Rəqsanə Babayeva
"Ədəbiyyatvə İncəsənət" portalının Beyləqan və İmişlitəmsilçisi
İnsan bəzən azad olduğunu düşünə-düşünə yaşayır, amma daxilində görünməz divarların arasında nəfəs alır. Qapısı yoxdur, açarı yoxdur, divarlarına toxunmaq mümkün deyil. Buna görə də insan uzun illər həmin həbsxananın içində olduğunu belə anlamır. Səhər oyanır, işinə gedir, insanlarla danışır, gülür, sevir, inciyir, qərarlar verir, həyatını davam etdirir. Kənardan baxanda hər şey normal görünür. Amma ruhunun dərinliyində qəribə bir sıxıntı var. Elə bil nəsə çatmır. Elə bil insan öz həyatının içində özünə tam yer tapa bilmir.
Bəlkə də insanın ən böyük yorğunluğu çox işləməkdən, çox məsuliyyət daşımaqdan və ya həyatın çətinliklərindən gəlmir. Bəzən insan başqalarının onun üçün müəyyən etdiyi çərçivənin içində yaşamaqdan yorulur. Ona uşaqlıqdan öyrədilən “olmalıdır”ların sayı artdıqca, “mən istəyirəm”lərin səsi azalır. Nəyi sevməliyik, necə davranmalıyıq, hansı yaşda nə etməliyik, hansı sözləri demək olar, hansı arzular gizlədilməlidir, hansı seçimlər “düzgün” sayılır... İnsan bütün bunları o qədər çox eşidir ki, bir müddət sonra öz səsi ilə başqalarının səsini ayırd edə bilmir.
Ən təhlükəlisi də budur: insan başqasının fikrini öz fikri zənn etməyə başlayır. Bəzən bir uşağa “belə olmaz” deyirlər. Uşaq soruşur: “Niyə?” Cavab isə çox vaxt olmur. Sadəcə “çünki belədir” deyilir. Sonra həmin uşaq böyüyür. İllər keçir. O, artıq özü-özünə “belə olmaz” deməyə başlayır. Amma niyə olmadığını bilmir. Sadəcə bir vaxtlar eşitdiyi cümlə onun daxilində qaydaya çevrilib. Beləcə stereotiplər insanın içində kök salır.
Stereotip yalnız cəmiyyətin yaratdığı bir qəlib deyil. Bəzən o, insanın özünə qarşı qurduğu sərt hökmdür: “Mən belə edə bilmərəm.” “Mənim yaşım keçib.” “Mənə yaraşmaz.” “Mən qadınam, bunu etməməliyəm.” “Mən kişiyəm, zəif görünməməliyəm.” “İnsanlar məni necə qiymətləndirər?” “Ailə nə deyər?” İnsan bu cümlələri təkrar-təkrar düşündükcə öz ətrafında görünməz bir dairə çəkir. Sonra həmin dairənin içində yaşayır və bir müddət sonra onu həyatın sərhədi hesab edir. Halbuki sərhəd deyil. Sadəcə öyrənilmiş qorxudur.
Ruhun azadlığı da məhz burada başlayır: insanın öyrəndiyi hər şeyi həqiqət kimi qəbul etməyi dayandırdığı yerdə. Bu, hər şeyi rədd etmək demək deyil. Əksinə, azad insan düşünməyi bacaran insandır. O, ona deyilən hər şeyi nə kor-koranə qəbul edir, nə də sırf fərqli görünmək üçün rədd edir. Özünə sual verir: “Bu, doğrudan da mənim inandığım şeydir, yoxsa mənə belə inanmağı öyrədiblər?” Bu sual insanın daxilində çoxlu qapılar açır. Çünki insanın özünü tapması bəzən yeni bir şey öyrənməkdən daha çox, ona aid olmayan şeylərdən ayrılmasıdır.
Bəzən biz özümüz olmayan insanlara çevrilirik ki, sevilək. Bəzən olduğumuzdan daha sakit görünürük ki, kimisə narahat etməyək. Bəzən düşündüyümüzü demirik ki, haqqımızda pis fikir yaranmasın. Bəzən sevmədiyimiz şeylərə “hə” deyirik, istəmədiyimiz münasibətlərin içində qalırıq, yorulduğumuzu gizlədirik, incikliyimizi uduruq. Sonra özümüzə deyirik: “Mən niyə bu qədər yorulmuşam?” Çünki insan yalnız gördüyü işlərdən yorulmur. İnsan özünü gizlətməkdən də yorulur.
Hər gün bir az başqa cür görünmək, bir az başqa cür danışmaq, bir az başqa cür hiss etmək məcburiyyətində qalmaq ruh üçün ağır yükdür. İnsan öz həqiqətini nə qədər uzun müddət içində saxlayırsa, o qədər çox sıxılır. Bəzən bir insanın sadəcə “mən belə hiss edirəm” deməyə ehtiyacı var. İzah etmədən, özünü müdafiə etmədən, üzr istəmədən. Çünki hisslər üçün icazə lazım deyil.
