Harun Soltanov,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Bəzən bir şəhərin həqiqi simasını görmək üçün onun ən bahalı restoranlarına, işıqlı prospektlərinə, şüşə fasadlı binalarına baxmaq lazım gəlmir. Bir qədər gec saatlarda küçələrinə çıxmaq, işıqların seyrəldiyi dalanlara dönmək, insanların öz evlərinə çəkildiyi vaxtlarda hələ də küçədə qalanlara nəzər salmaq kifayətdir. Çünki şəhərlərin ən böyük sirri onların nə qədər işıqlı olması deyil, həmin işıqların çatmadığı yerlərdə kimlərin yaşamasıdır.
Həmin gecə Yasamalda, rayonun telefon qovşağının arxasında bir qız mənə yaxınlaşdı. Bir ədəd siqaret istədi. Vermədim. Yaşını soruşdum, gecənin bu vaxtında küçədə nə işi olduğunu, niyə siqaret çəkdiyini öyrənməyə çalışdım. Adının Aysel olduğunu, on doqquz yaşı olduğunu dedi. Üzünə baxanda isə on beş yaşından artıq vermək mümkün deyildi. Ailəsinin olmadığını, bir rəfiqəsi ilə haradasa yaşadığını danışdı. Söhbət əsnasında onun narkotik asılılığına da sürüklənmiş ola biləcəyindən şübhələndim. Bunu təsdiqləyə bilmərəm. Amma danışdıqlarından və qarşımdakı mənzərədən ciddi narahatlıq keçirdim. Təxminən iyirmi dəqiqə söhbət etdik. Sonra mən gecə növbəsinə getdim. O isə küçədə qaldı.
Bax, bütün məsələ məhz həmin sonuncu cümlədə başlayır... "Mən gecə növbəsinə getdim, o isə küçədə qaldı."
İndi bir anlıq düşünək. On doqquz yaşında olduğunu deyən bir qızın gecəyarısından sonra yad adamlardan siqaret istəməsi, ailəsinin olmadığını söyləməsi, harada və hansı şəraitdə yaşadığının qeyri-müəyyən qalması adi bir küçə hadisəsi sayıla bilərmi? Bəlkə kimsə üçün bu, sadəcə, gecə qarşılaşdığı növbəti problemli insandır. Bəlkə də bir başqası çiynini çəkib yoluna davam edəcək. Axı şəhərdə hər gün nə qədər insanla qarşılaşırıq. Hamısının dərdini özümüzlə daşısaq, görəsən, evə necə çatacıq? Bu məntiqlə insanlıq çoxdan özünümüdafiə rejiminə keçib. Başqasının faciəsini görməmək üçün gözümüzü yumuruq, sonra da qaranlıqdan şikayət edirik.
Amma Ayselin hekayəsində bir məsələni xüsusilə anlamaq lazımdır. Biz onun siqaret çəkməsini müzakirə etməməliyik, onun niyə bu vəziyyətə düşdüyünü araşdırmalıyıq. Əgər narkotik asılılığı varsa, onu narkoman damğası ilə küçəyə qaytarmaq yox, müalicəyə və reabilitasiyaya yönləndirmək lazımdır. Əgər ailəsi və himayəçisi yoxdursa, onun gecəni harada keçirəcəyini müəyyənləşdirmək lazımdır. Əgər təhlükə altındadırsa, ilk növbədə təhlükəsizliyi təmin olunmalıdır. İnsan bir dəfə yanlış qərar verdiyinə görə ömürlük cəmiyyətin himayəsindən məhrum edilməməlidir. Xüsusilə də söhbət hələ həyatının başlanğıcında olan bir qızdan gedirsə. Cəmiyyətimizin çox qəribə bir vərdişi var. Uşaqların tərbiyəsindən hamı danışır, ama onların təhlükəsizliyinə gələndə məsul şəxslərin sayı qəfildən azalır. Kimsə gecə küçədə siqaret çəkən qız görsə, əxlaq dərsi verməyə hazırdır. Kimsə onun geyimini, davranışını, dostlarını müzakirə edəcək. Kimsə sosial şəbəkədə ailə dəyərləri haqqında üç səhifəlik paylaşım edəcək. Hətta bəziləri özlərini cəmiyyətin mənəvi təhlükəsizlik xidməti hesab edirlər. Təəssüf ki, həmin xidmətin iş saatları uşaqların köməyə ehtiyac duyduğu gecə saatlarına təsadüfən düşmür.
