Türkün mavi göyündə bir şimşək kimi çaxdı... Featured

Həyat Şəmi,

Türkiyədən.

“Ədəbiyyat və incəsənət”

 

Həyatı boyunca Azərbaycanın haqlı davasını və Türk coğrafiyasının ortaq dəyərlərini beynəlxalq platformalarda qətiyyətlə müdafiə edən Qənirə Paşayeva qələmi, nitqi və sarsılmaz məfkurəsi ilə Türk Dünyasının qəlbində müstəsna bir yer tutmuşdur. Türk Dünyasına qatdığı eşsiz xidmətlər həmişə minnətdarlıqla xatırlanacaqdır.

Qoyduğu iz, müdafiə etdiyi dəyərlər və Türk Dünyasına təmənnasız sevgisi, bizlərə ötürdüyü ən qiymətli mirasdır. Onun adını, məfkurəmizi yaşadaraq və düşüncələrini daha irəliyə daşıyaraq yaşatmaq; hər birimiz üçün bir vəfa borcudur.

 

 

TÜRKÜN QIZI QƏNİRƏ

 

“Biz” deyib dağıtdı o, “mənəm” deyən darlığı,

Çox böyük işlər gördü qısa ömrün varlığı.

Keçdi fani dünyadan iz qoyaraq yerinə,

Dildə, fikirdə, işdə yaşar min-min qərinə.

 

Adı dolaşıb gəzir Türk Dünyası içində,

Belə sevilən varmı bu boyda, bu biçimdə?

Bir Asena simvolu, bir ölməz hafizəydi,

Qutsal düşüncələri Türklüyəydi, bizəydi...

 

Bu gün göyərən o Söz – zamanı ötən toxum -

Türk qızının dilindən boy verən, bitən toxum:

“Salam olsun Türkiyəm, Kərküküm, Bayırbucaq...”

Salam gəzdi Turanı əl-əl və qucaq-qucaq.

 

Türkün mavi göyündə bir şimşək kimi çaxdı,

Milyonların köksünə işıq nişanı taxdı.

O, yalnız bir ad deyil, bir gücdü, bir məfkurə,

Türklüyü ünvan qıldı göyə açılan şükrə.

 

Köçdü fani dünyadan, keçdi cismin fövqünə,

Qovuşdu ruhun nuru Türkün uca şövqünə.

İllər keçər, bu ağrı silinməz ki, Türklükdən,

Nə qədər işlər miras bu zərif böyüklükdən...

 

Ruhun şad olsun bacım, adın qaldı dillərdə,

Yaman xəcalət şəkir sənsiz keçən illər də...

Məğrur kədər içində boynunu bükər zaman,

Ən ağır bir yük kimi dərdini çəkər zaman.

 

Daima yaşadacaq səni Türkün kimliyi,

Bizə qorumaq düşür bu müqəddəs birliyi...

Hər sözündən, işindən bir iz düşdü dərinə,

Unudulmayacaqsan, Türkün qızı Qənirə!

Turanın ürəyində yaşayacaq Qənirəm...

                                           (19.09.2026)

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.