Bir gün sənin də növbən çatacaq – 1-Cİ YAZI Featured

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Yəqin ki, hər kəsin bu dünyada öz taleyi, Tanrı qarşısında da bir hesabı var. Kimisi ömrünü sadəcə yaşamaqla keçirir, kimisi isə bu yaşamağın arxasında gizlənən səbəbi anlamağa çalışır.

 

Bir xalq üçün yazmaq, sözlərin arasına basdırılmış həqiqətləri üzə çıxarmaq, görünənlərin arxasında görünməyənləri axtarmaq, bəzən də bütün bu axtarışların sonunda insanın özünə rast gəlməsi... Bunlar vaxtını dedi-qodu ilə, başqalarının həyatını müzakirə etməklə dolduran adamlara, əlbəttə, mənasız görünə bilər. Onları qınamaq da çətindir. Hər kəs düşüncəsinin çatdığı yerə qədər maraqlanır, zehni dünyasının icazə verdiyi qədər əylənir. Amma bir həqiqət var ki, bəzən bir cümlə yazmaq üçün insanın daxilində bütöv bir dünyanın uçması, illərlə toxunulmamış yaraların yenidən açılması, hətta öz həqiqətləri ilə üz-üzə gəlmək cəsarəti tələb olunur. Çünki söz həmişə mürəkkəblə yazılmaz, dostum. Bəzən insanın susduğu illərin, udduğu etirazların və heç kimə danışmadığı məğlubiyyətlərin hesabına yaranır.

Təəssüf ki, dağıntıdan yalnız daş-qaş axtaranlar heç vaxt anlamayacaqlar ki, bəzi insanlar xarabalıqda nəsə tapmaq üçün deyil, orada nəyin dağıldığını başqalarına göstərmək üçün dolaşırlar. Gəl dostum, keçək əsas məsələyə.

Bir səhər təsəvvür et ki, gözlərini açırsan və şəhərin bütün sakinləri eyni vaxtda psixiatriya xəstəxanasından sağlamlıq arayışı alıblar. Həkimlər heç kimi müayinə etməyiblər, çünki buna ehtiyac görməyiblər. Şəhərdə hər şey qaydasındadır. İnsanlar işə gedir, avtobuslarda bir-birinin ayağını tapdalayır, mağazalarda qiymətlərdən şikayət edir, axşamlar ailə süfrəsi arxasında başqalarının həyatını müzakirə edir, gecələr isə sosial şəbəkələrdə mənəviyyat haqqında mühazirələr oxuyurlar. Hamı özünü normal hesab edir. Yalnız bir nəfər bu mənzərədə qəribəlik görür. O, insanların bir-birinə münasibətindən, ədalət anlayışından, danışdıqları ilə etdikləri arasındakı uçurumdan narahat olur. Bir müddət sonra həmin adamın davranışları diqqət çəkir. Çox sual verir, bəzi qaydaları qəbul etmir, bəzən susur, bəzən də hamının güldüyü yerdə gülmür. Nəhayət, onu müayinəyə aparırlar. Həkimlər uzun müzakirədən sonra diaqnozu müəyyənləşdirirlər. Cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən fərd. Müalicə planı da sadədir. Bir az susmaq, bir az güzəştə getmək və mümkün qədər başqalarına bənzəmək. Beləliklə, şəhərin sağlamlığı qorunur. Xəstə isə artıq özünü sorğulamağa başlayır.

Əslində, insanın ən böyük bədbəxtliklərindən biri öz həqiqətini başqalarının razılığı ilə ölçməyə başlamasıdır. Əvvəlcə ona necə danışmalı olduğu öyrədilir, sonra necə geyinməli, kimlə dostluq etməli, nə vaxt evlənməli, hansı peşəni seçməli, nəyə inanmalı və hansı arzularından imtina etməli olduğu izah edilir. Bu göstərişlərin hər biri müəyyən qədər təcrübədən, qorxudan, ənənədən və bəzən də səmimi qayğıdan doğa bilər. Ancaq zaman keçdikcə insanın həyatına dair tövsiyələr onun həyatını idarə etmək hüququna çevrilir. Cəmiyyət öz narahatlıqlarını fərdin gələcəyi adı altında təqdim edir. Özünün cəsarət etmədiyi seçimləri başqasına qadağan edir, özünün yaşaya bilmədiyi həyatı başqasına təhlükəli göstərir. Sonra da bütün bunları tərbiyə adlandırır.

Çox qəribədir, insanın azadlığını əlindən almaq üçün bəzən həbsxana tikməyə ehtiyac yoxdur. Onun ətrafında kifayət qədər narahat qohum, qayğıkeş tanış və əxlaq keşikçisi toplamaq kifayətdir.

