Kəlağayı – xanımlarımızın milli baş tacı Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.

“Ədəbiyyat və incəsənət”


Bu yazıda subyektiv baxışlarım və şəxsi məlumatlarımdan əlavə, açıq internet portalları üzərində yayımlanmış bilgilərdən istifadə edərək əsasən Azərbaycan xanımlarının milli baş geyimi olan kəlağayı barədə bir sıra məlumatları sizlərlə bölüşmək istəyirəm:

Kəlağayının tərifi:
Kəlağayı Azərbaycan qadınlarının ipək sapdan toxunmuş qədim, dördkünc milli baş örtüyüdür. Kəlağayı müxtəlif rənglərdə hazırlanır. Kəlağayı Azərbaycan xanımlarının ənənəvi həyat tərzinin, qadın zərifliyinin və milli kimliyinin simvoludur. Bu gözəl baş örtüyü İpək Yolu vasitəsilə Qafqaz, İran, Orta Asiya və Anadolu mədəniyyətlərinə də təsir göstərmiş və geniş yayılmışdır.
Kəlağayı toy, nişan, yas və gündəlik həyatda müxtəlif məqsədlə istifadə edilir. Onun naxış və rəngləri də xüsusi mənalar daşıyır...

Sözün etimologiyası və mənası:
Kəlağayı sözünün leksik mənası və mənşəyi haqqında bir neçə əsas versiya təqdim edilmişdir. O cümlədən:
1. Qədim türk kökləri: Sözün qədim türk dillərindəki "kəllə" (baş) və "ğayı" (bağlamaq, qorumaq) sözlərinin birləşməsindən əmələ gəldiyi və birbaşa "başa bağlanan örtük" mənasını verdiyi ehtimal olunur.
2. Kəlağayı sözündəki "kəllə" sözünün (baş), "ğayı" sözünün isə "tac" anlamında olduğu, beləliklə də kəlağayı sözünün "başın tacı" mənasında olduğu ehtimal edilir.
3. Kəlağayı sözündəki "kəllə" sözünün (baş), "ğayı" sözünün isə "ağ" anlamında olduğu, beləliklə də kəlağayı sözünün "başa örtülən ağ rəngli parça" mənasında olduğu ehtimal olunur. Bu da kəlağayının əvəllər daha çox ağ rəngdə istehsal edilməsi ilə bağlı bir ehtimaldır.
4. Bəzi mənbələrdə isə kəlağayının üzərinə naxış vurulan qəliblərin qədimdə kəl (öküz) dırnağından (kəl ayağından) hazırlanması ilə bağlı olduğu güman edilir...

Naxışları və rəngləri:
Kəlağayının naxışları və rəngləri ilə bağlı əsasən bunları qeyd etmək daha faydalıdır:
Buta: Kəlağayının əsas və vazkeçilməz naxış elementidir. Burada "Şah buta", "Saya buta" və "Xırda buta" növləri mövcuddur.
Həndəsi və nəbati motivlər: Təbiətdən alınmış ilhamla ağac və ya metal qəliblər (basmanaxış) vasitəsilə vurulur.
Əsas rənglər: Qırmızı, qara, ağ, noxudu, bənövşəyi və çəhrayı tonlar üstünlük təşkil edir. Qırmızı kəlağayı ənənəvi olaraq toy və gəlinlik adətləri ilə bağlıdır. Qara rəngli kəlağayı isə əsasən yas məclislərində istifadə olunur.

Simvolik mənası və dəyərləri:
Kəlağayının simvolik mənası və dəyərləri barədə bunları təqdim etmək olar:
1. Mənəvi simvol: Gözəllik, ismət, ləyaqət, ehtiram və sədaqət rəmzidir.
2. Mərasim rolu: Toylarda, nişanlarda və yas mərasimlərində istifadə olunur; hər bir mərasimin xarakterinə uyğun rəng və naxış seçilir.
3. Yaş və status: Tarix boyu gənc qızlar daha əlvan, yaşlı qadınlar isə nisbətən tünd rəngli kəlağayılara üstünlük vermişlər.

