Xalq Təqvimində qışın astanası: Oktyabr və Noyabr Featured

Nərgiz M.Mustafayeva,

Gəncə Dövlət Universitetinin magistrantı.

“Ədəbiyyat və incəsənət”

 

Xalq təqvimində sentyabrın “Payız köçü” və xəzan müjdəsindən sonra gələn Oktyabr və Noyabr ayları təbiətin tədricən dərin bir sükuta və istirahətə çəkildiyi dövrdür. Ulu babalarımızın zaman hesabında bu iki ay yayın son bərəkətinin evlərə toplanması və “Böyük Çillə”yə hazırlıq mərhələsidir. Bu dönəm həm də elatın qışlaqlarda tam bərqərar olduğu, təsərrüfat qayğılarının həyətdən ev-ocaq başına keçdiyi müdrik bir zamandır.

 

Xalq təqvimində oktyabr ayı “Xəzanın kamil çağı” sayılır. Saralan yarpaqlar artıq budaqlardan tökülür, havalar gündüzlər mülayim olsa da, gecələr kəskin şəkildə soyumağa başlayır. Bağlarda son narlar, heyvalar, xurmalar və gec yetişən üzüm növləri yığılıb tamamlanır. Oktyabrda başlayan bu xəzan ahəngi təbiəti addım-addım qışın kəndarına yaxınlaşdırır.

Bu xəzanın ardınca, xalq təqvimində noyabr ayının ikinci yarısına və sonlarına doğru girən dövr el arasında “Naxırtökən” (bəzi bölgələrdə “Naxırqovan” və ya “Naxırqoyan”) adı ilə tanınır. Bu ifadə sadəcə təsərrüfat termini deyil, əsrlər boyu formalaşmış təbiət müşahidəsinin və çobanlıq məişətinin canlı göstəricisidir. “Naxırtökən” sözü xalq dilində mal-qaranın örüşdən, dağ-dərədən “tökülüb” həyət-bacaya, tövləyə gətirilməsini bildirir. Yazın ilk günlərindən başlayaraq noyabradək otlaqda olan naxır noyabrın kəskin şaxtaları düşəndə artıq çöldə yem tapa bilmir. Şaxta otun şirəsini çəkir, qırov və çiskin otlaqları örtür.

 “Naxırtökən” dövrü xalq etnoqrafiyasındakı “Qışın önü” və ya “Qışın nəfəsi” anlayışı ilə tam olaraq birləşir. Noyabrın 15-20-si radələrindən etibarən dağlara ilk kütləvi qar yağdıqda və aranda kəskin şaxtalar başladıqda, kəndli anlayır ki, artıq “Qışın önü” gəlmişdir. Bu vaxt kəndli mal-qaranı daha çölə buraxmır, naxırı yığışdırıb tam olaraq həyət və tövlə rejiminə keçirir. Bu, kəndli üçün yay boyunca toplanan yemin - samanın, yoncanın rəsmi olaraq istifadəyə verilməsi deməkdir. Babalarımız bu günlərdə tövləyə bağlanan heyvan sayına görə saman və yonca ehtiyatını son dəfə gözəyarı hesablayar, qışın kəskin günlərinə nə qədər yem qalacağını müəyyənləşdirərdilər.

Bu dövrün xalq təqvimindəki əsl fəlsəfəsi isə onun gələcəkdə qarşılanacaq “Qışın arxası” dövrü ilə olan təsərrüfat əlaqəsidir. “Qışın önü” anbarların qapısının açıldığı, ehtiyatların tükənməyə başladığı və heyvanların qapalı rejimə keçdiyi “qənaət və hazırlıq” dövrüdürsə; fevralın sonunda çillələr bitdikdən sonra gələn “Qışın arxası” həmin anbardakı yem qalıqlarının son dəfə yoxlanıldığı, heyvanların yenidən yaşıl örüşə çıxmağa hazırlaşdığı mərhələdir.

Noyabr gələndə həyət-bacada görülən işlər yekunlaşır, damlar qaydaya salınır və təndir-ocaq günün əsas mərkəzinə çevrilir. Ulu babalarımızın “Qışın gözünə çıxmaq” dediyi bu dönəmdə təsərrüfatın ən vacib etnoqrafik ritualları icra olunurdu. Noyabrın sərin şaxtaları düşəndə, ətin xarabolma riski tam aradan qalxdığı üçün qışlıq “qovurma” hazırlanardı. Kəsilən heyvanların əti öz yağında qovrularaq saxsı küplərə basılar, üstü donmuş yağla örtülərək qış boyunca istifadə olunmaq üçün sərin zirzəmilərə qoyulardı. Bu hazırlıqlar məhz “Qışın arxası” yerə vurulana və Boz ay gələnə qədər ailənin əsas qidası olurdu.

Yaylaqda basılmış motal pendirləri və şora qoyulmuş küplər noyabr ayında tam həddinə çatır, qış süfrələrinin bəzəyi olurdu. Qışın şaxtalı günlərində yolların bağlanma ehtimalına qarşı evlərin bucağına kisələrlə un yığılar, həyətlərə odun-çırpı qalanardı.

Oktyabr və Noyabr ayları xalqımızın yaddaşında təbiətlə insan arasındakı harmoniyanın ən gözəl nümunəsidir. Noyabrın sonu ilə payız öz yerini xalq təqviminin ən kəskin, lakin adət-ənənə ilə zəngin dövrünə - Böyük Çilləyə təhvil verir.

 

Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2026)                             

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.