Şagirdlərin öz seçimi, yoxsa təlqin? Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Məktəbyaşlı uşaqların daxili dünyası, onların sosiallaşma prosesi və təhsil mühitində formalaşan şəxsiyyəti müasir cəmiyyətin ən hassas mövzularından biridir. Bu kontekstdə məktəbyaşlı qızların hicab taxması məsələsi təkcə fərdi inkişafı deyil, həm də dini, etik, hüquqi və pedaqoji aspektləri özündə birləşdirən mürəkkəb bir müzakirə predmetidir.

Bu yazıda söhbət yetkinlik yaşına çatmış və öz istəkləri ilə hicab taxan qızlarımızdan deyil, azyaşlı məktəbli qızlarımızın hicab taxmağa məcbur edilməsindən gedir. 

 

Məsələyə səthi yanaşan bəzi qruplar bunu "insan seçiminin, dini etiqadın və hüquqların pozulması", “cəmiyyətin iki yerə bölünməsi” kimi təqdim etməyə çalışırlar. Lakin uşaq psixologiyası, pedaqoqika, sosiologiya və hüquq elminin prinsipləri baxımından məsələni araşdırdıqda tamamilə fərqli bir mənzərə ortaya çıxır.

Müxtəlif baxış bucaqlarının toqquşduğu bu müstəvidə hər zaman və hər şeydən əvvəl uşağın psixoloji rifahı və keyfiyyətli təhsil almaq haqqı diqqət mərkəzində saxlanılmalıdır. Məktəb illərində qəbul edilən qərarlar və formalaşan vərdişlər fərdin gələcək dünyagörüşünə və cəmiyyətdə tutacağı mövqeyə birbaşa təsir edir. Çünki məktəb fərdin cəmiyyətə inteqrasiya olunduğu, ailədən sonra gələn ən vacib sosiallaşma mühitidir.

Məktəb mühitində vizual fərqliliklərin və dini rəmzlərin varlığı isə şagirdlər arasındakı sosial dinamikaya bilavasitə təsir göstərir.

Hazırda məktəblərimizdə nəinki ilk gənclik (15-17 yaş) hətta məktəbəhazırlıq, kiçik məktəbli (6-10 yaşlı) və ümumi orta təhsil (11-14 yaşlı) yaş dövrlərinə qədəm qoymuş qızlar arasında məktəbə dini rəmzlərlə, xüsusən hicabla gələnlərin sayı tədricən artmaqdadır.

Burada cavablandırılması vacib olan fundamental sual budur: məktəblilər, xüsusən 5-10 yaşlı şagirdlər hicab geyinməyi həqiqətənmi öz azad iradələri ilə seçirlər? Yoxsa bu, böyüklərin, ailənin və sosial mühitin uşağın formalaşmamış şüuruna dolayısı və ya birbaşa diktə etdiyi bir qərardır? Bəyəm məktəblərdə tətbiq olunan vahid geyim qaydaları şagirdlərin hüquqlarını məhdudlaşdırıb, ideoloji və psixoloji təzyiqlərə məruz qoyur, yoxsa onların gələcəkdə dini inanclarını sərbəst şəkildə formalaşdırmaq və seçmək imkanını əngəlləyir?

Uşaq psixologiyasında idrakın (koqnitiv) və mənəvi dəyərlərin inkişafı müəyyən yaş mərhələləri ilə şərtlənir. Dünyaca məşhur psixoloqlar Jan Piaje və Lev Vıqotskinin nəzəriyyələrinə əsasən, uşağın abstrakt düşünmə, fəlsəfi və dini qavramları dərk etmə, eləcə də səbəb-nəticə əlaqələrini təhlil edərək müstəqil qərar vermə qabiliyyəti illər ərzində mərhələli şəkildə formalaşır.

          İbtidai sinif yaşlarında olan 6-10 yaşlı uşaqların təfəkkürü əyani-obrazlı xarakter daşıyır. Bu yaşda olan uşaq üçün "dini doqma", "mənəvi öhdəlik", "ilahi əmr" və ya "həya norması" kimi mücərrəd anlayışlar konseptual olaraq mənasızdır. Bu yaşlarda onlar örtünməyin dini və ya sosioloji mahiyyətini anlamırlar.

Həmin yaş dövründə uşaq psixologiyası tamamilə heteronom əxlaq (xarici qaydalara tabe olma) mərhələsindədir. Uşaq üçün doğrunu və yanlışı öz daxili mühakiməsi deyil, ətrafındakı böyüklər müəyyən edir.  

Bəs azyaşlı uşaqların hicab taxması və məktəbə hicabla gəlməsini nə şərtləndirir?  Araşdırmalar göstərir ki, bunu şərtləndirən iki əsas psixoloji amil var. Birincisi, təqlid instinktidir. Uşaq anasını, böyük bacısını və ya mühitində gördüyü digər qadınları imitasiya edir. O, bunu bir geyim oyunu və ya böyümək əlaməti kimi qavrayır. İkincisi, itaət edərək sevgi qazanmaq istəyidir. Uşaq valideyninin sevgisini itirməkdən, cəzalandırılmaqdan və ya "pis övlad" olmaqdan qorxur. Valideyninin təqdirini qazanmaq üçün onun istədiyi geyim modelini mənimsəyir. 

