”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Bəzən insan yaşadığı həyata baxır və qəribə bir hiss keçirir: elə bil bütün bunlar onun başına gəlib, amma heç biri tam olaraq onun seçimi olmayıb. Günlər keçib, illər bir-birini əvəz edib, müəyyən qərarlar verilib, bəzi qapılar açılıb, bəziləri bağlanıb. İnsan yaşayıb, mübarizə aparıb, gözləyib, ümid edib, itirib, yenidən başlayıb. Kənardan baxanda onun bir həyatı var. Xatirələri, təcrübələri, qazandıqları, itirdikləri, danışa biləcəyi hekayələri var. Amma bəzən bütün bunların ortasında elə bir boşluq yaranır ki, insan özündən soruşur: mənim yaşamadığım həyat hara getdi? Heç vaxt vermədiyim qərarların, gerçəkləşdirmədiyim arzuların, cəsarət edib gedə bilmədiyim yolların, ürəyimdə qalıb dilimə gətirmədiyim sözlərin taleyi nə oldu? Mən yaşadığım ömrün içində yaşaya bilmədiyim ömrü necə daşıyıram?
Bu sualların cavabı yoxdur. Bəlkə də ona görə insan onları verməkdən qorxur. Çünki cavab axtarmağa başlayanda təkcə keçmişlə deyil, öz seçimləri ilə də üzləşməli olur. Vaxtında susduğu yerləri, getməyə cəsarət etmədiyi yolları, qorxduğu üçün təxirə saldığı arzuları xatırlayır. Bəzən özünü günahlandırır, bəzən taleyi, bəzən də heç kimə aid olmayan bir təsadüfü. Hər şeyin başqa cür ola biləcəyi ehtimalı insanın qarşısında dayanır və onu rahat buraxmır. Çünki insanın ağrısı həmişə başına gələnlərlə məhdudlaşmır. Bəzən başına gəlməyənlər də onu incidir.
Biz itirdiyimiz şeylər üçün yas tutmağı az-çox bilirik. Bir insan gedəndə onun yoxluğunu hiss edirik, bir münasibət bitəndə xatirələrə qayıdırıq, bir arzu puç olanda məyus oluruq. İtkinin adı var, səbəbi var, bəzən hətta vidalaşmaq üçün bir günü, bir məkanı, sonuncu dəfə deyilmiş bir sözü də var. Amma heç vaxt yaşamadığımız həyat üçün necə yas tutaq? Heç vaxt bizim olmayan, amma ola biləcəyini düşündüyümüz bir gələcəklə necə vidalaşaq? Həyatımızda baş verməyən hadisələrin xatirəsi olmaz, amma onların ehtimalı bəzən yaşanmış bir hadisə qədər güclü hiss olunur. Çünki insan yalnız başına gələnlərlə yaşamır; başına gələ biləcəklərini düşünərək də yaşayır. Bəzən heç yaşanmamış bir gələcəyə bağlanır, sonra həmin gələcəyin heç vaxt gerçəkləşməyəcəyini anlayanda özünü itirmiş kimi hiss edir.
Məncə, insanın ən gizli kədərlərindən biri də budur: özünün başqa bir versiyası üçün darıxmaq. Bəlkə daha cəsarətli ola biləcək, bəlkə daha az qorxacaq, bəlkə ürəyinin səsini daha tez eşidəcək, bəlkə özünü başqalarının istəklərinə görə bu qədər dəyişməyəcək bir insan üçün... Həmin insan heç vaxt tam şəkildə mövcud olmayıb. Onun nə etdiyini, necə yaşadığını, hansı yollardan keçdiyini bilmirik. Amma təsəvvürümüzdə ona bir həyat qururuq. Ona bizim verə bilmədiyimiz qərarları verdirir, bizim gedə bilmədiyimiz yollarla getməsinə imkan yaradır, bizim cəsarət etmədiyimiz yerdə cəsarətli olmasını istəyirik. Sonra özümüzü onunla müqayisə edirik. Yaşadığımız həyatın qarşısında yaşamadığımız həyatın xəyalını qoyur və özümüzə qarşı ədalətsiz davranmağa başlayırıq.
