Yaşamaq üçünsə o kiçik səbəbi tapmalıyıq! Featured

Aytən Ağasıyeva,

Ömər Babayev.

“Ədəbiyyat və incəsənət”

 

Bir ömür daha lazım bizə ölümümüzdən sonra, çünki bu ömrümüzü sadəcə ümidlənərək keçirdik...

 

Başlanğıcdan, yaradılışdan çox son, ölüm düşündürüb məni..

Payız da sonun xəbərçisidir, saralan yarpaq da..

“Taste of cherry”  - Albalının dadı filmi haqqında danışırdıq Ömərlə. Baş rolda Hümayun Ərşadinin yer aldığı bu filmdə Bedii bəy kimi bizə tanıdılan “məna axtarıcısı” elə hey “Nədir bu həyatda çatışmayan ki, bütün ömrü mənasız edir?” deyə yaşayaraq həyatını möhkəm düyün atılmış yumaq kimi görürdü. O düyünü açmağa çalışdıqca yorulurdu.

Ömər deyir:

“Görəsən bizdəmi sisifos həyatı yaşayırıq? Hər gün eyni qayanı dağın başına qaldırmağa çalışır, gözümüzü açıb işə gedir, eyni işi görüb, eyni yol ilə geriyə, evə qayıdırıq, dağdan aşağı enirik.

Səhər gözünüzü açıb heç göy üzünü izləmisiniz? İşə, yola düşüb gedərkən metroda, avtobusda o tıxanıqlıqdan boğularkən heç Günəşə baxmaq da yada düşmür.

Amma gün batımı mənim üçün ayrı bir dünyadır sanki. Naxçıvanda olanda da evin damına qalxar Ağrı dağının arxasında qürub edən günəşə baxardım.

Aytən, sənə deyim ki, namazlardan da ən çox ikindi (əsr) namazını sevirəm. Sanki bu saydıqlarım mənə həmişə sonu xatırladır. Başlanğıcdan, yaradılışdan çox son, ölüm düşündürüb məni...”

Payız da sonun xəbərçisidir, saralan yarpaq da. Filmdə gün batımını yaşayaraq mənə o hissləri ötürən Hümayun Ərşadiyi rəhmətlə anıram. Bu filmi ərsəyə gətirən ən əsası Abbas Kiarostamini rəhmətlə anıram.

Həmişə Öməri “xurma ağacı” adlandırırdım. Ömər də həmişə deyər ki “Xurma ağacı”nda qol-budaq qoymadın daha. Haqqında danışdığımız bu film Ömərlə mənim ortaq daxil olduğumuz qapılardan biridir. Onu Bedii bəyə də bənzədirəm çox vaxt.

 Ömər həyatını ümid etməklə, xəyal qurmaqla, seçdiyimiz, seçmədiyimiz və ya seçə bilmədiyimiz yolların peşmanlığı ilə yaşanan bir ömür kimi gördüyünü deyirdi.

Bir ömür çox qısadır elə deyil?

-Lap elədir, lap elə deyil...

Qəti cavabı yoxdu.

Bu suala cavab verməyəcəm. Ama Andrey Tarkovskinin insanın arzuları, qorxuları, inancı, vicdanı və özünü tanıması haqqında dərin fəlsəfi bir əsəri haqqında danışacağam..

“Stalker” – iz sürücü..

Bəlkə də çoxunuz izləməmisiniz. Ömər də izləməmişdi. Filmdə insanların girməsinin qadağan olunduğu sirli bir ərazi var. Bu ərazi Zona adlanır. Zonanın dərinliyində bir otaq yerləşir. Bu otağa daxil olan insanın ən dərin ən gizli arzusu gerçəkləşir.

Üç insan bu otağa doğru yola çıxır:

Stalker: Zonanı tanıyan, insanlara yol göstərən bələdçi.

Yazıçı: Həyatdan, insanlardan, özündən narazı olan yaradıcı insan.

