Sən özündə deyilsən... - ESSE Featured

Fatimə Məmmədova, 

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dostum, sən heç nə etdiyinin fərqindəsən? Bir dayan, ətrafına bax. Axırıncı dəfə nə vaxt kiminsə gözünün içinə baxıb onu həqiqətən dinləmisən? Nə vaxt bir insanın susmağının arxasında nə gizləndiyini anlamağa çalışmısan? Nə vaxt özünə kənardan baxıb bu həyatda kimə çevrildiyini soruşmusan?

 

Sən tələsirsən. Hamı kimi tələsirsən. Harasa çatmağa, kimisə keçməyə, nəyisə sübut etməyə çalışırsan. Ancaq qəribədir, bu qədər yol gedirsən, bu qədər insanın arasından keçirsən, amma özündən getdikcə uzaqlaşırsan. Bir vaxtlar səni incidən şeylərə indi özün səbəb olursan. Bir vaxtlar sənə yaşatdıqlarına görə insanlardan incik düşürdün, indi eyni ağrını başqasına yaşadırsan. Üstəlik, özünə elə izahlar tapırsan ki, bir anlıq haqlı olduğuna özün də inanırsan...Dostum, sən nə vaxt belə oldun?

Yox, yox, cavab verməyə tələsmə. Onsuz da bu sualın cavabını çoxdan özündən gizlədirsən. Çünki insanın özünə etiraf edə bilmədiyi həqiqətlər var. Başqasının üzünə baxıb səhvlərini saymaq asandır, amma güzgünün qarşısında dayanıb öz nöqsanlarını görmək cəsarət istəyir. Biz isə çox vaxt cəsarətli görünməyi cəsarətli olmaqdan üstün tuturuq. Haqlı çıxmaq üçün saatlarla danışır, haqsız olduğumuzu anladığımız anlarda isə susmağın min bir yolunu tapırıq. Bir düşün, dostum. Sən də bir vaxtlar kiminsə səni anlamasını istəyən insan olmusan. Sözünün yarıda kəsilməsindən incimisən. Səni dinləmədən haqqında qərar verənlərə əsəbiləşmisən. Ən çətin günündə bir nəfərin belə halını soruşmamasını unuda bilməmisən. Bəlkə də gecələr heç kimə danışmadığın şeyləri düşünüb səhərə qədər gözünü yuma bilməmisən. Onda özünə söz vermisən ki, heç vaxt heç kimə belə hiss etdirməyəcəksən. Bəs sonra nə oldu? Sən özünə verdiyin o sözü harada itirdin?

Səni anlamayanlara bənzəməmək üçün yola çıxmışdın, amma bir gün özün də insanları dinləmədən mühakimə etməyə başladın. Səni yarı yolda qoyanlara qəzəblənmişdin, amma bir gün başqasının sənə ehtiyacı olduğu yerdə üzünü çevirib getdin. Vaxtilə bircə xoş sözə möhtac olduğun halda, indi qarşındakı insanın qəlbini qıran sözləri heç düşünmədən dilinə gətirirsən. Sanki yaşadıqların sənə insan olmağı deyil, özünü qorumaq adı ilə başqalarını incitməyi öyrədib.

 

Bilirsən,insan çox vaxt dəyişdiyini hiss etmir. O, hər gün bir az sərtləşir, bir az laqeydləşir, bir az da özünü haqlı hesab edir. Hər dəfə kiminsə xətrinə dəyəndə bir bəhanəsi hazır olur: "Əsəbi idim", "Məni o həddə çatdırdı", "Mən də insanam", "Özü günahkardır". Beləcə, öz səhvlərini izah etməkdə ustalaşır, amma onları düzəltməkdə getdikcə tənbəlləşir.