 İndi bir anlıq güzgünün qarşısında dayandığını düşün. Orada gördüyün adamın üz cizgiləri sənə tanışdır, ama onun həyatına nə qədər bələd olduğunu bilmirsən. Seçdiyi peşəni həqiqətən istəyibmi? Qurduğu münasibətləri özü seçibmi? İmtina etdiyi arzularından hansını qorxduğu üçün, hansını başqalarının xətrinə dəyməmək üçün basdırıb? Bəlkə də illər əvvəl özünə verdiyi sözlərin heç birini xatırlamır. Bəlkə də vaxtilə nifrət etdiyi adamlara bənzəyib, sadəcə, bunu qəbul etmək istəmir. İnsan özündən belə yavaş-yavaş uzaqlaşa bilir. Əvvəlcə müəyyən mühitə uyğunlaşmaq üçün davranışını dəyişir, sonra həmin davranış xarakterinə çevrilir. Bir müddət sonra maskanı çıxarmaq istəyəndə üzünün də onunla birlikdə dəyişdiyini görür. Ən qəribəsi, artıq maskanı daşımaq ona ağır gəlmir. Çünki yadlaşma həmişə ağrı ilə müşayiət olunmur. Bəzən insan özünün yoxluğuna da alışır.

 Cəmiyyət bu prosesdə kifayət qədər səxavətlidir. Sənə hazır şəxsiyyət təqdim edir, onunla birlikdə istifadə qaydalarını da verir. Uğur qazanmalısan, amma başqalarının müəyyən etdiyi uğur meyarları ilə. Xoşbəxt olmalısan, amma bunun üçün təsdiqlənmiş sosial ssenaridən kənara çıxmamalısan. Fərqli düşünə bilərsən, təki bu fərqlilik heç kimin rahatlığını pozmasın. Öz həyatını yaşaya bilərsən, təki həmin həyat ətrafındakı insanların gözləntilərinə uyğun gəlsin. Beləcə, insanın qarşısına qəribə bir seçim qoyulur. Ya özün ol, ya da hamının səni qəbul etdiyi adam. Əksəriyyət ikinci variantı seçir. Çünki tənhalıq azadlığın ən ağır vergilərindən biridir. İnsan bəzən başqalarının sevgisini itirməmək üçün özünə olan hörmətini hissə-hissə girov qoyur. Maraqlıdır ki, bu girov əməliyyatının ən fəal iştirakçıları çox vaxt mənəviyyatdan danışan adamlardır. Onların hər kəs üçün bir əxlaq qaydası, hər səhv üçün bir hökmü, hər fərqlilik üçün hazır diaqnozu var. Başqasının həyatına baxarkən hakim kürsüsündə əyləşirlər, öz həyatlarına baxarkən isə müttəhimlər kürsüsünü təmirə bağlayırlar. Birinin yalanını xarakter pozuntusu, öz yalanlarını zərurət hesab edirlər. Başqasının sevgisini mühakimə edir, öz xəyanətlərinə həyatın mürəkkəbliyi adı verirlər. Hər kəsin günahını görmək üçün optik cihazları var, amma öz daxilindəki kićik cinayətləri aşkar etmək üçün mikroskopları işləmir. Əxlaqın qəribə bazarı yaranı. Burda hər kəs başqasının qüsurunu satır, öz qüsurunu isə mənəvi endirimlə bazara çıxarır.

Bəlkə də insanın başqasını mühakimə etməyə bu qədər ehtiyac duymasının səbəbi öz daxili ziddiyyətləri ilə üzləşməkdən qorxmasıdır. Çünki başqasının səhvi haqqında danışmaq insanın öz səhvlərini bir müddətlik görünməz edir. Kollektiv qınaq bu baxımdan çox rahat psixoloji sığınacaqdır. Bir nəfəri ortalığa çıxarıb hamılıqla mühakimə edəndə heç kim öz həyatına baxmağa vaxt tapmır. Kütlə içində fərdi məsuliyyət hissi də qəribə şəkildə zəifləyir. Təkbaşına utanc verici hesab etdiyimiz bir davranışı on nəfərlə birlikdə etdikdə onu adi hadisə kimi qəbul edə bilirik. Bir insanı alçaltmaq qəddarlıqdır, yüz insanın eyni adamı alçaltması isə bəzən ictimai rəy adlandırılır. Sanki qəddarlığın iştirakçı sayı artdıqca onun mənəvi məsuliyyəti azalır. İnsanlığın texnoloji tərəqqisi ilə mənəvi davranışları arasındakı ziddiyyətə baxanda bu mənzərə daha da absurdlaşır. Biz kainatın dərinliklərini araşdırır, süni intellekt yaradır, insan beyninin mürəkkəb mexanizmlərini öyrənirik. Bir neçə saniyədə dünyanın o biri başındakı hadisədən xəbər tuta bilirik. Ancaq eyni otaqda oturduğumuz insanın niyə susduğunu anlamağa səbrimiz çatmır. Marsda həyat axtarırıq, amma öz ailəmizdəki insanın illərdir niyə bədbəxt yaşadığını soruşmuruq. Kainatın sirlərini açmaq üçün milyardlarla vəsait xərcləyirik, lakin başqasının fərqli həyat seçiminə dözmək üçün bir az emosional yetkinlik belə sərf etmək istəmirik.

                   

2-ci yazı sabah, eyni vaxtda.

 

“Ədəbiyyat və incəsənət”

(10.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.