Bəs o başqa insan həqiqətən daha xoşbəxt olardımı? Bəlkə də yox. Bəlkə seçmədiyimiz yolun da öz ağrıları, itkiləri, peşmanlıqları olacaqdı. Bəlkə bu gün xəyal etdiyimiz başqa bir həyatın içində də hansısa gecə pəncərənin qarşısında dayanıb eyni sualları verəcəkdik. İnsan yaşamadığı həyatın yalnız gözəl tərəflərini təsəvvür etməyə meyillidir. Çünki həmin həyatın çətinliklərini yaşamayıb, onunla bağlı yorğunluqları daşımayıb, nəticələrinin məsuliyyətini öz üzərinə götürməyib. Yaşamadığımız yolun üzərində hələ heç bir yara yoxdur. Ona görə də o yol bizə daha işıqlı görünür. Halbuki heç bir həyat yalnız işıqdan ibarət deyil. Seçmədiyimiz yolun da öz qaranlığı var, sadəcə, biz onu görmürük.
Ancaq bunu bilmək də bütün peşmanlıqları aradan qaldırmır. İnsan ağlı ilə anlayır ki, başqa cür yaşasaydı, hər şeyin mütləq yaxşı olacağına zəmanət yox idi. Amma ürəyi yenə soruşur: bəs niyə heç olmasa cəhd etmədim? Niyə özümə bir dəfə də olsa imkan vermədim? Niyə həmişə münasib zamanı gözlədim? Niyə başqalarının məni anlamasını gözləyərkən özümü anlatmaqdan vaz keçdim? Niyə bir gün lazım olacaq cəsarəti sabaha saxladım? Bu sualların içində insanın özünə qarşı həm qəzəbi, həm mərhəməti yaşayır. Çünki bir tərəfdən vaxtında edə bilmədiklərini xatırlayır, digər tərəfdən həmin vaxt hansı qorxuların, hansı məsuliyyətlərin, hansı məhdudiyyətlərin içində olduğunu bilir. İnsan öz keçmişinə indiki ağlı ilə baxanda çox şeyi daha asan edə biləcəyini düşünür. Amma keçmişdəki özü bugünkü bildiklərini bilmirdi. O, həmin qərarları həmin yaşda, həmin şəraitdə, həmin güclə verirdi.
Bəzən biz özümüzə elə yanaşırıq ki, guya bütün imkanlarımızı vaxtında görməli, hər təhlükəni əvvəlcədən anlamalı, hər fürsəti düzgün qiymətləndirməli, hər insanın həqiqi üzünü ilk gündən tanımalı idik. Elə bil həyat bizə əvvəlcədən hazırlanmış bir xəritə vermişdi, biz isə sadəcə ona baxıb doğru yolu seçməli idik. Halbuki həyatın xəritəsi çox vaxt yol gedərkən yaranır. Bəzi qapıların arxasında nə olduğunu yalnız onları açanda öyrənirik. Bəzi insanları yalnız onlara güvəndikdən sonra tanıyırıq. Bəzi qərarların nəticəsini isə artıq geri dönmək mümkün olmayanda anlayırıq. İnsan hər şeyi əvvəldən bilə bilməz. Əgər bilə bilsəydi, bəlkə də həyat deyilən təcrübənin özü bu qədər mürəkkəb olmazdı.
Amma insanın bilmədikləri ilə yanaşı, bildiyi halda edə bilmədikləri də var. Məhz bu məqamda peşmanlıq daha dərinə işləyir. Bəzən nə istədiyimizi bilirik, amma onu seçmək üçün özümüzdə güc tapa bilmirik. Bəzən hansı münasibətin bizi incitdiyini anlayırıq, amma ayrılmağa hazır olmuruq. Bəzən hansı arzunun bizi yaşatdığını bilirik, amma başqalarının nə deyəcəyindən qorxuruq. Bəzən özümüzə lazım olan həyatı təsəvvür edə bilirik, amma həmin həyata doğru ilk addımı atmaq üçün özümüzə icazə vermirik. Sonra illər keçir və insan bir vaxtlar qorxduğu şeylə deyil, qorxusunun ona yaşatmadığı həyatla üzləşir.