İnsan kədərlənə bilər, yorula bilər, birindən uzaqlaşmaq istəyə bilər, yenidən başlamaq istəyə bilər, tək qalmaq istəyə bilər. Aşiq ola bilər, heç kimə aşiq olmaq istəməyə bilər. Bir işi buraxıb başqa işə başlamaq, uzun illər arzuladığı bir şeyi gec də olsa həyata keçirmək istəyə bilər. Bunların heç biri insanın öz həyatına sahib çıxmaq haqqını əlindən almır.
Bəlkə də biz azadlığı çox böyük bir anlayış kimi təsəvvür edirik. Halbuki azadlıq çox vaxt kiçik bir “yox”la başlayır. İstəmədiyin şeyə “yox” deməklə, səni incidən münasibətdən çıxmaqla, başqasının sənin haqqında yaratdığı obrazı qorumaqdan vaz keçməklə, hamının getdiyi yola yalnız hamı gedir deyə getməməklə və ən çətini, özünü başqalarının gözündə yaxşı göstərmək ehtiyacını bir az azaltmaqla.
Çünki insanın ömrünün çox hissəsi başqalarının fikrindən qorxmaqla keçə bilər. “Nə deyərlər?” Bəlkə də bu, insan ruhunun ən ağır suallarından biridir. Nə deyərlər? Bəs mən nə deyirəm? Bu iki sualın arasında bəzən bütöv bir həyat dayanır.
İnsan bir gün başa düşməlidir ki, hamını razı salmaq mümkün deyil. Nə qədər yaxşı olsan da, səni sevməyən biri olacaq. Nə qədər dürüst olsan da, səni yanlış anlayan biri çıxacaq. Nə qədər fədakar olsan da, etdiklərini qiymətləndirməyən biri olacaq. Nə qədər susasan da, sükutunu səhv yozan olacaq. Onda insanın qarşısında iki seçim qalır: ya bütün ömrünü başqalarının düşüncələrinə uyğun yaşamaq, ya da öz vicdanının qarşısında dürüst olmağı seçmək. Ruhun azadlığı ikinci yoldan başlayır.
Amma burada bir incə məqam var. Azadlıq istədiyin hər şeyi etmək deyil. Azadlıq məsuliyyətsizlik də deyil. İnsan azad olduqca öz seçimlərinin məsuliyyətini daha çox daşıyır. Çünki azad insan günahı daim başqasının üzərinə ata bilmir. “Məni məcbur etdilər” demək daha asan olduğu halda, “mən seçdim” demək daha ağırdır. Əsl azadlıq da məhz bu ağırlığı daşıya bilməkdir.
“Mən seçdim. Mən qərar verdim. Mən səhv etdim. Mən dəyişdim. Mən getdim. Mən qaldım. Mən sevdim. Mən vaz keçdim.” Bu cümlələr insanın öz həyatının məsuliyyətini geri almasıdır. Bəzən insanın ən böyük problemi başqalarının onu idarə etməsi deyil, özünün öz həyatını idarə etməkdən qorxmasıdır. Çünki seçim etmək riskdir. Səhv etmək ehtimalıdır. İtirmək ehtimalıdır. Tək qalmaq ehtimalıdır. Amma yaşamaq da budur.
İnsan öz həyatının bütün ehtimallarını əvvəlcədən hesablayaraq yaşaya bilməz. Hər şeyi təhlükəsiz etmək istəyən insan bir müddət sonra özünü də təhlükəsizliyə həbs edir. Bəzən insanın içində bir səs deyir: “Get.” Başqa bir səs deyir: “Qal.” Biri deyir: “Başla.” O biri deyir: “Gecdir.” Biri deyir: “Özün ol.” O biri deyir: “Səni qəbul etməzlər.” İnsan həyatının müəyyən bir mərhələsində hansı səsə qulaq asacağını seçməlidir.
Məncə, ruhun azadlığı insanın daxilindəki qorxudan daha güclü bir səs tapmasıdır. O səs çox vaxt sakit olur. Qışqırmır, əmr etmir. Sadəcə deyir: “Özünə xəyanət etmə.” Bəzən bütün həyatımızı dəyişdirmək üçün bundan artıq bir cümləyə ehtiyacımız olmur.
Özünə xəyanət etməmək. Öz hisslərini daim inkar etməmək. Öz arzularını başqalarının rahatlığı üçün öldürməmək. Öz sərhədlərini qorumaq. Öz səhvlərindən utanmamaq. Özünü hər kəsə izah etmək məcburiyyətində hiss etməmək. Bunların hər biri ruhun azadlığına aparan kiçik addımlardır.
