(“Bələdçimiz şeir” silsiləsindən)
Şəfa Vəli,
“Ədəbiyyat və incəsənət”
Hamımızın əvəzinə unudanlar var dünyada... Elə bizi də unudublar. Bizsə, bizi özümüzə unutduranların heyranıyıq... Qaçmağı bacardığımız qədər deyil, ovcunu açanın bizi unutduğu qədər qaçırıq zaman ölçülərində. Buna görədir, addım səslərimizin kimsə tərəfindən eşidilməməsi.
...Çoxdandır yazmıram... Yazammıram yox ha, zaman ölçülərinə sığammıram kompüterimin qarşısında. Boynubükük qeyd kağızlarındadır düşüncələrimin ipucuları. Və o kağızların hərəsi bir “unuduldum” nağılı danışır özünə. Dinləyicisi, əlbət, Tanrının yazmaq qabiliyyəti əta edənin vicdanıdır. Bir də, qeyd kağızlarının rəngarəngliyi kimi “səslərinin” də bir-birinə qarışması var... Pişiyin dolaşdırdığı ip kələfini daha asan yumaqlayırdıq uşaqkən, nəinki, indi məişətin, gündəlik yaşam qayğılarının dolaşdırdığı düşüncələri...
Unudanımız bizi elə orada-düşüncə darağının başında unutsa, nə gözəl olardı. Amma heyf, səd heyf, duyğuların dibigörünməz şəlaləsinin başında unuduluruq. Şəlaləyə atılmaq cəsarətimiz var ey, dərd orasıdır ki, bizə üzməyi öyrətməyiblər. Qulac açmağı həyatın qoynunda boğularkən çox məşq etmişik də, ağzımıza dolan su olmayıb axı, ah olub. Ahdan da, min şükür, hələ boğulan görməyib tarix...
...Bəlkə, yaşımız çatmayıb unudan olmağa nə vaxtsa... Bizdə elə orada qalmışıq-unutmağa yaşımızın çatmadığı vaxtda. Bəlkə də, unutmaq istəməmişik. “Kim istəyərək unuda bilir ki?!” əminliyindən danışmayın, lütfən. “Mən səni unutdum” dediklərimiz içində 100 obrazdan 99-u özümüz deyilikmi? Bəs özümüzü bu qədər “asan”, bu qədər “heyfsilənməyərək”, bu qədər “ürəklə” necə unuda bilirik?
Unudanımızın birinin də özümüz olduğumuzu qəbul etdiyimiz yerdə ayağa qalxıram, güzgünün önündə reverans edirəm və gülümsəyirəm: “Salam, içimdə unudulmuşlar!” Və sonra Günay Səma Şirvanın şeirini söyləyirəm özümə...
Səni sevməkçün çox kiçikdim.
Nə saçlarını oxşamağı bacarırdım,
Nə əllərini tutmağı.
Söz desən,
Sevindiyimdən “uçurdum”.
Tuş gəlsə,
Baxışlarımı qaçırırdım.
Danışanda
dilim topuq çalardı.
Sonra hey,
ürəyim ağlımı danlardı.
Səni sevməkçün çox kiçikdim...
Yaşımdan qabaq böyüdüm.
Elə sevdim,
Taleyimə biçildin.
Ayrı düşdük,
Yaşantıma çevrildin.
Kol dibi evim olsa,
Yaşanacaq igidim...
Bir zamanlar,
Səni sevməkçün
Çox kiçikdim...
Şəkildəki də elə Günay Səma Şirvandır
“Ədəbiyyat və incəsənət”
(01.10.2026)


