Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Həmişə oxucular qarşısına esselərlə çıxırdım. Amma bu gün özünüinkişaf mövzusunda bir hekayəmi təqdim edirəm. İnanıram ki, bəyəniləcək və nədəsə gənclərə yardımçı ola biləcəyəm.
Bu hekayə özünəinam barədədir. Bütün uğurların başında o dayanır.
Sentyabr ayının sonları idi. İsti yay aylarından sonra gələn payızın xışıltılı mehi yavaş-yavaş duyulmağa başlamışdı. Günəş qızmar şüalarını gah buludların arxasına gizlədir, gah da yer üzünə son isti nəfəsini bəxş edirdi. Bu dəyişkən hava nə yay idi, nə də payıza bənzəyirdi. Sanki bir-birinə qarışan iki fəslin arasında qalmışdı. Yay getmək istəmirdi, payız isə öz gəlişini hiss etdirməkdən çəkinmirdi. Amma havadakı dəyişiklik yeni bir fəslin gəlişindən xəbər verirdi. Bu dəyişimdə kimin daha üstün gələcəyini təxmin etmək artıq mümkün idi.
Sara rayon avtovağzalının önündə dayanıb növbə ilə vağzala giriş edən böyük avtobuslara tərəf həyəcanla boylanırdı. Gözü Bakı avtobusunu axtarırdı. Uzun müddətdir ki, səbirsizliklə gözlədiyi gün axır ki, gəlib çatmışdı. Küləyin ritmi ilə arabir yuxarı qalxan toz zərrəcikləri Saranın gözlərinə dolur, baxışlarını diqqətlə izləməkdən məhrum edirdi.
Nəhayət, gözlədiyi avtobus vağzala giriş etdi. Sara heç dayanmağını gözləmədən birbaşa avtobusun önünə atıldı. Düz qapının önündə dayandı. Qapı açılan kimi aşağı enməyə başlayan sərnişinləri bir-bir nəzərdən keçirir, gözü axtardığı simanı tapmağa çalışırdı.
Sara insanların içində tanış bir simanı gördü. O idi. İndi aşağı enirdi. Sara qapıya daha da yaxınlaşdı. Həmin şəxs avtobusdan enən kimi bir-birinə möhkəm sarıldılar.
— Nə yaxşı gəldin! — deyə Sara rəfiqəsinin üzündən öpüb yenə bərk qucaqladı.
Hər ikisi çox sevincli idi. Ətrafdakı bəzi insanlar da maraqla onların bu səmimi görüşünə tamaşa edirdi.
— Səni necə görməyə bilərəm, ay ağılsız! — deyə rəfiqəsi Lalə Saranın saçlarını əllərinə alıb qarışdırdı.
Hər ikisi avtobusdan çantaları alaraq Saranın evinə yollandılar.
Lalə yol boyu pəncərədən çöldəki mənzərəni seyr edirdi. Bu illər ərzində gör bu yerlər nə qədər dəyişmişdi! Yol qıraqları hasarlanmış, yeni evlər, mağazalar, restoranlar tikilmişdi. Sara onun təəccübünü görüb soruşdu:
— Hə, necədir? Çox dəyişib rayonumuz?
Lalə başını çevirmədən: - Doğrudan da, çox dəyişib. Heç belə təsəvvür etməzdim, — deyib Saranı qucaqladı.
Yol boyu hər tərəfə baxaraq, deyib-gülərək mənzilə çatdılar.
Hamı Laləni çox xoş qarşıladı. Birlikdə yemək yeyib çoxlu söhbətlər etdilər. Saranın ailəsi Laləni lap uşaqlıqdan tanıyırdı. Demək olar ki, qızlar bir böyümüşdülər. Tez-tez bir-birinə qonaq gələr, dərslərini birlikdə oxuyub-yazardılar. Sonra tale onların yolunu ayırmışdı. Hərəsi bir tərəfə oxumağa getmişdi. İndi hər ikisi oxuyub qurtarmışdı. Sara rayona qayıtmışdı. Lalə isə təhsilini xaricdə bitirmiş və müvəqqəti olaraq gəlmişdi.
— Lalə, gəl, otağa keçək. Orada daha rahat söhbət edərik. Həm sənə otağımın necə dəyişdiyini də göstərim.
