ənənələrdən irəli gələn bir məsələdir. Sovetlər dönəmində Cəlilabad kimi bir məkanda xanımların ədəbiyyat və incəsənət sahələrində irəli çıxıb uğur qazanması nadir hallarda baş verirdi. Hətta, üzləşdiyi sıxıntı və təzyiqlərə görə bir çox yerli xanım şairlərimiz o zaman mətbuata çıxa bilmədikləri üçün öz şeir nümunələrini ayrı-ayrı şəxslər və bəzən də digər kişi adları ilə çapa verirdilər...
Belə bir şəraitin hakim olduğu və mənim də doğulub boya-başa çatdığım rayonda o zamanlar hansısa bir xanımın rəssam olması qeyri-adi hadisə sayılırdı. Sovetlər dönəmində rayon üzrə bir neçə rəsm və rəsmxət müəlliməsi olsa da bütün Cəlilabadda təsviri incəsənət sahəsinin ilk və yeganə xanım rəssamı Laləzar xanım Əsədova idi. Müstəqillik illərindən etibarən bir neçə yeniyetmə və gənc xanım rəssamın yetişməsinə rəğmən Laləzar müəllimə bu sahənin ilk siması olaraq tarixə düşmüşdür.
Əlbəttə, heç şübhəsiz onun həmin dövrdə bir gənc xanım olaraq bu sahədə önə çıxıb uğur qazanması öz şəxsi bacarığı və əməyindən əlavə, həm də mərhum valideyni, xüsusilə də atası mərhum Xanış müəllimin həyata ziyalı baxışı və azad düşüncəsindən irəli gəlirdi.
Gəlin onun geniş həyat bioqrafiyası ilə daha yaxından tanış olaq.
QISA BİOQRAFİK TƏQDİMAT:
Əsədova Laləzar Xanış qızı: 1968-ci ilin mart ayının 12-də Cəlilabad şəhərində bir sadə, təmiz və zəhmətkeş ailədə dünyaya göz açıb. Atası mərhum Usta Xanış ilk əvvəllər Cəlilabad səhər 2 saylı orta məktəbdə əmək müəllimi olaraq çalışsa da sonralar dülgərlik sənəti ilə məşğul olmuş və öz doğru-dürüstlüyü və halalçılığı ilə rayonda tanınaraq hörmətə layiq görülmüşdür.
Laləzar xanım 1975-ci ildə Cəlilabad şəhər 2 saylı orta məktəbə getmiş, 1985-ci ildə isə məktəbi uğurla bitirərək orta təhsil haqqında Attestatını almışdır.
Yeniyetmə yaşları və orta məktəb illərindən etibarən təsviri sənətin rəssamlıq sahəsinə böyük maraq göstərmiş, portret və daha çox mənzərə rəsmləri çəkmişdir. Bu ixtisas üzrə xüsusi bir məktəb oxumasa da o vaxtlar Cəlilabad Musiqi Məktəbində rəsm müəllimi işləyən Musa Əmiraslanov və rəsm sahəsində peşəkar olan Əhliman müəllimdən rəssamlıq sənətinin incəliklərini mənimsəmişdir. Beləliklə də orta məktəbi bitirdikdən sonra rayonun tanınmış ziyalısı və incəsənət nümayəndələrindən sayılan, Cəlilabad Pioner və Məktəblilər Evinin direktoru mərhum Malik Şahbazovun dəvəti ilə burada yenicə təsis edilmiş "Təsviri incəsənət" dərnəyinin rəssamlıq üzrə baş müəlliməsi təyin edilmiş, həmin ildən etibarən 1990-cı ilə qədər rəsm müəlliməsi kimi çalışmışdır.
Təsviri sənət sahəsində uğurları və xidmətlərinə görə dəfələrlə rayon rəhbərliyi və çalışdığı məktəb tərəfindən diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
Barəsində yerli və respublika üzrə çap olunan bir sıra mətbu orqanlarda bir çox məqalə və təqdimat yazıları dərc edilmiş, əl işləri və şagirdlərinin təqdimatı verilmiş, həmçinin, rayonun istedadlı və bacarıqlı rəssam xanımı olduğu və öz sevimli sənətini xüsusi şövqlə yeniyetmə və gənc rəssamlara öyrətdiyi barədə məlumatlar verilmişdir.
Doğma yurdumuzun bu dəyərli xanım rəssamı 1989-cu ildə ailə öz xalası oğlu Əfqan bəylə ailə həyatı qurmuş, bundan sonra 1 il müddətində əvvəlki iş yerində müəllimə işləsə də sonra ailə vəziyyətinə görə işdən ayrılmış və evdar xanım olmuşdur. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, Laləzar müəllimənin Ulduz və Ayparə adlı 2 qız övladı, həmçinin, Nazlı, Həzrət və Nur adlı 3 nəvəsi var.
Laləzar xanım doğma elimizin dəyərli və inanclı xanımlarından biri olaraq II Qarabağ Savaşından sonra bu günə kimi rayonumuzun şəhid və qazi ailələrinə tez-tez baş çəkir, şəhid və qazi analarının yanında olaraq onlara maddi və mənəvi dəstək olur.
