Müəllim ömrü Featured

“Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram.”

                                                           Heydər Əliyev

 

Flora Abışova,

əczaçı-pedaqoq.

“Ədəbiyyat və incəsənət”

 

Müəllim yalnız dərs deyən, bilik öyrədən deyil, eyni zamanda insanın düşüncəsinə işıq salan, onun mənəvi dünyasına yol göstərən, gələcəyin şəxsiyyətini yetişdirən böyük bir tərbiyəçidir.

 

Müəllim ömrü adi ömürlərə bənzəmir. Bu ömürdə zamanın bütün fəsilləri yaşayır: qarlı qışın sərtliyi, baharın ətri, yayın isti nəfəsi, payızın qızılı yarpaqları... O, bəzən qış kimi səbrli, bahar kimi ümidverici, yay kimi qayğıkeş, payız kimi müdrik olur. Onun ömrünün hər fəslində bir şagirdin taleyi, bir tələbənin arzusu, bir məzunun xatirəsi yaşayır.

Müəllim illər boyu öz biliyini, təcrübəsini, enerjisini gənc nəslin inkişafına sərf edir. Onun qazancı yetişdirdiyi insanların uğurları ilə ölçülür.

 

Müəllim ömrünün hər bir səhifəsi,

Bir dünya kitabdır... Bir dünya qayğı...

 

Qəlbimdən süzülən bu misralarda müəllim ömrünün həm işıqlı, həm də kövrək tərəfləri yaşayır. Zaman keçir, illər bir-birini əvəz edir, saçlara dən düşür. Lakin müəllimin ürəyindəki gənclik heç vaxt qocalmır. Çünki hər yeni şagird, hər yeni tələbə onun həyatına yeni bir bahar gətirir.

Bir vaxtlar qarşısında əyləşən gəncin illər sonra müstəqil həyata qədəm qoyması, peşə sahibi olması, cəmiyyət üçün faydalı insana çevrilməsi bu müqəddəs adı daşıyanlar üçün sözlə ifadəsi çətin olan bir sevincdir. Bəzən bir məzunun görüşə gəlməsi illərin yorğunluğunu bir anda unutdurur. Bəzən isə aradan uzun zaman keçməsinə baxmayaraq, keçmiş tələbənin bir salamı, bir xoş sözü müəllimin yaddaşında unudulmaz iz buraxır.

Müəllim həm də cəmiyyətin yaddaşıdır. O, keçmişin təcrübəsini gələcəyə daşıyır. Milli-mənəvi dəyərləri, elmə və təhsilə sevgini, Vətənə bağlılığı, zəhmətə hörməti gənc nəslə ötürür. Buna görə də müəllimə verilən qiymət əslində gələcəyə verilən qiymətdir.

Ulu Öndərimiz Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”, fikri də məhz müəllim adının mənəvi ucalığını ifadə edir. Bu sözlər müəllim əməyinin cəmiyyətdəki əvəzsiz rolunu vurğulayan dəyərli bir etirafdır. Müəllimə hörmət yalnız bir peşə sahibinə hörmət deyil; insan yetişdirən, gələcəyə yol göstərən bir şəxsiyyətə ehtiramdır.

Hər il Beynəlxalq Müəllimlər Gününü qeyd edərkən yaddaşımızda ilk növbədə bizə hərf öyrədən, ilk kitabımızı sevdirən, uğurumuza sevinən, səhvimizi düzəldən müəllimlər canlanır. Onların bəziləri artıq aramızda olmasa da, öyrətdikləri sözlər, verdikləri nəsihətlər, göstərdikləri yol hələ də bizimlədir.

Mən özüm də müəllim ailəsində dünyaya göz açmışam. Atam Vəli Möhsünov elinin-obasının tanınmış, hörmətli pedaqoqlardan biri olub. Müəllimlik mənim üçün sadəcə bir peşə deyil, ailəmdən, doğma ocağımdan miras qalan müqəddəs bir dəyərdir.

Həyat yoldaşım, mərhum Camal Abışov da ömrünü şərəfli müəllimlik peşəsinə həsr etmişdi. Onun əməyinə Ulu Öndərimiz Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən verilən fəxri adlar və təltiflər yüksək qiymətin ifadəsi idi. O, Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbdə riyaziyyat təmayüllü sinfin yaradılmasında böyük əmək sərf etmiş, həmin sinfə rəhbərlik etmiş, neçə-neçə şagirdin elmə, biliyə və həyata gedən yoluna işıq salmışdı.

Camal Abışov sözün əsl mənasında, şərəfli müəllim ömrü yaşadı. O, cəmiyyətə layiqli övladlar bəxş etmək missiyasına önəm verirdi.

Yetirmələri arasında bu gün müxtəlif sahələrdə çalışan, cəmiyyətə xidmət edən neçə-neçə tanınmış insan var. Onun şagirdlərindən biri də hazırda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Zakir Fərəcovdur. Bu fakt müəllimin yetişdirdiyi insanların illər sonra da onun əməyini və pedaqoji izini yaşatdığının gözəl nümunəsidir.

Mən də həyatımın düz otuz iki ilini Sumqayıt Tibb Kolleci ilə bağlamışam, ixtisas müəllimi işləmişəm. Bu illər ərzində neçə-neçə tələbəyə bilik vermək, onların həyata və peşəyə hazırlığında iştirak etmək mənim üçün böyük məsuliyyət olmaqla yanaşı, həm də şərəfli bir yol idi.

Bu gün məni öyrədən, mənə həyatın və sənətin sirlərini aşılayan bütün müəllimlərimi, müəllim həmkarlarımı böyük hörmət və minnətdarlıqla xatırlayıram.

Müəllimlərimdən “Şöhrət” ordenli, Əməkdar müəllim Ofeliya Babayevaya və filologiya elmləri doktoru, professor Rafiq Yusifoğluna dərin hörmət və ehtiram bəsləyirəm. Sözə, sənətə, elmə və insan yetişdirməyə xidmət edən belə insanların izi zaman keçdikcə daha da aydın görünür. Dünyasını dəyişən Sevil Balayevanı və Təhminə Sultanovanı isə xüsusi ehtiramla yad edirəm. Onların xatirəsi yaddaşımda daim yaşayacaqdır.

Bütün müəllimlərimə, həmkarlarıma, eləcə də Sumqayıt Tibb Kollecinin direktoru, professor Rafael Eyvazova və kollektivinin hər bir üzvünə xoş arzularımı bildirirəm.

 

Müəllim ömrü - qarlı qış,

Bahar ətirli, nəğməli yaz,

İsti nəfəsli sevimli yay,

Qızılı yarpaqlı, küləkli payız...

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.