(İnsan ömrünün ən kövrək, ən işıqlı və geri dönməyən çağlarına elegiya)
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Uşaqlıq qəribə bir zamandır. İnsan o zamanın içində yaşayarkən onun qədrini bilmir. Çünki uşaqlıqda zamanın tükənəcəyinə inanmırsan. Elə bilirsən, sabah da bu gün kimi olacaq, küçələr həmişə sənin addımlarını gözləyəcək, dostların həmişə yanında qalacaq, axşamlar ananın səsi səni evə çağıracaq, həyətinizdəki ağaclar hər yaz yenidən çiçəkləyəcək. Sənə elə gəlir ki, dünya elə sənin gördüyün qədər böyük, həyat da elə yaşadığın qədər sadə və gözəldir.
Amma bir gün, heç özün də hiss etmədən, uşaqlıq aralanıb gedir. Nə bir qapı çırpılır, nə bir vida sözü eşidilir, nə də arxasınca baxmağa macal tapırsan. Uşaqlıq səssizcə çıxıb gedir. Gedərkən özü ilə oyuncaqlarını, qayğısız günlərini, saf duyğularını, heç nədən qorxmayan ürəyini də aparır. Sən isə onun yoxluğundan xəbərsiz, böyüməyin astanasında dayanırsan.
İllər keçir. Bir vaxtlar dünyanın mərkəzi hesab etdiyin kənd küçələri sənə dar görünməyə başlayır. Uşaq vaxtı gözündə nəhəng görünən ağaclar kiçilir, hasarlar alçalır, uzaq sandığın yollar yaxınlaşır. Amma qəribədir, o yerlərin xatirəsi böyüdükcə böyüyür. Bir zamanlar adi hesab etdiyin hadisələr yaddaşında əvəzsiz bir sərvətə çevrilir.
Yadına düşür: yay günlərinin qızmar istisində ayaqyalın qaçdığın torpaq yollar, yağışdan sonra ayaqlarına yapışan palçıq, qışın şaxtasında pəncərəyə çəkilən buz naxışları, həyətinizdəki tut ağacının kölgəsi, qonşu uşaqlarla qurduğun xəyali dünyalar... Bir tikə çörəyi bölüşməkdən böyük səxavət tanımadığın, bir oyuncağı paylaşmaqla dostluğun ən ali mənasını yaşadığın günlər...
Onda xoşbəxtliyin nə olduğunu bilmirdin. Çünki xoşbəxtlik sənin üçün ayrıca bir anlayış deyildi. O, həyatının özündə idi. Bir top, bir alma, bir ovuc qoz, bir ovuc bulaq suyu, dostlarla keçirilən bir axşam... Bunlar sənə dünyanın bütün sərvətlərindən qiymətli görünürdü. Bəlkə də, ona görə ki, uşaqlıqda insanın sevinci az şeyə, kədəri isə az vaxta sığır.
Uşaqlığın özünəməxsus bir təqvimi vardı. Onun günlərini saatlar deyil, hadisələr müəyyənləşdirirdi. Məktəbin son zəngi, yay tətilinin başlanması, Novruz tonqalı, ilk qar, ağacların çiçəkləməsi, kəndə gələn qonaqlar, bayram axşamları... Hər hadisənin öz sevinci, hər fəslin öz gözləntisi vardı. İndi təqvimlər dəyişir, illər bir-birini qovur, amma o günlərin heç biri təkrar yaşanmır.
Yadına düşür, kimsə səni incidəndə necə tez barışırdın. Bir azdan əvvəl küsülü olduğun uşaqla yenidən eyni oyuna qoşulurdun. Kin saxlamaq nə idi, bilmirdin. Sənin dünyanda düşmənçilik uzunömürlü deyildi. Bir az inciklik, bir az göz yaşı, sonra yenə gülüş... Uşaqlığın ən böyük müdrikliyi də elə bu idi: insanın qəlbində kinə yer saxlamamaq.
O vaxtlar əllərimizi dəmirə qoyub özümüzü söyüşdən qoruduğumuza inanırdıq. “Əlim dəmirdə” deyirdik. Bu sadə sözlərin arxasında nə qədər saf bir inam, nə qədər təmiz bir uşaq təxəyyülü gizlənirdi. Bizim üçün dəmir yalnız bir metal parçası deyildi, sanki görünməz bir sipər, bizi pis sözlərdən qoruyan sehrli bir qüvvə idi. İndi həmin inancın həqiqət olmadığını bilirik. Amma o inamın özü həqiqət idi – uşaqlığımızın həqiqəti. Bəlkə də, insanın ömründə bir daha qayıtmayan ən böyük sərvət elə həmin saf inanmaq qabiliyyətidir.
Sonra böyüdük. Həyatın başqa qapıları açıldı. Məktəb illəri arxada qaldı, dostlar müxtəlif ünvanlara dağıldı, arzuların yerini qayğılar aldı. Bir vaxtlar saatlarla oynadığımız küçələrdən indi tələsik keçirik. Uşaqlıq dostlarımızın bəzilərini illərdir görmürük. Bəzilərinin adını yalnız köhnə xatirələr çəkəndə xatırlayırıq. Bəziləri isə artıq yalnız yaddaşımızda yaşayır.