Qorxu həmişə bizi dayandıran açıq bir maneə kimi görünmür. Bəzən o, ağlabatan səbəblərin arxasında gizlənir. «Hələ vaxtı deyil», «Bir az da gözləyim», «Şərait düzələndə başlayaram», «İndi bunun zamanı deyil», «Əvvəl başqalarının işini yoluna qoyum»... Bu cümlələrin hər biri müəyyən bir məqamda həqiqətən doğru ola bilər. İnsan məsuliyyət daşıyır, imkanları məhduddur, hər istədiyini dərhal həyata keçirə bilmir. Ancaq bəzən həmin cümlələr qorxunun özümüzə hazırladığı sığınacağa çevrilir. Biz hər dəfə bir səbəb tapırıq, sonra başqa bir səbəb, daha sonra isə artıq həmin arzunu xatırlamağa belə çətinlik çəkirik. Bir gün dönüb baxanda anlayırıq ki, həyatımızı dəyişdirəcək böyük bir qərar verməmişik, amma saysız-hesabsız kiçik təxirəsalmalar bizi istəmədiyimiz bir yerə gətirib çıxarıb.
İnsan öz həyatını həmişə bir anda itirmir. Bəzən onu hissə-hissə təxirə salır. Öz xoşbəxtliyini bir işin bitməsinə, bir problemin həllinə, bir insanın qərarına, bir gün şəraitin dəyişməsinə bağlayır. Özünə deyir ki, indi dözmək lazımdır, sonra yaşayacaq. İndi susmaq lazımdır, sonra danışacaq. İndi özünü ikinci plana keçirmək lazımdır, sonra özünə vaxt ayıracaq. Amma həyatın qəribə bir xüsusiyyəti var: bir problem bitəndə başqa bir məsuliyyət başlayır, bir gözlənti gerçəkləşəndə yeni bir gözlənti yaranır. İnsan özünü yaşamağa hazır hiss edəcəyi günü gözləyərkən həyatın özü davam edir. Və bəzən illər sonra anlayır ki, o, həyatının başlanmasını gözləyirmiş, halbuki həyat çoxdan başlamışdı.
Bəlkə də ən böyük yanılğımız budur: elə bilirik ki, bir gün bütün şərtlər uyğunlaşacaq, qorxularımız yox olacaq, qərarlarımızdan tam əmin olacağıq və bundan sonra həqiqətən yaşamağa başlayacağıq. Halbuki insanın həyatında hər şeyin eyni vaxtda qaydasına düşdüyü gün çox nadir olur. Bir şey düzəlir, başqa bir şey çatışmır. Bir qorxu azalır, başqa bir tərəddüd yaranır. Bir qərara əmin oluruq, amma onun nəticəsini yenə də əvvəlcədən bilmirik. Bəlkə də yaşamaq üçün bütün şübhələrin bitməsini gözləmək lazım deyil. Bəlkə insan bəzən qorxduğu halda addım atmalı, əmin olmadığı halda seçim etməli, bütün suallarına cavab tapmadan da öz həyatına doğru hərəkət etməlidir.
Ancaq bunu demək asandır. Hər kəsin imkanı, şəraiti, daşıdığı məsuliyyət eyni deyil. Bəzən insanın qarşısında seçim yox, məcburiyyət olur. Bəzən arzusunu gerçəkləşdirməməsi qorxaqlıqdan deyil, sevdiklərini qorumaq ehtiyacından irəli gəlir. Bəzən bir insanın özünü ikinci plana keçirməsi onun zəifliyi deyil, yaşadığı şəraitin tələbidir. Biz kənardan baxıb kiminsə həyatını asanlıqla mühakimə edə bilmərik. «Niyə getmədin?», «Niyə ayrılmadın?», «Niyə arzunun arxasınca getmədin?» demək asandır. Amma həmin sualları verərkən insanın hansı imkanlardan məhrum olduğunu, hansı nəticələrdən qorxduğunu, hansı məsuliyyətləri təkbaşına daşıdığını həmişə bilmirik. Hər gecikmə insanın özünə xəyanəti deyil. Bəzən həyat həqiqətən də insanın qarşısına çıxan yolları daraldır.
