İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
Мişarçay yaşayış yeri Azərbaycan Respublikası ərazisində tanınmış arxeoloji abidələrdən biridir. Bu abidə əvvəllər Cəlilabad şəhərinin 1,5 km cənub-şərqdə, eyni adlı çayın (əslində isə Həməşəraçayın) sahilində yerləşsə də son zamanlar şəhərin genişlənməsi nəticəsində artıq Cəlilabad şəhərinin mərkəzində yer tutmuşdur.
Bu abidə Cəlilabad şəhərindən axan Mişarçayın sahili boyunca yerləşdiyinə görə ona "Mişarçay abidələri" adı verilmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, Muğanda Eneolit yaşayış məskənləri bilavasitə kiçik çayların (İncəçay, Mişarçay), qədimdə axar sulu dayaz dərələrin, bəzən də bulaqların kənarlarında cəmlənmişdir.
Bu qədim və möhtəşəm abidələr 1965-ci ildə arxeoloqlar mərhum professor İdeal Nərimanov (1927-2006) və Bakı Dövlət Universitetinin dosenti mərhum Fərman Mahmudov tərəfindən araşdırılmışdır. Həmin ərazidə aparılan arxeoloji qazıntı işləri nəticəsində buradan Eneolit və Erkən Tunc dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.
İndiyədək Mişarçay yaşayış yerindən metal, daş və sümük alətləri, keramika və saxsı məmulatları (müxtəlif küplər, qablar və müxtəlif məişət əşyaları) tapılmış və onlardan müəyyən bir qismi arxeoloqlar və tarixçi alimlər tərəfindən tədqiq edilmişdir. Ümumilikdə isə bu abidə yerindən tapılan maddi-mədəniyyət nümunələri hələ minillər öncə bu ərazilərdə metaləritmə, dərmiçilik və duluzçuluq sənətinin mövcudluğu və inkişaf etdiyini sübut edir...
Bu abidələr barədə hələ Sovetlər dönəmində tərtib edilərək işıq üzü görmüş 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası" (ASE) əsərində də müəyyən məlumatlar yer almışdır. Həmin məxəzdə oxuyuruq:
"Mişarçay abidələri - Azərbaycan SSR Cəlilabad şəhərinin cənubunda Mişarçayın sahilində Eneolit və erkən Tunc dövrlərinə (e.ə. 4-3-cü minilliklər) aid yaşayış məskənləri. 6 yaşayış yerindən (Mişarçay I-VI) ibarətdir. Mişarçay II, IV, VI Eneolitə (e.ə. 4-cü minillik) aiddir. Sahəsi 1 hektara yaxındır; mədəni təbəqənin qalınlığı 3 metrə çatır. Tərkibinə saman qatılaraq əllə hazırlanmış və səthi anqob çəkilmiş gil qablarla səciyyələnən bu abidələr Əliköməktəpəsi və Muğanın digər həmdövr abidələri ilə Zaqafqaziya Eneolitinin inkişaf etmiş variantını təşkil edir.
Çoxtəbəqəli Mişarçay I və III-də (sahəsi 2 hektara yaxın) yaşayış erkən Tunc dövründə (e.ə. 3-cü minillik) və orta əsrlərdə mövcud olmuşdur. Mişarçay I-in Kür-Araz mədəniyyətinə aid alt təbəqəsindən (qalınlığı 4,5 m; e.ə. 3-cü minilliyin I yarısı) kərpic divar hissəsi, ocaq qalığı, gildən sapand mərmiləri, qırmızı və qara rəngli zərif cilalı qulplu qablar, əkinçiliyə aid materiallar (yığma oraq dişləri, dən daşları, arpa qalığı və s.) aşkar olunmuşdur. Həmin təbəqədən tunc əşyalar da tapılmışdır. Mişarçay I-dən (e.ə. 3-2-ci minilliklər) əsasən, qara rəngli cilalı qablar aşkar edilmişdir. Keramikada Trialeti gil qabları ilə oxşar cəhətlər var..." ("Azərbaycan Sovet Ensiklopediyası", VII cild, səh: 13. "Azərbaycan Milli Elmlər Akademiyası", Bakı, 1982 və 1983).