Kəlağayının tarixi və mənşəyi:
Kəlağayı barədə araşdırma aparan tədqiqatçılar onun yaranma tarixinin Azərbaycanın ipəkçilik ənənələri ilə birbaşa bağlı olduğunu bildirirlər. Onlara görə, bu sahədə ilk nümunələr Orta əsrlərdə Şirvan və Basqal kimi bölgələrdə ipək parçaların əl işləri ilə hazırlanması yolu ilə meydana çıxıb. Arxeoloji tapıntılar, min illərlə bu geyim növünün Azərbaycanın gündəlik həyatında və mərasimlərində mövcud olduğunu sübut edir. X əsrdə yazılmış və müəllifi bəlli olmayan "Hüdudul-aləm" coğrafi traktatında qədim və sirli Muğan diyarının Bərzənd şəhərində yüksək keyfiyyətli baş örtüklərinin toxunduğu barədə məlumat verilmişdir...
Məlumat üçün qeyd etmək lazımdır ki, ipəkçilik sənətinin tarixi e.ə. III minillikdə Qədim Çində başlamış, sonradan Böyük İpək Yolu vasitəsilə qlobal miqyasda yayılaraq bəşəriyyətin ən mühüm sənət və ticarət sahələrindən birinə çevrilmişdir.
Odlar Yurdu Azərbaycan da bu qədim sənətin ən köklü və zəngin ənənələrinə malik olan qlobal mərkəzlərindən biridir. Bu baxımdan, Azərbaycan xanımlarının milli baş örtüyü olan kəlağayının təxminən 1500 ilə yaxın qədim tarixə malik olduğunu söyləmək uyğun mövzuda məqbul fikir sayıla bilməz. Çünki ipəkçilik sənətinin bu ellərdə məhz Erkən orta əsrlərdə (təxminən 1100-1500 il öncə) peyda olduğunu söyləmək üçün tutarlı fakt təqdim edilməlidir. Belə bir fakt isə mövcud deyil. Çünki uyğun mövzuda aparılan araşdırmalar məhdud və bir çox hallarda ehtimal əsasındadır.
İpəkçilik sənətinin Azərbaycanda VII əsrdən etibarən kütləvi olaraq başlandığını söyləmək mümkün olsa da, belə bir fikir Odlar Yurdu Azərbaycanda ondan öncə kəlağayı sənətinin mövcud olmadığını iddia, eyni zamanda belə bir fikiri təkzib etmir. Məsələn bəzi məlumatlara görə, eramızdan əvvəl V-VI əsrlərdə (İran şahı I Daranın dövründə) saray qadınları arasında kəlağayının yayıldığı qeyd olunur. Bu tarixi məlumatın öz təsdiqini tapdığı təqdirdə, xüsusilə də onun harada hazırlandığı və saraya necə gedib çıxdığını araşdırdıqda, kəlağayının minimum 2500 il öncə mövcud olduğunu söyləmək olar.
Acı həqiqət bundan ibarətdir ki, təəssüflə qədim və sirli tariximizin bir çox sahələri kimi milli geyimlərimizin tarixi də ətraflı və əhatəli şəkildə araşdırılmamışdır. Odur ki, kəlağayının tarixini Erkən orta əsrlər dövrünə aid edib, onun tarıxini 1500 il həddində azaltmaq düzgün yanaşma deyil...

Əsas istehsal mərkəzləri:
Qədim dövrlərdə Odlar Yurdu Azərbaycanın Şirvan, Muğan, Gəncə və digər bölgələrində kəlağayı istehsalı mövcud olsa da, son əsrlərdə onun istehsalı əsasən İsmayıllı rayonunun Basqal və Lahıc qəsəbəsində, həmçinin, Şəki şəhərində davam etdirilir. Bu yerlər kəlağayı sənətinin günümüzə qədər gəlib çatmış əsas mərkəzləridir. Məlumat üçün qeyd etmək lazımdır ki, ölkəmizin qərb zonasında bu baş örtüyünə bəzən "çarqat" da deyilir. Bu isə baş örtüyü və ya dördkünc baş örtüyü anlamındadır.