Mənim etirazım da elə buradan başlayır: niyə insanın öz həyatını yaşamaq haqqı həmişə başqa bir şeyin arxasınca gəlməlidir? Niyə o, əvvəlcə hamını razı salmalı, bütün məsuliyyətlərini bitirməli, heç kimin inciməyəcəyinə əmin olmalı, bütün problemləri həll etməli, yalnız bundan sonra özünü düşünməlidir? Niyə insanın arzuları daim gözləməli, amma başqalarının ondan gözləntiləri təxirə salınmamalıdır? Niyə özünə vaxt ayırmaq bəzən eqoizm, özünü seçmək nankorluq, sərhəd qoymaq soyuqluq kimi qəbul edilir? İnsan başqalarını sevməklə özünü unutmaq arasında seçim etməyə məcbur olmamalıdır. Başqasına dayaq olmaq üçün özünü tamamilə tükətməsi lazım deyil. Sevdiklərinin yanında olmaq üçün öz arzularından imtina etməsi də həmişə zəruri deyil. Bəzən insanın özünü qoruması başqalarından üz döndərməsi deyil, münasibətlərin içində də insan olaraq qalmaq istəyidir.
Amma həyat həmişə bu qədər aydın seçimlər təqdim etmir. Bəzən özümüzü seçsək, kimisə məyus edəcəyimizi bilirik. Bəzən başqalarının ehtiyacları ilə öz ehtiyaclarımız arasında qalırıq. Bəzən doğru qərarın belə kiməsə ağrı verəcəyini anlayırıq. İnsan olmaq elə bu ziddiyyətlərin içində yaşamaqdır. Hər kəsi xoşbəxt etmək mümkün deyil, bütün itkilərin qarşısını almaq da. Bəzən nə etsək də, nəyisə itirəcəyik. Əsas məsələ heç nə itirməmək deyil, itirmək qorxusunun bütün həyatımızı idarə etməsinə imkan verməməkdir. Çünki insan bəzən itirməkdən qorxduğu şeyləri qorumaq üçün özündən o qədər uzaqlaşır ki, sonda qoruduğu həyatın içində özü üçün yer tapa bilmir.
İllər keçdikcə zamanla münasibətimiz də dəyişir. Gənc olanda qarşıda sonsuz yollar olduğunu düşünürük. Elə bil hər şeyə vaxt çatacaq, hər arzunun öz zamanı gələcək, hər şeyi bir gün edə biləcəyik. Sonra həyatın həmişə gözlədiyimiz kimi olmadığını anlayırıq. Bəzi imkanlar geri qayıtmır, bəzi insanlar bir daha həyatımıza daxil olmur, bəzi qərarların nəticələri dəyişmir. Zamanın keçməsi təkcə yaşımızın artması deyil, ehtimalların da dəyişməsidir. Bunu anlamaq insana qəribə bir ağırlıq gətirir. Çünki insan artıq yalnız qarşıda nə qədər vaxt olduğunu deyil, geridə nə qədər vaxt qoyduğunu da düşünməyə başlayır. Və bəzən bu düşüncə onu yaşamağa həvəsləndirmək əvəzinə, keçmişə bağlayır.
«Kaş o vaxt...» Bu iki söz insanın daxilində neçə qapı açır. Kaş o vaxt başqa cür qərar verəydim. Kaş o insanı daha tez tanıyaydım. Kaş özümə daha çox inanaydım. Kaş başqalarının fikrindən bu qədər qorxmayaydım. Kaş özümü daha az günahlandıraydım. Kaş həyatın bir gün başlayacağını düşünmək əvəzinə, yaşadığım günlərin də həyat olduğunu anlayaydım. İnsan bu sözləri təkrar etdikcə keçmişi dəyişdirə bilmədiyini unudur. Elə bil fikirləri ilə geriyə dönə, bir cümləni dəyişə, bir addımı geri ala, bir qapını vaxtında aça bilər. Amma xatirələr bizi keçmişə aparsa da, orada yaşamağa imkan vermir. Biz yalnız həmin hadisələri bu gün necə anladığımızı dəyişə bilərik. Bəzən bu da az şey deyil. Çünki keçmişdə özümüzə qarşı verdiyimiz hökmü dəyişmək, gələcəkdə özümüzə verəcəyimiz qərarlara təsir edə bilər.