Qeyd etmək lazımdır ki, bu ərazinin çoxtəbəqəli olduğunu dedikdə, Eneolit və erkən Tunc dövrləri, Orta əsrlər dövrü (eramızın III-XVIII əsrləri) və s. kimi ayrı-ayrı zamanlarda həmin ərazidə yaşamış və özündən izlər qoymuş svilizasiya və maddi-mədəniyyət nümunələrini özündə saxlamış dövlər nəzərdə tutulur.
Şübhəsiz, Mişarçay yaşayış yerindən tapılan metal tullantıları bu ərazidə Muğanın ən böyük şəhəri, həm də bir zamanlar onun mərkəzi və paytaxtı sayılan bir zonada (qədim Həməşərada) metal sənəti və istehsalının inkişaf etdiyini sübut edir. Bu, əslində qədim Həməşərada müxtəlif məişət əşyaları (qab, qacaq və s.), eləcə də silah-sursatın (ox və nizə başlıqları, qılınc, xəncər, sapand mərmiləri və s.) məhz bu ərazidə istehsal edilməsi, həmçinin ehtimala görə onların digər qonşu ərazilər və şəhərlərə (Beyləqan, Ərdəbil, Muğaniyyə və s.) ixrac edilməsi anlamındadır.
Mişarçay I-III yaşayış yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli və 132 saylı Qərarına əsasən 31 invertar sayı ilə Eneolit və İlk Dəmir dövrünə aid dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri kimi qeydə alınmışdır. (Həmin qərar "www.e-qanun.az" internet portalında mövcuddur).
Son zamanlar Cəlilabad şəhərinin Həməşəra təpələrinin şimal-qərb və şərq tərəflərinin ətəyində ərazidə yerləşən qədim abidələrlə bağlı müəyyən bildiriş lövhələri də vurulmuşdur.
Bunlardan biri Bayraq meydanı ilə qeyri-müsəlman qəbristanlığı arasındakı ətəkdə ağaclardan birinin üzərinə vurulmuş və orada bu sözlər yazılmışdır: "DİQQƏT! Dövlət tərəfindən qorunur! Dünya əhəmiyyətli arxeoloji abidə. I-III minillik MİŞARÇAY YAŞAYIŞ YERİ" Eneolit-İlk Dəmir Dövrü. İNV: 31"
Orada "I-III minillik" deyil, əslində "e.ə. III-I minillik" qeyd edilməsi tarixçilərə bəllidir...
Təpənin şərq hissəsində yenicə salınmış qəbristanlığın yaxınlığında yerə sancılmış bildiriş lövhəsində isə bu sözlər yazılmışdır: "DİQQƏT! Dövlət tərəfindən qorunur! Ölkə əhəmiyyətli arxeoloji abidə. Yaşayış yeri e. ə. IV minillik. İNV: 886".
Lakin təəssüflər olsun ki, həmin bildiriş lövhələri artıq ərazidə mövcud deyil və çox güman ki, məsuliyyətsiz şəxslər tərəfindən götürülmüşdür. Hal-hazırda sözügedən ərazilərdə həmin lövhələrdən heç bir əsər-əlamət yoxdur!
Əslində bu qəbil əhəmiyyətli məkanlar üçün belə sadə bildiriş lövhələri deyil, daha böyük və daha möhkəm lövhələrdən istifadə olunmalı idi... (Uyğun mövzuda ətraflı məlumat üçün bax: "Yurdumun tarixi", İlqar İsmayılzadə, səh: 164-166. "Həməşəra" mətbu orqanı, Cəlilabad, birinci çap, 2020).
“Ədəbiyyat və incəsənət”
(26.05.2025)