Mən burda konkret olaraq bir sual vermək istəyirəm. Gecələr şəhərin küçələrində patrul xidməti həyata keçirən əməkdaşlar belə insanlarla qarşılaşanda nə baş verir? Onların arasında yaşı az görünən, himayəsiz, evsiz, narkotik asılılığı riski daşıyan qız və oğlanlar olmurmu? Əgər olurlarsa, həmin görüş yalnız şəxsiyyətin yoxlanılması, xəbərdarlıq və ya küçədən uzaqlaşdırılmaqla bitməlidirmi? Bəlkə həmin əməkdaşların da görməli olduğu başqa bir məsuliyyət var. Təhlükədə olan insanı müəyyənləşdirmək, onun vəziyyətini aidiyyəti sosial xidmətlərə çatdırmaq və kömək ala biləcəyi mexanizmə yönləndirmək. Mən PPX əməkdaşlarından psixoloq, həkim və ya sosial işçi olmalarını gözləmirəm. Onlardan hər küçə uşağının problemini özləri həll etmələrini də tələb etmirəm. Amma ən azı belə insanlarla qarşılaşanda onların arxasında işləyən bir yardım mexanizmi olmalıdır. Bir qız gecə küçədədirsə, onun sadəcə oradan uzaqlaşdırılması problemi həll etmir. O, başqa küçəyə gedəcək. Sabah yenə başqa dalanda görünəcək. Bir müddət sonra isə bəlkə heç kim onun harada olduğunu bilməyəcək. Biz problemi aradan qaldırmamış, sadəcə onu kameranın görmədiyi yerə köçürmüş olacağıq. Statistikada küçə təmizlənəcək, insanın həyatı isə olduğu kimi qalacaq.
Sosial müdafiə qurumlarına, uşaq hüquqları ilə məşğul olan təşkilatlara, sığınacaqlara, reabilitasiya mərkəzlərinə də səslənmək istəyirəm. Bu insanların köməyə ehtiyacı olduğunu anlamaq üçün mütləq faciənin son mərhələsini gözləmək lazımdırmı? Bir insanın həyatı tamamilə dağılandan, xəstəxanaya düşəndən, cinayətin qurbanına çevriləndən və ya küçədə həyatını itirəndən sonra hərəkətə keçmək hansı sosial müdafiə anlayışına sığır? Əgər sistem yalnız hadisədən sonra işləyirsə, onda onun əsas vəzifəsi insanları qorumaq deyil, faciələrin sənədləşdirilməsi olur.
Burda xeyriyyəçilərə, imkanlı insanlara, sahibkarlara və müxtəlif yardım təşəbbüslərinə də müraciət etmək istəyirəm. Yardım dedikdə yalnız bayram ərəfəsində ərzaq bağlamaları paylamaq, şəkil çəkdirmək və sosial şəbəkədə paylaşmaq nəzərdə tutulmamalıdır. Əlbəttə, bunların da öz yeri var. Amma bəzən bir insanın ehtiyacı ərzaq bağlamasından daha mürəkkəbdir. Onun təhlükəsiz qalmağa yeri, sənədlərinin bərpasına dəstək, tibbi müayinə, psixoloji yardım, asılılıq müalicəsi, təhsil və peşə qazanmaq imkanı lazımdır. Bir dəfə əlindən tutmaq kifayət etmir. Həmin əlin yenidən boşluğa düşməməsi üçün davamlı dəstək lazımdır. Xeyriyyəçilik yalnız kiməsə nəsə vermək deyil, onun sabah yenidən eyni vəziyyətə düşməsinin qarşısını almaqdır.