Bəlkə də insanın yaşanmamış ömrü ilə münasibəti dəyişməlidir. Onu daim itirilmiş bir xəzinə kimi düşünməkdənsə, özünə verilən sual kimi qəbul etməlidir. Mən nəyi yaşamaq istəyirdim? Hansı arzunu başqalarının fikrinə görə təxirə saldım? Hansı münasibətdə özümü itirdim? Nəyi həqiqətən istədiyim üçün deyil, məndən gözlənildiyi üçün etdim? Hansı qorxular mənim seçimlərimə çevrildi? Bu suallar keçmişi cəzalandırmaq üçün deyil, bu günkü həyatı daha şüurlu yaşamaq üçün verilməlidir. Çünki insan yaşamadığı ömrü geri qaytara bilməz, amma onun haqqında düşünərkən bu gündən də imtina etməyə bilər.
Bununla belə, hər arzunun arxasınca getmək, bütün münasibətləri dəyişmək, həyatın bütün istiqamətlərini yenidən qurmaq mümkün deyil. Bəzən istədiyimiz şeyləri artıq yaşaya bilməyəcəyimizi qəbul etməliyik. Bəzən bir qapı həqiqətən bağlanıb. Bəzən gecikmişik. Bəzən itirdiyimiz fürsət bir daha qarşımıza çıxmayacaq. Bu həqiqətləri qəbul etmək insanın özündən vaz keçməsi demək deyil. Əksinə, qəbul etmək bizi enerjimizi dəyişdirə bilmədiyimiz keçmişdən alıb dəyişdirə biləcəyimiz bu günə gətirə bilər. Hər şeyi yenidən başlamaq mümkün deyil, amma bəzən bir şeyi başqa cür etmək mümkündür. Bütün həyatı dəyişmək mümkün deyil, amma həyatın içində özümüzə ayırdığımız yeri dəyişmək mümkündür. Keçmişdə deyilməyən sözləri geri qaytarmaq olmur, amma bu gün susmamağı öyrənmək olar. Bir vaxtlar qorxduğumuz addımı həmin şəraitdə ata bilməmişik, amma bu gün qarşımıza çıxan başqa bir seçimdə qorxumuzun təkbaşına qərar verməsinə imkan verməyə bilərik.
Mən bəzən düşünürəm ki, insanın ən böyük cəsarəti yeni bir həyata başlamaq deyil, yaşadığı həyatın içində özünə yenidən yer açmaqdır. Çünki yeni başlanğıcları xəyal etmək asandır. Bir gün hər şeyi dəyişəcəyimizi, başqa şəhərə gedəcəyimizi, başqa işdə çalışacağımızı, yeni münasibət quracağımızı, daha cəsarətli və daha xoşbəxt olacağımızı təsəvvür edə bilərik. Amma gündəlik həyatın içində kiçik dəyişikliklər etmək daha çətindir. Özümüzə lazım olan vaxtı ayırmaq, istəmədiyimiz bir şeyə «yox» demək, özümüzü incidən münasibətdə sərhəd qoymaq, illərdir təxirə saldığımız bir işə başlamaq, özümüzü başqalarının həyatına görə qiymətləndirməmək... Bunlar böyük görünməyə bilər, amma insanın özünə münasibətini dəyişdirən addımlar çox vaxt elə bunlardır.
Bəlkə də biz həyatımızın böyük dönüş nöqtəsini gözlədiyimiz üçün kiçik imkanları görmürük. Elə bil bir gün elə bir hadisə baş verməlidir ki, bütün qorxularımız yox olsun, bütün tərəddüdlərimiz bitsin və biz tamamilə başqa bir insana çevrilək. Halbuki insan çox vaxt bir qərarla deyil, təkrar etdiyi kiçik seçimlərlə dəyişir. Hər dəfə özünü dinləməyi seçəndə, hər dəfə başqasının gözləntisini öz istəyindən üstün tutmazdan əvvəl dayananda, hər dəfə özünə qarşı daha ədalətli davrananda bir az dəyişir. Həyat bir gündə başqa cür olmaya bilər, amma insanın həyatın içində tutduğu mövqe dəyişə bilər.