Professor: Hər şeyi elm və məntiqlə izah etməyə çalışan alim.

Onların məqsədi eyni otağa çatmaqdır, ama daxili dünyaları tamamilə fərqlidir.

Zona əslində nəyi ifadə edir?

-Həyatın sınaqlarını? Gizli arzuları? İnam və mənəviyyat axtarışını?

-Xeyr, Zona elə həyatın özüdür.

Bayaq Bedii bəydən danışırdıq. Məna axtarırdı.

Elə Tarkovski də “İnsan həqiqətən nə istəyir” deyə sual edir.

-Ömər, sən sonu, ölümü düşünürsən elə deyil?

-Bəli.

-Təsəvvür elə ki, bir otaq var və orda ürəyindən keçən ən böyük arzun gerçəkləşəcək. Sən ora daxil olmağa cəsarət edərdinmi? Ya da otaq dilə gətirdiyin arzunu deyil, daxilində gizlətdiyin həqiqi istəyini gerçəkləşdirsə?

Filmdən çox danışmaq istəmirəm. Ama ən qorxulu və düşündürücü tərəfi budur...

Həyat da belə deyilmi? Dilə gətirdiyini deyil, daxilində gizlətdiyin həqiqi istəyini sənə verir.  Filmdə stalker inam və ümidlidir. Yazıçı şübhə və daxili böhran yaşayır. Professor elmi və rasional düşünür. Stalker zonanı müqəddəs bir yer kimi görür, o inanır ki, insan həyata ümidlə baxmalıdı. Yazıçı özünü itirib, professor hər şeyi nəzarətdə saxlayır. Onların Zonanı keçməsi əslində daxili dünyalarına səyahətdir.

İndi gələk əsas sualımıza ...

Bir ömür hələ də çox qısadır?

Öz daxili dünyasına səyahət edə bilməyən biri üçün ömür həmişə qısa olacaq bəlkə də. Filmin ən əhəmiyyətli yeri son səhnədir. Film boyu insanlar möcüzə axtarırlar. Zonanı keçirlər, sirli otağa çatmağa çalışırlar. Amma filmin sonunda möcüzə onların axtardıqları yerdə deyil, elə öz evlərində - stalkerin qızındadır.

Bax, filmin sonu necə çəkilib Ömər. Mütləq baxmalısan!..

-İndi qayıdaq “Taste of cherry” filminə, yəni Albalının dadı. Bedii ölümü axtarır.  Filmin sonunda Bedii gecə öz qazdığı qəbrə uzanır. Yağış və ildırım səsləri eşidilir. Ekran qaralır. Biz onun ölüb ölmədiyini bilmirik. Sonra isə gözlənilməz bir şey baş verir: film qəfildən çəkiliş prosesinə keçir, rejissoru, aktyorları, çəkiliş qrupunu, ətraf mənzərəni görürürk.

-Bu adi sonluq deyil, Kiarostami tamaşaçını filmin içindən çıxarıb reallıqla üz üzə qoyur.

-Əlbəttə, Rejissor Bediinin  taleyini bizə demir, çünki əsas məslə onun ölüb ölməməsində deyil. Əsas məsələ bizim həyat haqqında nə düşündüyümüzdədir.

-Yəni Z O N A?

-Bəli. Hər iki film insanın daxilinə səyahətdi. Sadəcə Tarkovski poetik dil ilə, Kiarostami səssiz və minimalist dil ilə danışır.

-Bir ömür daha lazım bizə ölümümüzdən sonra, çünki bu ömrümüzü sadəcə ümidlənərək keçirdik...

-Yox! Həyatın gözəlliyini xatırlamalı və yaşamalıyıq. Yaşamaq üçünsə o kiçik səbəbi tapmalıyıq!..

Ey, oxucu, Bəli, sən!

Nə gözləyirsən?

Çox uzaqda deyil o səbəb.

Daxilinə kiçik bir səyahət bəs edir.

Ama özünü vəsvəsəyə salma. Di salamat qal!

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.