Buradan məlum olur ki, məktəbəhazırlıq və kiçik məktəb yaşlı  şagirdlərin "hicabı öz iradələri ilə seçdiklərini" iddia etmək  elmi və psixoloji reallıqla kəskin ziddiyyət təşkil edir. Burda daxili inanc yoxdur, ailə təsiri var. Bu yaşda seçim uşağın deyil, uşağın üzərində mütləq avtoritetə malik olan böyüklərindir. Qısası, ibtidai sinif şagirdinin hicab bağlaması onun öz daxili inancının və ya sərbəst seçiminin nəticəsi deyil. Daha çox ailə və sosial mühitin təsiri, böyüklərin təlqini və uşağın hələ formalaşmaqda olan dünyagörüşünə yönələn dini-mənəvi təsirlərin nəticəsidir.

Ümumi orta təhsil dövründə (11-14 yaş) isə uşaqda mücərrəd düşüncənin rüşeymləri yaranmağa başlasa da, bu mərhələ emosional baxımdan ən həssas və müdafiəsiz dövrdür. Bu yaşda uşaq ailənin və mənsub olduğu sosial mühitin ("bizim ailə", "bizim icma") təzyiqinə məruz qalır.

Dini tərbiyənin intensiv olduğu mühitdə böyüyən yeniyetməyə kiçik yaşlardan "örtünməməyin günah olduğu", "cəhənnəm əzabı gətirəcəyi" və ya "namussuzluq sayılacağı" kimi fikirlər təlqin edilir. Nəticədə uşaqda dərin günahkarlıq hissi və mistik qorxular formalaşır. Belə bir psixoloji mühitdə yeniyetmənin "mən öz istəyimlə hicab bağlayıram" deməsi daxili azadlığın deyil, şüuraltı qorxuların və təlqinin ifadəsidir. Yəni yenə də ailə və sosial mühitin, böyüklərin formalaşdırıcı təsirinin nəticəsidir.

Fərd yalnız ilk gənclik yaşlarında (15–17 yaş) öz dünyagörüşünü kritik süzgəcdən keçirmək, şəxsi kimlik formalaşdırmaq və öz fəlsəfi-dini mövqeyini şüurlu şəkildə müəyyən etmək potensialına yiyələnir. Lakin əgər uşaq 5-6 yaşından etibarən müəyyən bir dini geyim qəlibinə salınıbsa, onun 15-17 yaşlarında da müstəqil seçim etmək imkanı artıq zədələnmiş olur. Kiçik yaşdan aşılanan doqmatik vərdişlər fərdin gələcəkdə azad, kritik və rasional düşünən bir şəxsiyyət kimi formalaşmasına mane olur.

Müxalif tərəflər tez-tez valideynlərin öz övladlarını öz dini və əxlaqi inanclarına uyğun böyütmək hüququna malik olduğunu vurğulayırlar. Bəli, beynəlxalq hüquqda və milli qanunvericilikdə valideynin tərbiyə hüququ tanınır. Lakin bu hüquq mütləq və hüdudsuz deyildir.

BMT-nin "Uşaq Hüquqları Haqqında Konvensiya"sının (UHK) ən əsas prinsipi "Uşağın üstün mənafeyi" konseptidir. Valideynin bütün qərarları uşağın fiziki, psixoloji, sosial və intellektual inkişafına xidmət etməlidir. Valideyn uşağın " mülkiyyətçisi" deyil, onun inkişafının qəyyumudur.

Bundan başqa, adı şəkilən Konvensiyanın 14-cü maddəsində "uşağın inkişaf etməkdə olan qabiliyyətləri" prinsipi yer alır. Bu prinsipə görə, uşaq böyüdükcə və dərketmə qabiliyyəti artdıqca, valideynin onun adına həyati və ya fundamental qərarlar vermək səlahiyyəti azalmalıdır. Azyaşlı uşağa (6–10 yaş) dini geyim modelini tətbiq etmək, uşağın gələcəkdə öz kimliyini sərbəst seçmək hüququnu onun əlindən almaq deməkdir. Bu, uşağın hüquq subyektliyini inkar edərək onu valideynin dini ideologiyasının passiv obyektinə çevirir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) də bu mövzudakı  qərarları məsələnin hüquqi tərəfini tamamilə aydınlaşdırır. İHAM-ın bir çox analoji işlərdə çıxardığı yekun qərarlarda aşağıdakı prinsiplər təsbit olunub:   dövlət təhsil müəssisələrində dini rəmzlərin (o cümlədən hicabın) məhdudlaşdırılması vicdan azadlığının pozulması sayılmır, bu məhdudlaşdırma dünyəviliyin saxlanılması, başqalarının hüquq və azadlıqlarının qorunması, gender bərabərliyinin təmini və məktəbdə ictimai qaydanın qorunması üçün zəruri və mütənasib tədbir hesab olunur. Məhkəmə xüsusilə azyaşlı uşaqların neytral mühitdə böyüməsinin və dini simvolların yarada biləcəyi təzyiqlərdən qorunmasının vacibliyini də vurğulayır.