Yenə də bütün bunların içində bir sual qalır: bəs gecikdiyimiz arzular necə olsun? Yaşımızın, şəraitimizin, itirdiyimiz imkanların artıq əvvəlki kimi olmadığını biləndə nə edək? Özümüzə «Hələ gec deyil» demək həmişə inandırıcı olmur. Çünki bəzən həqiqətən gecdir. Hər arzunu hər yaşda eyni şəkildə həyata keçirmək mümkün deyil. Bəzi qapılar bağlanır, bədən dəyişir, məsuliyyətlər artır, həyatın şərtləri başqa cür olur. İnsan bütün bunları görməzlikdən gəlib özünü saxta ümidlərlə aldatmamalıdır. Amma bir arzunun əvvəlki formasının artıq mümkün olmaması onun içindəki ehtiyacın da yox olması demək deyil. Bəlkə arzuladığımız peşə artıq mümkün deyil, amma yaratmaq ehtiyacımız hələ də yaşayır. Bəlkə istədiyimiz münasibət heç vaxt qurulmayıb, amma sevmək və sevilmək ehtiyacımız hələ də var. Bəlkə başqa bir şəhərdə yaşamaq mümkün olmayıb, amma özümüzə daha geniş bir dünya yaratmaq imkanımız qalır. Həyat həmişə istədiyimiz qapını açmır, bəzən başqa bir qapının qarşısında dayanmağı öyrədir.
Bu, itirilənlərin əhəmiyyətsiz olduğu demək deyil. Bəzi arzuların gerçəkləşməməsi həqiqətən də insanın həyatında dərin iz qoyur. Onları başqa bir şeylə əvəz etmək, dərhal unutmaq, «deməli, belə olmalı imiş» deyərək keçmək həmişə mümkün deyil. İnsan bəzən bir arzusunu illərlə ürəyində daşıyır. Həmin arzu artıq gerçəkləşməyəcək olsa belə, onunla vidalaşmaq üçün zamana ehtiyac duyur. Bəlkə də insanın özünə verə biləcəyi ən böyük azadlıq itirdiyi bir şeyin dəyərini azaltmadan onun yoxluğu ilə yaşamağı öyrənməkdir. Hər şeyi unutmağa məcbur olmadan, hər ağrını bir dərsə çevirmədən, hər itkinin qarşılığında yeni bir qazanc axtarmadan yaşamağa davam etməkdir.
Mənim içimdə yaşanmamış bir ömür var. Bəzən onu düşünürəm, bəzən onunla mübahisə edirəm, bəzən də özümü onun qarşısında günahkar hiss edirəm. O ömürdə başqa cür verilmiş qərarlar, başqa cür deyilmiş sözlər, cəsarətlə atılmış addımlar, bəlkə də heç vaxt baş verməyəcək görüşlər var. Bəzən həmin həyatın mənə nə verəcəyini düşünürəm. Sonra anlayıram ki, mən onun nə verəcəyini bilmirəm. Mən yalnız bu günkü həyatımda nəyin çatışmadığını, nəyə ehtiyac duyduğumu, nəyin həsrətini çəkdiyimi bilirəm. Bəlkə də yaşanmamış ömrün içində axtardığım şey konkret bir hadisə deyil. Bəlkə mən orada özümün daha az qorxan, daha az tərəddüd edən, daha az susan bir halını axtarıram. Əgər belədirsə, onu yalnız keçmişdə axtarmaq məni heç yerə aparmayacaq.
Çünki mən artıq bilirəm: yaşamadığım ömrün bütün qapılarını açmaq mümkün deyil. Bəzi suallar cavabsız qalacaq, bəzi ehtimallar heç vaxt gerçəyə çevrilməyəcək, bəzi yollar mənim üçün həmişə naməlum qalacaq. Mən bunların hamısını dəyişdirə bilmərəm. Amma yaşadığım ömrün də hələ tamamlanmadığını unutmamalıyam. Qarşıda nə qədər zaman olduğunu bilmirəm, hansı imkanların yaranacağını da. Mənim üçün hər şeyin gec olduğunu demək üçün də, hər şeyin mümkün olduğunu iddia etmək üçün də kifayət qədər məlumatım yoxdur. Bildiyim yalnız budur: bu gün hələ buradayam və həyatımla münasibətimi dəyişdirmək imkanım var.
Bəlkə insanın əsl faciəsi yaşamadığı həyatın olması deyil. Bəlkə əsl faciə həmin həyatın həsrəti ilə yaşadığı həyatı da əldən verməsidir. Keçmişdə edə bilmədiklərinə görə bu gün edə biləcəklərini görməməsi, bir vaxtlar seçmədiyi yolun qarşısında dayanıb qarşısında açılan başqa yolları görməməsidir. İnsan yaşamadığı ömrə görə kədərlənə bilər, özünə suallar verə bilər, gecikmiş arzularının yasını tuta bilər. Amma həmin kədərin içində özünün hələ yaşayan tərəfini unutmasa, bəlkə də bütün bunlar yalnız itki kimi qalmayacaq. Bəlkə bir gün yaşanmamış həyatına baxıb özünü ittiham etmək əvəzinə, onun nəyi xatırlatdığını anlayacaq.