Lalə razılıq verərək yuxarı qalxdı. Otaq həqiqətən çox dəyişmişdi. Divarlar boyanmış, yeni əşyalar alınmışdı. Divarda hər ikisinin uşaqlıqda çəkdiyi rəsmlər vardı. Bu, Lalənin çox xoşuna gəldi. Hətta onların birlikdə oynadığı oyuncaqlar belə hələ də təptəzə qalmışdı. Burada onların bütün uşaqlığı, unudulmaz xatirələri sanki olduğu kimi qorunub saxlanmışdı. Hər ikisi oyuncaqları götürərək bir neçə dəqiqəlik olsa belə, o uşaqlıq illərinə qayıtdı. Birlikdə həmin anları xatırlayaraq gülümsədilər və o günləri yenidən yaşadılar.
— Sara, bu anları, xatirələri qoruyub saxladığın üçün sənə təşəkkür edirəm. Məni lap uşaqlığıma apardın. Səninlə keçən günlərin hamısı çox gözəl idi. Həmişə yerin məndə əzizdir.
— Sağ ol, Lalə. Sən də mənim üçün çox doğma, əzizsən. Bu dostluğumuz əbədi olsun. Məsafələr uzaq olsa belə, yenə qəlbimizdəki yerimizi qoruyub saxlayaq.
Lalənin gözlərində qəfil bir fikir parladı:
— Sara, gəl mənimlə birlikdə xaricə gedək. Bu qədər vaxt uzaq qaldıq. İndi ikimiz də gedib orada işləyə bilər, özümüzə daha yaxşı gələcək qura bilərik.
Sara belə bir təklif gözləmirdi. Təəccüblənmiş halda nəsə demək istədi, amma bir anda üzündəki ifadə dəyişdi və daha sakit bir şəkildə dedi:
— Əslində, çox istərdim. Çox gözəl təklifdir, Lalə. Amma mən hələ özümü harada gördüyümü, nə istədiyimi tam olaraq bilmirəm. Oxuduğum sahənin xaricdə işləmək baxımından elə də geniş imkanlar yaratdığını düşünmürəm. Bəzən elə hiss edirəm ki, həyatımın hansısa mərhələsində ilişib qalmışam. Nə olduğum yerdə özümü tapa bilirəm, nə də başqa bir yerə aid olduğumu hiss edirəm. Sanki bir boşluğun içindəyəm və hələ də öz yerimi axtarıram. Bəlkə də getməkdən əvvəl özümü tapmalıyam.
— Nədir səni narahat edən? Mən sənə əlimdən gəldiyi qədər kömək edərəm.
Lalə məyus halda Saranın gözlərinə baxdı. Sonra dərin bir nəfəs alaraq dilləndi:
— Bilirsən, Sara, bəzən həyatının dəyişməsi üçün çox şey etməli olduğunu düşünərsən. Hər başladığın yolda çətinliklərlə qarşılaşırsan. Bəzən yoldan geri dönərsən, bəzən isə başqa bir yola keçərsən. “Bunu bacarsam, daha uğurlu olaram, bir başqasını etsəm, daha çox qazanaram”, — düşüncəsi ilə sonu olmayan yollarda dönüb-durarıq. Bir də baxanda görürsən ki, yaş keçir, amma nə yol bitir, nə də insan axtardığını tapır. Bəzən yolların çoxluğu bizi irəli aparmır, elə olduğumuz yerdə saxlayır. Və biz cəsarət edib heç bir addımı ata bilmirik. Bir zamanlar mən də sənin kimi düşünürdüm. Kim olmaq istədiyimi, nəyin məni xoşbəxt edəcəyini tapa bilmirdim. Qərarsız idim. Həvəslə başladığım işi bir müddət sonra ertələyir və ya heç etmirdim. Bir şey etmək istəmirdim. İçimdə daha çox şey etmək, daha çoxuna sahib olmaq həvəsi məni rahat buraxmırdı. Amma haradan və necə başlamaq məni hər şeydən əskik buraxırdı. Beləcə, mən heç bir yolda addımlaya bilmirdim. O gün qarşıma çıxan fürsət isə həyatımı dəyişdi.
— Fürsət? — deyə Sara təəccüblə Lalənin sözünü kəsdi. — Hansı fürsətdən danışırsan?
Lalə bir anlıq susdu. Sanki həmin anları təkrar xatirələrində canlandırırdı.
— Bəzən insanın qarşısına çıxan bir fürsət bütün düşüncələrini dəyişə bilir. Mənim üçün də məhz elə oldu.
Sara maraqla onu dinləyirdi.
