Pəri ilə Əlişqanın hekayəti Featured

Aytən Ağasıyeva,

“Ədəbiyyat və incəsənət”

 

2024.

Qarpız mürəbbəsinə qarışmış albalı mürəbbəsi içilmiş stəkanın yanında dərin yuxuya getmişdi sanki... Yağmur sularını gözündə toplayan Pəri yalnızlığı çağıra-çağıra şəkər xəstələri üçün xüsusi hazırlanmış, qənd parçalarına qarışmş, saqqız formalı konfetlərə baxa-baxa sönmüş ümidlərini çoxaldırdı.

Pəri  pəncərənin pərdə ilə örtülməmiş hissəsindən 37 yaşlı, uşaqlıqdan psixoloji  xəstə olaraq doğulan Əlişqanın uşaqlarla birlikdə taxta qapı daşıdığını gördü. Əlişqa o qədər məsum idi ki, deyilən sözləri təkrarlayar, insanların dediklərini edər, bəzən istədiyini edə bilməyəndə ağlayardı, dayısının yoldaşının rayona gedəcəyini eşidib, onun getməməsi üçün göz yaşı tökmüşdü. İndi Könül xala gəlmişdi. Əlişqa çox sevinirdi. Könül xala Əlişqa çay istəyəndə ona bir fincan çay verərdi, yoldan keçəndə: - Əlişqa, nəsə istəmirsən?- deyə sual edərdi.

 Əlişqa bəzən öz-özünə çığırardı. Ağzı açıq şəkildə gəzər, ağzından bəzən su axardı, təmizliyi çirkliliyi bilməzdi. Ayaqlarına geydiyi böyük tərlikləri ilə gəzərdi, qaralmış ayaq barmaqları ilə bibisi gilə gedəndə Nərgiz bibisi qışqırardı, onu evdən qovardı. Əlişqanın anası da bunu görüb o da Nərgiz bibidən daha çox qışqırar, ora getməməsi üçün tənbeh edərdi.

Əlişqa otuz yeddi illik həyatında sanki günəşin altında böyüyərək özünü rəngləndirib evin divarına sarmaşan güllər kimi sadəcə fiziki cəhətdən böyümüşdü. Mənəvi və zehni cəhətdən inkişaf etməmişdi. İnsanların minbir oyunlar oynadığı bu həyatda Əlişqanın tək oyunu yemək yemək, gəzmək, qidalanmaqdan ibarət idi. Dükana gedib yumurta belə ala bilmirdi. Bir dəfə Könül xala ona 4 ədəd yumurta almağı tapşırdı. O isə əlində 2 yumurta ilə qayıtmışdı.

 

Bir gün paltar ipinə paltarları sərəndə Əlişqa ağacın arxasında gizlənmiş, qəfildən Könül xalanın üstünə qışqırmağa başlamışdı, Könül xalanın isə qorxaraq təzyiqi qalxmışdı. Amma Əlişqaya heç nə demək olmazdı.

Günün parçalanaraq batan hissəsində, günəşin üfüqdə yox olmasına az qalmış Əlişqa böyük tut ağacının altına gedər, orda oturaraq tum çırtlayardı. Biraz uzaqlıqda SOCAR əməkdaşlarının işlədiyi yerə baxıb, əllərini hər iki tərəfə açaraq beş barmağını aralayaraq, ördək kimi yeriyərdi. Kimsə-kimləsə mübahisə edəndə bir-birlərinə deyilən sözləri Əlişqa təkrar edərdi. O, anasına yay tətilində də işlədiyi yerin bağındakı ağacların dibinə vedrə ilə su tökməkdə kömək edərdi. Əlinə telefon almağı belə bacarmayan Əlişqa həmişə yaşıl gözlü anasının arxasınca gəzərdi.

Ayrılıqdan betər bir şeyin olmadığı bu dünyada Əlişqanın anası ilə atası bir-birindən ayrılmışdı. Atasının ailə qurduğu ikinci qadından heç bir övladı olmamışdı (ikinci qadın deyəndə Məmməd Səid Ordubadinin ikinci həyat yoldaşı yetim Taisiya yadıma düşdü, Taisiya həm Rayanı unutdurmuş, həm də Ordubadinin vərəm xəstəliyini sağaltmışdı).

Onlar Türkiyədə yaşayırdılar. Atası Əlişqa ilə bacısının ehtiyaclarını ödəyər, bəzən onları yaşadığı yerə aparıb, alagözlü qızı ilə Əlişqanı əzizləyərdi.

- Ana, ana.. bb.. axx iki dd..daa..aşın arasın.. da..a güü..gg.üll bitib...

Əlişqa gülü görüb, sevincindən əl çalmağa başladı. Anası isə oğluna baxıb dedi:

- Oğlum, sevgi bizə hər yerdən gülümsəyir..

- Ana, aa..ana, Bbb..iz hara gedirik?

- Bacının yanına gedirik, Əlişqa, çox sual vermə.

- A..ana, ana, bbacının yanına g..gedirk, b..baa..cının yanına g..gedirik. Bb..aa..bacının yanına gedirik. 

Əlişqa eyni sözləri təkrar etməyə başladı.

- Ana, aa..na.  - Əlişqa yenə anasını çağırırdı.

- Ana, aa..na. Nii..niyə ççç..ıxdıq yola biz?. Ana, aa..na. Nii..niyə ççç..ıxdıq yola biz? Ana, aa..na. Nii..niyə ççç..ıxdıq yola biz?. 

Əlişqa təkrar edir, anası isə cavab vermirdi.

Mənimsə fikrimdə Əlişqanın son sözləri susmurdu, bir nəqarəti xatırladırdı:

“Niyə çıxdıq yola biz,

Dəli olub bu dəniz.

Bir adadır sevgimiz

Hər yanı xatirədir.”

Sakit axan gecələrdə Əlişqanın xəstə olaraq deyil də, sağlam doğulsaydı, həyatının necə olacağını xəyalımda zümzümə edirdim. Bəzən insanlar başına bir pis hadisənin gəlməsindən qorxur, bəzən insanlar can sıxıntısından, özləmdən hansısa bir qalaya çıxaraq, qışqırıb, sirlərlə dolu içini çartlatmaq istəyir, kimisi toy məclisi qurur, evlənəcəyi qadını düşünür, gələcəkdə nə peşə sahibi olacaq deyə qayğılanır, kimisi başına saç əkdirir, kimisi təyyarənin şəlalə kimi axan buludların arasından keçərkən aydan da təmiz olan ətrafın şəklini çəkir, lakin Əlişqa günlərini saymadan, yaşının heç bir əhəmiyyəti olmadan daim uşaq qalır. Yuxuya gedərkən fikirləşdiyi biri olmur, səhər oyananda közərmiş qəlbi ilə yeni günə necə ayaq uyduracağını düşünən biri olmur...

Bəs görəsən hansı daha yaxşıdır? Əlişqa kimi heç nədən xəbərsiz, bilmədən yaşamaqmı? Yoxsa bildiyini zənn edərək taqətsiz ruhu ilə bir bədəndə məskunlaşan Pərimi?

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.