Ən ağrılısı da budur: insan təkcə uşaqlığını deyil, uşaqlığında olan insanları da itirir. O vaxtkı qonşular, qohumlar, müəllimlər, oyun yoldaşları... Hər birinin yaddaşımızda ayrıca bir yeri var. Bəzən bir ad eşitmək, köhnə bir şəkilə baxmaq, təsadüfən tanış bir səsə rast gəlmək illərin pərdəsini aralayır. Elə bil dünən ayrılmışıq. Elə bil indicə o küçənin başında dayanıb bizi gözləyirlər.
Bəs niyə uşaqlıq illəri yaddaşımızda bu qədər gözəl görünür? Bəlkə, ona görə ki, o vaxt həyatın ağırlığını hələ tanımırdıq. Bəlkə də, ona görə ki, o illərdə dünya bizə indiki kimi mürəkkəb görünmürdü. Hər şeyin bir adı, hər sevincin bir səbəbi, hər kədərin bir təsəllisi vardı. Ən əsası isə sabaha inamımız tükənməz idi.
İndi anlayırıq ki, uşaqlıq insan ömrünün sadəcə bir yaş dövrü deyil. O, insanın daxilində ömürlük yaşayan bir dünyadır. Yaşımız artır, saçımıza dən düşür, üzümüzə zamanın cizgiləri çəkilir, amma içimizdə haradasa bir uşaq həmişə qalır. Bəzən bir mahnı ilə oyanır, bəzən bir qoxu ilə keçmişə qayıdır, bəzən də köhnə bir dostun adını eşidəndə başını qaldırır.
İnsan yaşa dolduqca anlayır ki, uşaqlıqda itirdiyi bəzi şeylərin əvəzi yoxdur. Nə qədər sərvət toplasan da, o vaxtkı bir günün sevincini satın ala bilməzsən. Nə qədər uzaqlara getsən də, uşaqlığının küçəsinə əvvəlki addımlarla qayıda bilməzsən. Çünki həmin küçə yerində qalsa da, orada gəzən uşaq artıq yoxdur.
Bəlkə, buna görə köhnə kəndlər, boşalmış həyətlər, vaxtilə uşaqların səsi ilə dolu olan küçələr insana qəribə bir hüzn yaşadır. Divarlar danışmır, ağaclar susur, yollar əvvəlki kimi uzanır. Amma yaddaş hər şeyi öz dili ilə danışır. Bir ağacın kölgəsində neçə oyunun, bir həyətin içində neçə sevincin, bir evin pəncərəsində neçə gözləntinin yaşadığını yalnız həmin illəri görənlər bilir.
Uşaqlıq bizə vida etmədən getdi. Bəlkə də, vida etsəydi, onun arxasınca bir az qaçardıq, heç olmasa son dəfə dönüb baxmasını istəyərdik. Amma o, getdiyini bizə hiss etdirmədi. Biz də elə bildik ki, həmişə belə olacaq. Sonra bir gün geriyə baxdıq və gördük ki, qarşımızda uzanan yolun bir hissəsi artıq xatirəyə çevrilib.
İndi o yolu yalnız yaddaşımızla gedə bilirik. Hər xatirə bir qapıdır. Hər köhnə şəkil o qapının açarıdır. Hər tanış səs bizi illərin o üzünə aparır. Və biz anlayırıq ki, uşaqlıq keçmişdə qalan bir zaman deyil, insanın içində heç vaxt tam susmayan bir nəğmədir.
Bəlkə də insanın ən böyük nisgili böyümək deyil, böyüdükcə uşaqlığının qədrini anlamaqdır. Çünki o illərdə yaşadığımız xoşbəxtliyin adını bilmirdik. İndi isə adını bilirik, amma özünə qovuşa bilmirik.
Uşaqlıq bizə vida etmədən getdi... Biz isə illər sonra onun yoxluğuna vida edə bilmədiyimizi anladıq. Və indi hər dəfə keçmişə boylananda içimizdən bir səs pıçıldayır: Kaş bircə dəfə də olsa, o qayğısız günlərə qayıda biləydik. Kaş yenidən ayaqyalın qaça, heç nədən qorxmadan gülə, bir tikə çörəyi dostumuzla bölə, axşam düşəndə anamızın çağırışına tərəf qaça biləydik...
Amma zamanın geri dönən üzü yoxdur. Uşaqlıq da geri qayıtmır. O, ömrümüzün ən işıqlı səhifəsi kimi yaddaşımızda qalır. Biz böyüyürük, dəyişirik, uzaqlaşırıq. Uşaqlığımız isə bir yerdə – xatirələrimizin ən toxunulmaz guşəsində – həmişəlik uşaq qalır.
“Ədəbiyyat və incəsənət”
(19.11.2026)
\