Müasir dünyada insanlıq Marsda həyat axtarır, süni intellekt yaradır, genetik xəstəliklərin müalicəsi üzərində işləyir. Biz texnologiyanın köməyi ilə dünyanın istənilən nöqtəsinə saniyələr ərzində çata bilirik. Amma bəzən öz şəhərimizdə bir uşağın harada gecələdiyini müəyyənləşdirə bilmirik. Kainatın milyardlarla işıq ili uzaqlığındakı qaranlığı araşdıran bəşəriyyət öz küçəsindəki qaranlığa qarşı bu qədər aciz görünür. Bəlkə də problem texnologiyanın çatışmazlığında deyil. Bəlkə problem ondadır ki, biz insan həyatının qiymətini onun nə qədər faydalı, uğurlu və cəmiyyətə yararlı olması ilə ölçməyə alışmışıq. Halbuki köməyə ən çox ehtiyacı olanlar çox vaxt özlərini müdafiə etmək üçün heç bir imkanları olmayanlardır. Mən Ayselə kömək edə bilmədim. Bunu yazmaq mənim üçün asan deyil. Təxminən iyirmi dəqiqə danışdıqdan sonra gecə növbəsinə getdim. Öz işim, öz məsuliyyətlərim, öz dolanışığım vardı. Mən də səhərə qədər işləməli olan adi bir insan idim. Onu orada qoyub getməyim mənim üçün xoş bir xatirəyə çevrilmədi. Amma bu hadisəni yazmaqda məqsəd özümü yaxşı insan kimi göstərmək də deyil. Mən sadəcə, həmin gecə qarşıma çıxan bir insanın hekayəsinin başqa küçələrdə, başqa məhəllələrdə, başqa adlarla davam etməsini istəmirəm.
Bəlkə hazırda başqa bir Aysel Bakının hansısa dalanında gecələyir. Bəlkə bir oğlan metro çıxışında kimsədən pul istəyir, amma əslində gecələməyə yer axtarır. Bəlkə başqa bir yeniyetmə narkotik asılılığının ilk mərhələsindədir və hələ onu bu yoldan qaytarmaq mümkündür. Bəlkə də kimsə bir neçə gündür evə qayıtmayıb, amma heç kim onun yoxluğunu hiss etməyib. Biz onların hamısının adını bilmirik. Amma onları görmək, müəyyənləşdirmək və kömək üçün düzgün ünvanlara çatdırmaq mümkündür.
Bu yazını oxuyan PPX əməkdaşına, sosial xidmət işçisinə, reabilitasiya mərkəzinin rəhbərinə, xeyriyyəçiyə, sahibkara, imkanlı vətəndaşa, aidiyyəti qurumlarda çalışan hər kəsə müraciət edirəm. Gecələr küçələrdə rastlaşdığınız bu insanlara bir qədər başqa cür baxın. Onların arasında sadəcə qayda pozanlar yox, müdafiəyə, müalicəyə, sığınacağa və yenidən həyata qayıtmaq üçün imkana ehtiyacı olan insanlar var. Aidiyyəti qurumlar belə halların aşkarlanması və yönləndirilməsi üçün gecə fəaliyyət göstərən əlaqələndirmə mexanizmlərini gücləndirsinlər. Sığınacaqlar və reabilitasiya mərkəzləri müraciət yollarını əlçatan etsinlər. Xeyriyyəçilər fərdi və birdəfəlik yardımlarla kifayətlənməyib davamlı dəstək proqramlarına qoşulsunlar. Küçədə təhlükə altında olan hər bir insanın müraciət edə biləcəyi aydın, işlək və insan ləyaqətini qoruyan bir sistem olsun.
Mən bir siqaret vermədim. Amma indi istəyirəm ki, bu yazıdan sonra kimsə bir qapı açsın. Bir sığınacaq rəhbəri öz mərkəzində boş yer olub-olmadığını yoxlasın. Bir sosial işçi gecə küçələrində belə insanları müəyyənləşdirmək üçün təşəbbüs göstərsin. Bir PPX əməkdaşı rastlaşdığı növbəti Ayselin sadəcə haradan gəldiyini deyil, gecəni harada keçirəcəyini də soruşsun. Bir xeyriyyəçi kiminsə həyatını dəyişmək üçün büdcəsindən yer ayırsın. Çünki Ayselin bizdən istədiyi bəlkə də heç vaxt bir siqaret olmayıb. Bəlkə o, sadəcə, iyirmi dəqiqəlik də olsa, kimsənin dayanıb onunla danışmasını istəyirdi. Mən onun həyatını dəyişə bilmədim. Amma onunla qarşılaşdıqdan sonra bir şeyi daha aydın gördüm. Kömək edə biləcək insanlar, qurumlar və imkanlar mövcud olduğu halda, bir insanın küçədə itib getməsi qəbul edilə bilən taleyə çevrilməməlidir.
Və xahiş edirəm, növbəti dəfə gecə gəzintisinə çıxanda küçədə bir Aysel görsəniz, onu səhərə qədər orada qalmağa məhkum etməyin. Çünki bəzən bir uşağın həyatını xilas etmək üçün lazım olan yeganə şey, dünyanın nəhayət onun qarşısında dayanmasıdır...
“Ədəbiyyat və incəsənət”
(13.11.2026)