Kəlağayının hazırlanma texnologiyası:
Ənənəvi kəlağayı istehsalı mürəkkəb və incə texnologiyaya əsaslanır. Əvvəlcə ən keyfiyyətli təbii ipək saplardan toxunan parça hazırlanır. Bu parça "çəhrayı", "ağca" və ya "xam kəlağayı" adlandırılır və boyanmağa hazır vəziyyətdə olur.
Kəlağayının əsas xüsusiyyətlərindən biri, onun xüsusi boyalarla və əl naxışları ilə bəzədilməsidir. "Basma" adlanan üsulla, xüsusi taxta və ya mis qəliblərin üzərinə naxışlar işlənir. Boyama prosesi təbii bitki boyaları və su ilə aparılır, bu da kəlağayının ekoloji təmiz və sağlamlıq üçün zərərsiz olmasına səbəb olur.

Kəlağayının beynəlxalq əhəmiyyəti:
2014-cü ildə Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu, təkcə milli mədəniyyətin deyil, həm də kəlağayı ustalarının çoxillik zəhmətinin beynəlxalq səviyyədə tanınması deməkdir. UNESCO-nun məlum qərarı Azərbaycanda kəlağayı istehsalının və ənənəvi sənətlərin qorunmasına böyük stimul vermişdir...

Kəlağayının önəmi:
Kəlağayı Odlar Yurdu Azərbaycan ellərində ulu nənələrimiz və analarımız ən müqəddəs və önəmli baş örtüyü olmuş və bu günədək öz varlığını qoruyub saxlamışdır.
Yurdumuz əsrlər boyu ayrı-ayrı imperiyaların istilası altında olduğuna görə, azərbaycanlı xanımların baş örtüyü də müxtəlif zamanlarda dəyişmiş və fərqli formalalara çevrilmişdir. Məsələn VII əsrdə (642-ci ildə) İslam dininin Qafqaz regionu və Azərbaycana gəlişinin ardınca kəlağayı sənəti daha da zəifləmiş və İslam təlimlərində mövcud olan hicab (örtünmə) təlimi əsasında öz yerini ərəblərin çarşabı və örtünmə geyimlərinə vermişdir. Lakin hər bir halda unutmamalıyıq ki, İslam şəriətində mövcud olan hicab təlimi ümumi xarakter daşıyır. Onun rəngi, növü və forması isə bu dini qəbul etmiş müxtəlif millətlər və xalqların öz milli adət-ənənəsi və milli geyim mədəniyyətinə həvalə edilmişdir. Heç bir dini mətndə (Quran və Sünnədə) ərəblərə xas olan çarşabın və baş örtüyünün digər xalqlar və millətlərdən olan müsəlman xanımlara vacib edildiyini göstərən heç bir sübut mövcud deyil...
Hər halda milli kimliyinə sadiq olan hər bir kəs əsrlər və minilliklərdən süzülünb gələn kəlağayının adı və hörmətini uca tutmağa, onu yaşatmağa və layiq olduğu dəyəri verməyə mükəlləfdir.
Kəlağayı Azərbaycan xanımlarının baş örtüyü və milli geyim elementidir. O, təkcə bəzək deyil, həm də ləyaqət, saflıq, ailə bağları və sosial statusun simvoludur.
Bu gün Dövlət və ictimai təşkilatlar kəlağayı sənəti və ənənəsinin qorunması və təbliği üçün xüsusi proqramlar və layihələr həyata keçirir. Xüsusilə də bununla bağlı ara-sıra müxtəlif şəhərlərdə müəyyən tədbirlərin şahidi oluruq. Lakin bu kimi ictimai-mədəni tədbirlər bayağı və şou göstərmək üçün deyil, tam mənada səmimi, səviyyəli, əsaslı və düşünülmüş formada həyata keçirilməli, son hədəf olaraq kəlağayının xanımlar tərəfindən sevilməsinə təkan verməlidir.
Unutmayaq ki, kəlağayı sonradan peyda olmuş və ya ayrı bir xalqdan alınmış baş örtüyü deyil, əslində bu millətin ismətli və dəyərli olan ulu nənələri və analarının qədim, həm də müqəddəs baş geyimidir. Milli sərvətimiz və xanımlarımızın milli baş tacı olan kəlağayını qorumaq, adı və dəyərini uca tutmaq və gələcək nəsillərə ötürmək hər birimizin, xüsusilə də xanımların görəvidir...

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.