İnsan azad olduqca başqalarına qarşı daha qəddar olmur. Əksinə, öz daxilində azadlıq tapan insan başqasının da öz yolu ilə getməsinə daha çox hörmət edir. Çünki o bilir ki, hər insanın görünməyən bir mübarizəsi var. Hər kəsin öz qorxuları, öz qapıları, öz susduğu cümlələri var. Buna görə ruhu azad olan insan başqasını özünə bənzətməyə çalışmır. O bilir: mənim həqiqətim mənə aiddir, sənin həqiqətin də sənə.
Bəlkə də insanın özünü tapması ilə başqalarını mühakimə etməsi arasında tərs mütənasiblik var. İnsan öz daxilini nə qədər yaxşı tanıyırsa, başqasının həyatına hökm verməyə o qədər az ehtiyac duyur. Çünki öz içində kifayət qədər iş var. İnsan öz ruhunun otaqlarını təmizləməyə başlayanda başqasının pəncərəsindəki tozu saymağa vaxt tapmır.
Bəzən azadlıq elə budur: diqqəti başqalarının həyatından öz həyatına qaytarmaq. Mən haradayam? Nə istəyirəm? Nədən qorxuram? Nəyi çoxdan etmək istəyirəm? Hansı münasibətdə özüm deyiləm? Hansı cümləni illərdir demək istəyirəm? Hansı “olmaz”ın səbəbini artıq xatırlamıram? Hansı arzumu yalnız “gecdir” deyə basdırıram? Bu sualların hər biri insanın özünə açdığı pəncərədir.
Və bəzən insan o pəncərəni açanda içəri çoxdan unutduğu bir hava dolur: azad nəfəs.
Bəlkə də ruhun ən böyük ehtiyacı budur. Nəfəs almaq. Amma sadəcə fiziki olaraq yox. Düşüncələrində nəfəs almaq, seçimlərində nəfəs almaq, sevgidə nəfəs almaq, təkliyində nəfəs almaq, sükutunda nəfəs almaq, özün olmaqda nəfəs almaq.
İnsan bəzən bir otaqda heç kim tərəfindən sıxışdırılmadan belə boğula bilər. Çünki bədəni otaqda, ruhu isə qəfəsdədir. Və o qəfəsin qapısını açacaq insan yenə özüdür. Heç kim gəlib insanı tam azad edə bilməz. Başqası ona sevgi verə bilər, dəstək ola bilər, əlindən tuta bilər. Amma insanın içindəki qapını özü açmalıdır. Çünki ruhun açarı başqasının əlində olanda insan yenə asılı olur. Azadlıq isə insanın açarı özündə saxlamasıdır.
Bu, tənhalıq demək deyil. Əksinə, azad insan sevə bilir, amma sevgidə özünü itirmir. Bağlana bilir, amma özünü tamamilə başqasının ixtiyarına vermir. Fədakar ola bilir, amma öz varlığını yox saymır. Bağışlaya bilir, amma hər şeyi unutmaq məcburiyyətində qalmır. Gedə bilir, amma qaçmır. Qala bilir, amma qorxudan yapışmır. Bu, ruhun yetkinliyidir.
Bəzən insanın azad olması üçün həyatında böyük dəyişikliklər lazım deyil. Sadəcə özünə qarşı daha mərhəmətli olması kifayətdir. Çünki insanı içəridən ən çox sıxan şeylərdən biri də özünə qarşı amansızlığıdır: “Bunu niyə bacarmadın?”, “Niyə belə etdin?”, “Niyə daha güclü olmadın?”, “Niyə buna icazə verdin?”, “Niyə vaxtında getmədin?” İnsan öz keçmişinə qarşı daim məhkəmə quranda ruhunun nəfəs almağa yeri qalmır.
Bəlkə də bəzən özümüzə deməliyik: “O vaxt bildiyim qədərini etdim. Bacardığım qədər çalışdım. Bəzi şeyləri bilmirdim. Mən də insan idim. Mənim də qorxularım vardı.” Və sonra özümüzü bağışlamalıyıq. Çünki insan özünü bağışlamadan tam azad ola bilmir.
Keçmişi dəyişə bilmərik. Amma keçmişin bu günümüz üzərindəki hakimiyyətini dəyişə bilərik. Bəlkə də ruhun azadlığı keçmişi silmək deyil, onunla barışmaqdır. Başımıza gələn hər şeyi sevmək məcburiyyətində deyilik. Amma onların bizi ömür boyu idarə etməsinə də icazə verməməliyik. İnsan yaraları ilə birlikdə də azad ola bilər. Hətta bəzən insanın azadlığı yarasının artıq həyatını idarə etmədiyi gün başlayır.
