(Esse)
Cəlil Ələsgərov,
Biologiyaelmlərinamizədi, fizioloq, yazıçı, şair-publisist.
"Ədəbiyyat və İncəsənət" portalı üçün
Təbiət insana bir sıra özəlliklər verib. Elə ona görə də bəzən belə də deyirlər ki, filankəsin filan xasiyyəti təbiətən elə verilib. Təbiətən... Yəni, təbiətin verdiyidir. Təbiət də sağ olsun, elə də verir, belə də. Yəni, yaxşıdan yaxşı verir, pisdən də pis.
Birinə güclu duyğu verir, birindən o duyğunu əsirgəyir. Birinə güc-qüvvət, əzələ verir, birinə onun əvəzindən yaxşı baş verir. Birinə şairlik, birinə nasirlik, birinə yaxşı aratırlıq, birinə yaxşı idarəçilik, birinə yaxşı öyrətmənlik, birinə yaxşı öyrənməklik və sairə və ilaxır verir.
Bəzilərindən də bunları əsirgəyib...
Kimə nə verib əcəb də edib, bununla işimiz yox, kimdən də nəyi əsirgəyib, bununla da işimiz yox.
Amma adama ağır gələn odur ki, kimə ki, nəsə verib ha, bax onların əksəriyyətidir əlindəkini axmaq işlərə yönəldənlər.
Məsələn, belə təsəvvür edin ki, dədəsi-babası avtomobil görməyən birinin əlinə yaxşı, bahalı marka bir avtomobil düşüb. Bu da guya sadə insandır deyib bu minik avtomobili ilə torpaq daşıyır. Əslində olan isə, belə avtomobil ailənin təmiz işlərinə xidmət etməlidir.
Təbiətin bəzi insanlara verdiyi həmin istedadı da düzgün, təmiz və əxlaqlı işlərə sərf edə bilməyənlərin də halı belə insanların halına bənzəyir.
Bir də var, istedadını nümayiş etdirməklə istedadından istifadə etməyi qarışdıranlar. Bunlar daha çox diqqət çəkməyə, özlərini göstərməyə, başqalarının gözündə böyük görünməyə çalışırlar. Halbuki istedadın böyüklüyü onun nə qədər nümayiş etdirilməsində deyil, nə qədər fayda verməsindədir.
Mən heç kimin nəyə sahib olduğuna, nədən məhrum qaldığına qiymət vermək fikrində deyiləm. Təbiətin bölgüsünə də etirazım yoxdur. Sadəcə bir arzum var: insan təbiətin ona verdiklərini özünün və başqalarının həyatını gözəlləşdirmək üçün istifadə etsin.
Axı istedad da bir növ əmanətdir. Əmanəti qorumaq, ona sahib çıxmaq və layiqincə istifadə etmək isə hər kəsin bacardığı iş deyil.
“Ədəbiyyat və incəsənət”
(24.11.2026)


