Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Uçurumdan qopan anda, əlini tutmasa kimsə,
Gözünü zillə səmaya, bacarırsansa, gülümsə…
İlqar Fəhmi.
Bayaq bir yazı oxuyuram;
“Getdiyin yerlərdə, özünü aid hiss etmədiyin yerlərdə (ya da insanlarda) huzur axtarışına çıxacaqsansa, o huzuru heç vaxt tapmayacaqsan. Çünki huzur axtarılacaq bir şey deyil. Huzur sənin içində olacaq ki, getdiyin yerə də (insana da), işə də özünü aid hiss edəsən.”
Yəqin ki, təslimiyyət içində olanlar bu bacarığı vərdiş halına çevirənlərdi. Buna bacarıq demək yaxşı çıxmır elə də. Bəlkə də bu bəzi insanlara verilmiş bir lütfdür.
Bu gün sizə Qasım kişidən danışacağam.
Ömrünün altmış üç ilini qalstuksuz gəzib, ayaq səslərindən çox əllərinin qabarının səsi və işlədiyi illərin qucağına tökdüyü zəhmətinin səsi ilə tanınan Qasım kişi səhərdən axşama bir işdə, axşamdan səhərə başqa işdə çalışırdı. Həyat onu bu yaşında iki fərqli işdə işləməyə məcbur edirdi.
Qasım kişi Allah adamı idi.
Əməyə sevgi onun gözlərindən oxunurdu. Biraz tələskən, çox da səbrli adam idi. Gülərüzlüyü və mehribanlığı şikayət etməkdən və naşükürlükdən uzaq adam olduğunu göstərirdi. Ona baxanda Allaha təslimiyyəti görürdüm.
Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətini çəkir.
Çox vaxt özümü bu qrupa aid eləmişəm. Qasım kişidə isə bu həsrət yox idi sanki. Büsbütün təslimiyyət içində idi. Özüm kimi çox az insan tanısam da, onun kimi tək tük insan var düşünürəm. Qasım kişi kimi adamlar bizə gözlərimizi səmayə zilləyib gülümsəməyi öyrədən tək tük insanlardır.
Sevgi ağrısı daşımayan ürək ya dəliyə aiddir, ya da ölüyə.
Dəlilər və ölülər gün boyunca hər yerdə - evimizdə, iş yerimizdə, avtobus dayanacaqlarında, super marketlərdə, mikro kəndlərdə, makro şəhərlərdədi. Bu yazını oxuyan “Sən” yəqin ki, “sevgi ağrısını”- təkcə eşq, məhəbbət, qarşı cinsə duyulan maraq kimi anlamayacaqsan, əgər içində bir çimdik də olsa sevgi varsa.
Gündəlik həyatımızda dəlilər və ölülərdən başqa “ruh əmicilər”lə də qarşılaşırıq. Onlar da hər yerdədi, dörd bir yanımızda.
Amma Qasım kişi kimi adamları görəndə qəlbim barmaqlarının ucunda yeriyir ki, belə adamlar incinməsin.
Dəlilər, ölülər və ruh əmicilərin kifayət qədər olduğu bu həyatda Qasım kişi kimi adamları itirməməliyik. Onların hər sözü bizim üçün dua, hər baxışı bizim üçün bir ümid, hər gülüşü bizim üçün həyatdı.
“Ədəbiyyat və incəsənət”
(27.11.2026)