Mən bu gün keçmişdəki özümə qəzəbli olmaq istəmirəm. Onun qorxularını tamamilə haqlı saymasam da, həmin qorxuların içində necə yaşadığını anlamağa çalışıram. Bəlkə o, bacardığı qədər mübarizə aparıb. Bəlkə bəzi günlər seçim etmək üçün kifayət qədər gücü olmayıb. Bəlkə bəzən yanlış qərarlar verib, bəzən də başqalarını qorumaq üçün özünü unudub. Mən indi ona başqa cür yaşamağı məsləhət görə bilərəm, amma onun yerinə yaşaya bilmərəm. Onun keçdiyi yolu geri dönüb dəyişə bilmərəm. Edə biləcəyim yeganə şey onun təcrübəsindən istifadə edib bu gün özümə daha diqqətlə yanaşmaqdır.
Və bəlkə bir gün yenə geriyə baxanda içimdə eyni sual yaranacaq: «Kaş...» Amma bu dəfə həmin sözün ardınca yalnız peşmanlıq gəlməsin istəyirəm. Bəlkə bir az anlayış, bir az mərhəmət, bir az da bu günün məsuliyyəti gəlsin. Çünki mənim yaşamadığım ömür keçmişdə qalıb, amma yaşaya biləcəyim həyat hələ tamamilə bağlanmayıb. Mən bütün itirdiklərimi geri qaytara bilmərəm. Bütün səhvlərimi düzəldə bilmərəm. Hər kəsi razı sala, hər qorxumu məğlub edə, hər qərarımdan əmin ola bilmərəm. Amma heç olmasa, özümü bir daha sonsuz gözləntilərin arxasında gizlətməməyə çalışa bilərəm.
Mənim içimdə yaşanmamış bir ömür var. Bəzən onun üçün darıxıram. Bəzən ona görə kədərlənirəm. Bəzən də düşünürəm ki, bəlkə o ömür heç vaxt mənim olmayıb, mən sadəcə onun mümkünlüyünə inanmışam. Amma nə olursa olsun, artıq bir həqiqəti unutmaq istəmirəm: insan yalnız yaşamadığı həyatın deyil, yaşamağa davam etdiyi həyatın da sahibidir.
Və mən öz ömrümün qarşısında dayanıb hələ də soruşuram: görəsən, mən nə qədərini qorxularımın, nə qədərini başqalarının gözləntilərinin, nə qədərini taleyin, nə qədərini isə öz seçimlərimin içində itirmişəm? Bu sualın cavabını bəlkə heç vaxt tam tapa bilməyəcəyəm. Amma bundan sonra bir şeyi daha yaxşı bilmək istəyirəm: qarşıma çıxan yolların hansında özümü itirirəm, hansında özümə yaxınlaşıram?
Çünki bir gün geriyə baxanda yalnız yaşamadığım ömrün həsrətini çəkmək istəmirəm. Heç olmasa, bu günün içində özümə aid bir iz qoymaq istəyirəm. Elə bir iz ki, illər sonra ona baxanda «Kaş» demək əvəzinə, «Qorxsam da, bacardığım qədər yaşamağa çalışdım» deyə bilim.
Bəlkə də insanın taleyi ilə edə biləcəyi ən səmimi razılaşma budur: keçmişi dəyişdirə bilməyəcəyini qəbul etmək, amma gələcəyini də keçmişin cəzasına çevirməmək.
Mənim içimdə yaşanmamış bir ömür var. Amma mən hələ yaşayıram. Və bəlkə də bu iki həqiqətin arasında, heç kimin mənim yerimə verə bilməyəcəyi bir qərar dayanır: yaşamadığım həyatın yasını tutaraq yaşadığım ömrü də itirmək, yoxsa itirdiklərimi unutmadan özümə qalan həyatı nəhayət yaşamağa başlamaq?
“Ədəbiyyat və incəsənət”
(19.10.2026)