Azərbaycan Respublikasının Konstitusiyasına (maddə 18, 48) və "Təhsil haqqında" Qanuna əsasən, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Təhsilin dünyəviliyi isə o deməkdir ki, təhsil müəssisələri hər hansı bir dindən, təriqətdən və ya dini ideologiyadan neytral olmalıdır. Dövlət məktəbi hər bir uşaq üçün bərabər, neytral və elmi dünyagörüşünə əsaslanan bir məkan təmin etməyə borcludur. Məktəb dini təbliğatın, dini simvolların nümayiş olunduğu və ya dini mənsubiyyətə görə fərqlənmələrin aparıldığı yer ola bilməz.

Həmçinin dövlət uşağın hüquqlarının əsas zəmanətçisi kimi, valideynin qərarları uşağın inkişafına və ya dövlətin dünyəvi təhsil sisteminə zidd olduqda prosesə müdaxilə etmək hüququna və vəzifəsinə sahibdir.

Hicab məsələsinin təhlükəli tərəfi şagird kollektivi daxilində dini qütbləşmənin yaranmasıdır. Məktəbdə azyaşlıların bir qisminin hicabla, digərlərinin isə standart formada olması uşaqlar arasında süni mənəvi bölünmələr yaradır. Başı örtülü uşaqlar və ya onların ailələri başı açıq qız uşaqlarına "günahkar", "əxlaqsız"; başı açıq uşaqlar isə örtülü uşaqlara "avam, cahil”, "geridəqalmış" gözü ilə baxa bilərlər. Bu cür dini-mənəvi qütbləşmə məktəb mühitini dostluq və elmi inkişaf məkanı olmaqdan çıxarıb ideoloji qarşıdurma meydanına çevirir.

Azyaşlı uşaqlar öz yaşıdları arasında vizual olaraq fərqlənən fərdlərə qarşı bəzən amansız da ola bilirlər. İbtidai sinifdə başı örtülü olan uşaq yaşıdlarının diqqətini cəlb edir, onların təəccüblü və ya kənarlaşdırıcı reaksiyaları ilə üzləşir. Bu durum azyaşlı uşaqda özünü kənarlaşdırılmış, özgələşmiş hiss etməyə, yaşıdları ilə ünsiyyətdən qaçmağa və sosial təcridə (izolyasiyaya), məktəbə qarşı neqativ münasibətin formalaşmasına yol açır.

Məlumdur ki, dini geyim tələbləri praktiki olaraq yalnız qız uşaqlarına şamil edilir. Oğlan uşaqları üçün bu cür kəskin vizual və sosial qadağalar olmadığı halda, qız uşaqlarının erkən yaşdan örtünməyə məcbur edilməsi gender bərabərsizliyinin də ilk toxumlarını səpir. Qız uşağına erkən yaşdan "kişilərdən gizlənmə", "həya obyekti olma" kimi yetkin qadın məsuliyyətləri yüklənir. Bu, uşaq psixologiyası üçün ağır bir travmadır. Uşaqlar oyun oynamaq, qaçmaq, idman dərslərində aktiv olmaq, rəqs etmək və fiziki olaraq rahat hərəkət etmək ehtiyacındadırlar. Qapalı və ağır dini geyim azyaşlı qızların bu fiziki aktivliklərdə sərbəst iştirakına mane olur, onların sağlam və hərtərəfli inkişafını ləngidir.

Bu baxımdan məktəblərdə vahid geyim formasının tətbiq edilməsi sadəcə formal bir inzibati qayda deyil, dərin sosioloji mənaya malikdir. Çünki vahid forma şagirdlər arasındakı sosial-iqtisadi fərqləri (varlı-kasıb ayrımını), etnik və ya dini mənsubiyyət fərqlərini vizual olaraq ortadan qaldırır. Bütün uşaqların eyni geyimdə olması onlara eyni cəmiyyətin bərabərhüquqlu üzvləri olduqlarını hiss etdirir. Məktəb partası arxasında oturan uşaq "dindar ailənin övladı" və ya "dünyəvi ailənin övladı" kimi deyil, sadəcə "şagird" kimi qəbul edilir.

Nəticə olaraq, məktəblərdə vahid geyim qaydalarının qorunması azyaşlı uşaqların böyüklərin dini-ideoloji təzyiqlərindən müdafiə olunması, onların sağlam psixoloji inkişafı və cəmiyyətə bərabərhüquqlu vətəndaşlar kimi inteqrasiya olunması üçün hüquqi və sosial bir zərurətdir. 

Dini dünyagörüşü, fəlsəfi inanclar və buna uyğun geyim seçimləri uşağa erkən yaşda məcburi vərdiş kimi aşılanmamalıdır. Bunlar şəxsiyyətin tam formalaşdığı, fərdin öz iradəsini sərbəst və şüurlu ifadə edə bildiyi yetkinlik yaşlarına saxlanılmalıdır. Həm də onların öz ixtiyarlarına, öz seçimlərinə buraxılmalıdır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

“Ədəbiyyat və incəsənət”

          (30.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.