LALƏZAR XANIM BARƏDƏ ÜRƏK SÖZLƏRİM...
Bəzi şagirdləri onu Cəlilabad rayonu üzrə təsviri incəsənət sahəsinin kraliçası adlandırırdılar. Əslində isə o, bu titula layiq olan dəyərli və ləyaqətli bir xanım rəssam idi. Çünki bu sahədə onunla rəqabət apara biləcək kimsə yox idi.
Laləzar müəllimə təsvir sənəti və yaradıcılıq qabiliyyətinə yiyələnən halda, həm də güclü daxili hisslərə və zəngin duyğu aləminə malik idi. O, gənc bir xanım olaraq bütün bu dəyərləri və bacarıqları ilə yanaşı bir çoxlarının görə bilmədiyini görür, bir çoxlarının hiss edə bilmədiklərini hiss edirdi. Bunu onu yaxından tanıyanlar, həmçinin əl işləri ilə yaxından tanış olanlar yaxşı bilirlər.
Laləzar xanım öz şagirdlərinə təkcə rəssamlıq sənətini öyrətmir, bununla yanaşı onlara sanki bir əziz və qayğıkeş ana kimi yanaşırdı. Bunu hal-hazırda ondan rəssamlıq dərsi almış bütün şaigirdləri təsdiq edə bilərlər. Ümumi olaraq rəssamlıq sahəsində peşəkarlıq və bacarıqla yanaşı, diqqət, qayğıkeşlik, nəcabət, ismət və insani dəyərlər həmişə onun əsas xüsusiyyətləri sayılmışdır.
Laləzar müəllimə Cəlilabad Pioner və Məktəblilər Evində rəsm müəlliməsi işlədiyi 5 il ərzində bu sahədə çoxsaylı şagird yetişdirmiş, onlara rəssamlıq bacarığı və sirlərini öyrətmişdir. Özünün söylədiyinə görə, bütün şagirdləri arasında ən sevimli və istedadlı şagirdi bəndəniz - İlqar İsmayılzadə olmuşdur. O, söhbətlərinin birində bununla bağlı belə deyir:
"Mən şagirdlərimin hamısını sevsəm də onların arasında ən dəyərlisi İlqar idi. İlqar hər zaman əziz, gülərüz, dəyərli və mehriban, həmçinin, həyatsevər, qayğıkeş və məsuliyyətli şagirdim olub. Onun həmişə məsum baxışları var idi. Yeniyetmə olmasına baxmayaraq çox mərhəmətli və xeyirxah idi. Mən həmişə onun üzündə təbəssüm görür və heç vaxt onun üzünü sərt halda müşahidə etmədim. Səsi də həmişə sevincli idi. O, ilk əvvəldən qeyri-adi idi. Mənim və gözlərimin həmişə axtardığı İlqar olub. Hər bir müəllimin bir əziz şagirdi olduğu kimi İlqar da mənim əziz şagirdim olmuşdur. Onu hər zaman əziz balam, gözəl oğlum bilmişəm..."
Əslində, mənim gülərüz, mehriban, mərhəmətli, həyatsevər, qayğıkeş və xeyirxah olmamın əsas səbəblərindən biri elə Laləzar müəllimənin özü və malik olduğu dəyərləri idi. Çünki mən bütün bunları onun gözəl və sirli varlığında, əziz ana kimi mərhəmətli davranışı, mədəni və mehriban danışığında görür və gördüklərimi də mənimsəyərək ona qaytarmağa çalışırdım.
Bu gün artıq 35 il müddətində təsviri iincəsənət sahəsindən uzaqlaşmasına baxmayaraq, Laləzar xanım hələ də ara-sıra əlinə fırça alaraq müxtəlif portret və gözəl mənzərə rəsmləri çəkməklə məşğuldur. Rəsm əsərləri çəkmək onun həyatının ən gözəl və ən mənalı anları, unudulmaz saatlarını təşkil edir.
Hal-hazırda 57 yaşlı evdar xanım, əziz ana və sevimli nənə olsa da gənc yaşlarında olduğu kimi gənc və təravətli varlığı, diqqəti, iti və mənalı baxışları və bacarıqlı incə əlləri ilə təsviri incəsənətlə məşğul olur və bir-birindən gözəl əsərlər yaradır. Yeniyetmə yaşlarımdan bu günə kimi Laləzar müəlliməyə baxıb düşündükdə, onun bütün varlığı, xüsusiyyətləri və bacarığı ilə sanki ilk əzəldən incəsənət sahəsi üçün yaradılmış dəyərli bir xanım olduğunu təsbit və təsdiq etmişəm.
Son zamanlar Laləzar müəllimə barədə "Həməşəra" mətbu orqanında təqdimat yazıları yayımlanmış, "Yurd" ədəbi-bədii, elmi-publisistik jurnalının 2025-ci il, № 03, 51-54-cü səhifələrində isə "Təsviri incəsənət kraliçası" adlı qələmə aldığım hekayə dərc edilmişdir.
Doğma elimizin təsviri incəsənət sahəsinin kraliçası, həm də mənə rəssamlıq sənətini öyrətmiş əziz və dəyərli Laləzar müəlliməyə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və rəssamlıq sahəsində yeni-yeni uğurlar arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)