Dostum, sənə bir söz deyim? Sənin də ağrın ola bilər. Sənin də yorğunluğun, məyusluğun, heç kimə danışmadığın dərdin ola bilər. Həyat səni də incidə, güvəndiyin insanlar səni də yarı yolda qoya bilər. Heç kim səndən həmişə güclü olmağı, hər kəsi bağışlamağı, hər kəsə gülümsəməyi tələb etmir. Sənin də susmağa, uzaqlaşmağa, özünü qorumağa haqqın var. Amma sənin çəkdiyin ağrı başqasına ağrı vermək üçün sənə icazə vermir. Sənin keçmişin başqasının gələcəyində yara açmağa haqq qazandırmır. Çünki səni incidən adamın günahını niyə heç bir aidiyyəti olmayan biri çəkməlidir? Sənə vaxtında dəyər verməyənlərin əvəzini niyə bu gün səni sevən biri ödəməlidir? Bir insanın sənə etdiyini başqasına etmək səni haqlı çıxarmır. Sadəcə, ağrının ünvanını dəyişir. Dünən sən ağlayırdın, bu gün başqa biri sənin üzündən ağlayır.  Bəlkə də o da bir gün sənin kimi oturub öz-özünə deyəcək: "Mən heç kimə belə etməyəcəyəm". Beləcə, bir insanın qəlbində başlayan ağrı başqa bir insanın həyatına keçir. Hamı öz yarasını göstərir, amma çox az adam başqasına açdığı yaranı görmək istəyir. Bəs biz nə vaxt dayanacağıq?

Nə vaxt başımıza gələnləri başqasının başına gətirməklə hesablaşmağın mümkün olmadığını anlayacağıq? Nə vaxt kiminsə bizə etdiyi pisliyin bizi də pisliyə məcbur etmədiyini qəbul edəcəyik? Nə vaxt özümüzə bu sualı verəcəyik: "Mənə bunu etsəydilər, nə hiss edərdim?"

Bəlkə də dünyanın ən çətin suallarından biri elə budur. Çünki bu sualın qarşısında nə vəzifəmiz köməyə çatır, nə pulumuz, nə də başqalarının gözündə yaratdığımız obraz.  Sən hamının gözündə yaxşı insan ola bilərsən. İnsanlar səni tərifləyə, uğurlarına sevinə, yanında gülümsəyə bilərlər. Hamı sənin nə qədər çalışqan, bacarıqlı, mərhəmətli olduğunu düşünə bilər. Amma heç kimin görmədiyi yerdə necə davrandığın da səni sən edən şeylərdəndir. Sənə heç bir faydası dəyməyəcək insana münasibətin, səndən zəif birinin qarşısında necə dayandığın, səhv edəndə üzr istəyib-istəmədiyin, birinin sirrini öz xeyrinə istifadə edib-etmədiyin... Bunlar sənin haqqında heç kimin bilmədiyi, amma sənin özündən gizlədə bilmədiyin həqiqətlərdir.

Bax, dostum, insanın kim olduğu elə belə anlarda üzə çıxır. Hər kəsin qarşısında düzgün görünmək mümkündür. Özünlə tək qalanda da düzgün qala bilmək isə tamam başqa məsələdir.

 

Bir də bu var: sən heç düşünmüsənmi, həyatından çıxıb gedən bəzi insanlar niyə geri qayıtmırlar? Bəlkə sən onların getməsini sadəcə nankorluq adlandırmısan. Bəlkə özünü haqlı, onları günahkar saymısan. Amma heç bir dəfə də olsun onların yerinə keçib düşünmüsənmi? Bəlkə onlar səndən birdən-birə vaz keçməyiblər. Bəlkə dəfələrlə danışmağa çalışıblar, sən dinləməmisən. Dəfələrlə incindiklərini hiss etdiriblər, sən anlamamısan. Dəfələrlə münasibəti düzəltmək üçün addım atıblar, sən onların həmişə qalacağını düşünüb heç nə etməmisən.

İndi özünə bir sual ver: Sən bu dünyadan keçəndə insanların həyatında nə qoyub gedəcəksən -yaxşılığını, yoxsa sağalması illər çəkəcək izlərini?

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.