O gün insan anlayır ki, başına gələnlər onun bütün kimliyi deyil. İnsan yalnız itirdiklərindən ibarət deyil. Yalnız səhvlərindən ibarət deyil. Yalnız başqalarının onun haqqında dediklərindən ibarət deyil. İnsan bütün bunların içindən keçib yenə də özü qala bilən varlıqdır.
Bəlkə də ən böyük azadlıq budur: həyatın səni dəyişdirməsinə icazə vermək, amma səni tamamilə özün olmaqdan çıxarmasına imkan verməmək. İnsan dəyişməlidir. Çünki həyat dəyişir. Amma dəyişmək başqa, özünü itirmək başqadır. Bəzən yenilənmək üçün köhnə özümüzdən ayrılmalıyıq. Amma bunun üçün özümüzü məhv etməyə ehtiyac yoxdur. Sadəcə bizə artıq xidmət etməyən düşüncələri buraxmaq lazımdır: bəzi qorxuları, bəzi “olmaz”ları, bəzi “nə deyərlər”ləri, bəzi yarımçıq münasibətləri, bəzi köhnə rolları, bəzi günahkarlıqları, bəzi özümüz haqqında yanlış təsəvvürləri.
Sonra insanın içində qəribə bir boşluq yaranır. Əvvəlcə bu boşluq qorxudur. Çünki illərdir həmin yeri qorxular tutub. Sonra anlayırsan ki, o boşluq əslində boşluq deyil. Orada nəfəs almaq üçün yer yaranıb. Ruhun pəncərəsi açılıb.
Və insan ilk dəfə dərindən nəfəs alır.
Heç kimdən icazə istəmədən. Heç kimə nəyisə sübut etmədən. Heç kimin gözləntisini daşımaq məcburiyyətində qalmadan. Sadəcə öz nəfəsi ilə.
Bəlkə də insanın bütün həyatı boyu axtardığı azadlıq məhz həmin bir neçə saniyənin içində gizlənir. Dərindən nəfəs alırsan və hiss edirsən ki, içində bir şey artıq əvvəlki kimi sıxılmır. Dünya dəyişməyib. Amma sən dəyişmisən.
İnsanlar yenə danışacaq. Həyat yenə çətin olacaq. Bəzən yenə qorxacaqsan. Yenə səhv edəcəksən. Yenə kimisə itirəcəksən. Yenə bəzən özündən şübhələnəcəksən. Amma artıq biləcəksən ki, qorxmaq azad olmamaq demək deyil. Azadlıq qorxunun heç olmaması deyil. Qorxuya baxmayaraq öz yolunu seçə bilməkdir.
Bəlkə də ruhun azadlığı insanın qorxusuz olması deyil. Qorxularının içində belə öz səsini itirməməsidir.
Və bir gün insan bütün həyatına dönüb baxanda anlayır: mənim ən böyük mübarizəm dünya ilə deyilmiş. Özümlə imiş. Başqalarının mənim üçün çəkdiyi sərhədlərlə deyil, mənim öz içimdə çəkdiyim sərhədlərlə imiş. Məni saxlayan insanların əlləri deyilmiş. Məni saxlayan qorxularım imiş. Və məni azad edən də heç kim olmayıb. Mən özüm olmuşam.
Bəlkə də insanın özünə verə biləcəyi ən böyük hədiyyə budur: ruhuna yaşamaq icazəsi vermək. İstədiyi kimi hiss etməyə, istədiyi kimi düşünməyə, öz yolunu seçməyə, səhv etməyə, yenidən başlamağa, sevməyə, vaz keçməyə, dəyişməyə və ən əsası, özünə bənzəməyə.
Çünki insan bu dünyaya hamıya bənzəmək üçün gəlmir.
Bəzən özünü tapmaq üçün illərlə axtarırıq. Halbuki bəlkə də özümüz həmişə içimizdə olmuşuq. Sadəcə üstümüzə o qədər “olmalıdır” yığmışıq ki, öz səsimizi eşidə bilməmişik. İndi isə bütün o səslərin arasından bir az sakitlik tapmaq lazımdır. Bir az susmaq. Bir az özünü dinləmək. Bir az başqalarının fikrindən uzaqlaşmaq. Bir az ürəyinə qulaq asmaq.
Və sonra... dərindən nəfəs almaq.
Bu dəfə həqiqətən.
Bu dəfə özün kimi.
Çünki azadlıq bəzən qapıları açıb harasa getmək deyil. Bəzən heç yerə getmədən öz içindəki qapını açmaqdır. Və insan ilk dəfə anlayır: mən öz həyatımın içində qonaq deyiləm. Mən buradayam. Bu həyat mənimdir. Bu nəfəs mənimdir. Bu ruh mənimdir. Və nəhayət, onu özüm kimi yaşamağa haqqım var.
“Ədəbiyyat və incəsənət”
(05.10.2026)


