İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Eyni zamanda mədəniyyətin bir neçə sahəsində uğurla təmsil olunmaq, elə bilirsiniz asandır?
Azərbaycanın bərpaçı-heykəltəraşı, dramaturqu Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev və Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub. İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub...
Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub.
1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini — şeirlərini, poemalarını rus dilinə çevirib. Anası dünyasını dəyişəndən sonra qərara gəlib ki, onun yolunu davam etdirsin. İlk dram əsəri "Ailədə məhkəmə" komediyası olub. Əsər Lənkəran Dövlət Dram Teatrında Baba Rzayevin quruluşunda səhnəyə qoyulub. Tamaşa uğurlu alınıb. Bir il sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Mərahim Fərzəlibəyov Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada", ardınca "Məşuqələr" pyesini tamaşaya qoyub.
Hər iki əsər teatr aləmində böyük əks-səda yaradıb.
1992-ci ildə "Ah, qadınlar, qadınlar" komediyasını yazıb Həsənağa Turabova təqdim edib, Həsənağa Turabov tərəfindən bəyənilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Mərahim Fərzəlibəyov bu əsəri tamaşaya qoyub. Baş rolda görkəmli aktyor Səyavuş Aslan və tanınmış aktrisa Firəngiz Mütəllimova oynayırdılar. Tamaşa maraqla qarşılanıb. Bir ildən sonra "Qısqanc ürəklər" komediyası yenə də bu teatrda Mərahim Fərzəlibəyovun quruluşunda səhnələşdirilib. Bu tamaşa da yaxşı mənada böyük səs-küyə səbəb olub.
Pyesləri
1. Ailədə məhkəmə
2. Fədakarlıq
3. Sənsiz yaşaya bilmərəm
4. Məhəbbət əzabları
5. Amerikalı kürəkən (Ramiz Mirişli ilə birgə)
6. Qısqanc ürəklər (Ramiz Mirişli ilə birgə
7. Məhəbbət, şeytan və lambada
8. Məşuqələr
9. Ah, qadınlar, qadınlar
10. Üç dəniz əfsanəsi
Marat Haqverdiyev 27 may 2018-ci ildə "Azərbaycanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)