Lalə danışmağa davam etdi:
— Haradan başlayacağımı bilmirəm. Deməli, bir neçə il əvvəl, universitet illərində, özümü heç nəyə nail ola bilməyən biri kimi hiss etdiyim vaxtlar idi. Nə etmək istədiyimi bilirdim, amma istəklərimi reallaşdırmaq üçün haradan başlayacağımı bilmirdim. Yay tətilinin bitməsinə, universitetə qayıtmağıma az qalmışdı. Elə həmin günlərdə təsadüfən Soulmark adlı layihənin elanına rast gəldim. Bölgələrdə yaşayan gənclər üçün nəzərdə tutulan bu layihə çərçivəsində heç bir ödəniş tələb olunmadan müxtəlif təlimlər keçirilirdi. Şəxsi inkişaf, xarici dillər, satış psixologiyası, sosial media, meditasiya, Yoqa, təlimlər və daha bir çox sahəni əhatə edən proqram diqqətimi çəkdi. Elanı oxuduqca içimdə qəribə bir maraq yarandı. Uzun müddətdir axtardığım, amma adını belə qoya bilmədiyim bir şeyə rast gəlmişdim sanki. Qeydiyyatdan keçdim, müsahibə mərhələsini də uğurla tamamladım və layihənin üzvü oldum. Cəmi üç ay davam edən həmin layihədə öyrəndiklərim isə mənim üçün üç ayla məhdudlaşmadı. Orada qazandığım biliklər, tanıdığım insanlar, dostluqlar və əldə etdiyim təcrübə bir ömürlük yol yoldaşıma çevrildi. Həyata baxışımı, arzularımı, düşüncələrimi dəyişdi. Ən əsası isə mənə özümə inanmağı, daha böyük hədəflər qoymağı və arzularımın arxasınca getmək üçün ilk addımı atmağı öyrətdi.
— Bəs sənə ən çox nə öyrətdi? — Sara maraqla soruşdu.
Lalə bir qədər düşündü.
— Ən çox öyrəndiyim şey, yəqin ki, özümə inanmaq oldu. Əvvəllər nəyəsə başlamazdan əvvəl onun nəticəsini düşünürdüm. Bacaracağammı, uğurlu olacağammı, görəsən, buna sərf etdiyim zamanın qarşılığını ala biləcəyəmmi? Bu suallar məni addım atmaqdan saxlayırdı. Orada isə anladım ki, insan hər şeyi əvvəlcədən bilməyə məcbur deyil. Bəzən sadəcə başlamaq, öyrənmək və yolda özünü kəşf etmək lazımdır.
— Deməli, sənə sadəcə bilik yox, həm də cəsarət verib…
— Elədir. Hətta deyərdim ki, mənə ən böyük qazancı özümə başqa gözlə baxmağı öyrətməsi oldu. Çünki insan bəzən bacarıqsız olduğu üçün deyil, öz potensialını görmədiyi üçün addım ata bilmir. Bilirsən, o üç ay mənə çox şey qazandırdı. Ən əsası isə anladım ki, insanın həyatında nəyinsə dəyişməsi üçün hər şeyin mükəmməl olmasını gözləmək lazım deyil. Bəzən bilmədiyin bir yola çıxırsan və məhz o yol sənə özünü tanıdır.
Sara düşüncəli halda başını tərpətdi.
— Maraqlıdır… Heç ağlıma gəlməzdi ki, cəmi üç aylıq bir layihə insana bu qədər təsir edə bilər.
— Mən də əvvəlcə belə düşünmürdüm. Amma bəzi təcrübələrin nə qədər dəyərli olduğunu onları yaşadıqdan sonra anlayırsan Və bu sənə güclü “niyə”lər qazanmağına səbəb olur.
Söhbət bir qədər də davam etdi. Sonra Lalə saatına baxaraq artıq getməli olduğunu bildirdi. Sara ilə sağollaşıb onu gözləyən taksiyə mindi. Sara bir müddət qarışıq duyğular içində düşüncələrə daldı. Lalənin danışdıqları hələ də fikrindən çıxmırdı. Xüsusilə də onun həyatında cəmi üç ayın bu qədər böyük iz buraxması marağına səbəb olmuşdu.
Bir qədər sonra masanın üzərindəki notbukunu özünə tərəf çəkdi. Axtarış sətrini açaraq bir söz yazdı:
Soulmark…
Enter düyməsini basdı. Qarşısına çıxan nəticələrə diqqətlə nəzər salmağa başladı.
Bəlkə də onun həyatında da yeni bir səhifənin başlanğıcı elə bu axtarışdan başlayacaqdı…
“Ədəbiyyat və incəsənət”
(24.11.2026)


