Çovğun və çırpı ocağı olmağı bacaranların xətrinə... Featured

(“Bələdçimiz şeir” silsiləsindən)

 

Şəfa Vəli,

“Ədəbiyyat və incəsənət”

 

Uçduğumuz səmalara olan sevgimizin qədərindədir dünyanın mənası. Sevmədiklərimizdən inciməkmi? Gəlin, birlikdə gülümsəyək; kinayə ilə... Sevmiriksə, inciməyə də haqqımız qalmır.

 

Bir qədəh qırmızı şərab, bir dilim duzlanmış göy alma, bir də “Füzuli kantatası”- unutmağın deyil,  unuda bilmədiyinə görə özünə ironiya etməyin reseptlərindən daha biridir. Qədəhlərin tənhalığı “Karib dənizinin quldurları”ndakı “su pərisinin bir damla göz yaşı”ndan bahadır. Tənha qədəh öz içinə yığılmağın açarıdır. Bunu hər adam, özü də hər istəyəndə bacararmı?!

Səmalar... Hə, hə, səmalar! Əgər səmanın yeganə olduğunu qəbullansaq, özümüzü aldatmağımızın sərhədlərindəki elastiklik itər ki! İnsan heç vaxt dəqiqliyə sığmır. “Dəqiq adamdır” dediyimiz adamların kitab rəfindəki xaotikliyi görəndə özümüz öz gözümüzdə bir pillə daha qalxırıq: “İşə geciksəm də, kitab rəfim səliqəlidir”. Burda da qəribə təzad var: daim oxuyan, araşdıran, bir əli kitabda olan insanların nə yazı masası, nə kitab rəfi səliqəli olur.

Və səmalardakı ulduzlar... Onların nizamsızlığında tapdığımız xəyal karvanlarının izləri... O izlərdəki əlvanlıqlar... Payız kimi, məsələn... “Sarı” deyib sadələşdirdiyimiz payızın sinəsindəki rəng palitrasını görəndə öz sinəmizdəki dağ izləri adiləşir. Payızın içindən keçir ömrümüz-bizdən izn almadan. Payızı öz içindən keçirənlərsə, məncə, yalnız şairlərdir.

İndiyədək bizi “şair sözü yalandır” deyib aldadanların Əli ibn Əbu Talibin “Divan”ını oxumağını elə istəyirəm ki... Dünya ədəbiyyat tarixinin ən gözəl şeirlərindən birini- “Quzğun”u yazan Po`nun şairlərə ironiyasının dərinində də cəmiyyətin qınağından incimiş şair ruhu var.

(Xüsusi qeyd: “Quzğun”u Həmid Piriyevin tərcüməsində oxuyun, qədəhiniz ikiləşməsə də, ikinci dəfə dolmağına zəmanət verirəm!)

...O gün ki, unuda bilmədiyimizin bir şəkli çıxır qarşımıza, olur ruhumuzu üşüdən çovğun, peşmanlığımızı qarsalayan çırpı ocağı... Eyni anda çovğun və çırpı ocağı olmağı bacaranlardan yazan qələmimiz “adi həyati hadisələr”in hamısının fövqündədir, əmin olun!

Yazdıqlarım sizi gülümsətsə də, qaşlarınızı düyünlətsə də, çıxış yolu həmişə var: bir şeir daha oxumaq. Məsələn, Sevinc Qərib imzasıyla...

 

*

...ruh uçuşuna bənzər

bəzən uzaqlara əl etmən,

xəyalının su üzərindən

yerişini izləmək kimi..,

...dualarına azadlıq verərsən,

nəfəsinə qoşulub rəqs edər

buludların ətəyini öpə-öpə.

Geri çəkməyə macalın olmaz,

buxarlanar havada.

Ulduz-ulduz qar yağar

göyə tutduğun ovcuna,

bilməzsən Tanrının cavabıdı,

ya uzaqların salam sovqatı...

 

P.S. Qapaq şəklindəki də odur, Sevinc Qərib.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.