Rəqsanə Babayeva,
"Ədəbiyyat və İncəsənət" Beyləqan və İmişli təmsilçisi
Mən dəliyəm! Yorğunam, tənhayam, bir az da yuxusuzam. Gecənin bütün səssizliyi gəlib çöküb çiyinlərimə. Üstümdə ağırlığını hiss etdiyim, adını bilmədiyim bir kədər var. Dənizin ortasında üzməyi bilməyən balaca bir ada kimiyəm. Ətrafım su, içimdə quru bir torpaq... Ürəyimi qoyduğum yerə qədər üzmək, illər əvvəl hardasa unutduğum əmanətimi tapıb geri almaq istəyirəm. Amma harada qoyduğumu xatırlamıram. Bəlkə də insanın ən böyük itkisi özünü harada itirdiyini bilməməsidir.
Mən dəliyəm! Amma çox şey bilirəm. Rənglərin, dəbdəbənin, insanların “yaxşı həyat” dediyi şeylərin çoxu mənim üçün çoxdan mənasını itirib. Mən göylə yerin bir-birinə toxunduğu yerə, üfüqə baxıram. Həmişə başlanğıc sandığımız yerlərin əslində son olduğunu düşünürəm. Köhnə bir qatar kimi həyatın relsləri üzərində gedirəm. Bir stansiyada ümidimi düşürürəm, o birində xatirələrimi götürürəm. Bəzən hara getdiyimi bilmirəm, amma dayanmağa da ürəyim gəlmir.
Mən dəliyəm! Yağış yağanda hamı romantika axtarır, mən isə onun səsində öz içimdəki sükutu eşidirəm. Günəş doğanda hamı yeni bir gün görür, mən isə gecədən qalan yorğunluğu. Ay çıxanda göyə baxıb arzular tutanlardan deyiləm. Mən daha çox cavabsız suallarımı aya göndərirəm. Bəlkə bir gün onlardan biri geri qayıdar.
Mən dəliyəm! Özüm də bu dünyaya tam aid olduğumu düşünmürəm. Sanki sıralanmış dağların arxasında qalan, yolları qaranlıq, küçələri susqun bir şəhərdən gəlmişəm. Orada insanlar çox danışmır. Orada hər kəs öz yarasını özü daşıyır. Bəlkə də mən elə orada öyrənmişəm susmağı.
Mən dəliyəm! Deyə bilmədiyim o qədər düşüncəm var ki... Bəzən bir cümləni içimdə yüz dəfə qururam, amma dilimə gətirmirəm. Çünki bəzi sözlər deyildiyi anda mənasını itirir. Bəzi həqiqətlər isə insanın içində qalanda daha çox şey danışır.
Mənə hər gün bir az sui-qəsd edilir. Bəzən bir sözlə, bəzən bir baxışla, bəzən də heç nə demədən gedən insanların səssizliyi ilə. Amma ölmürəm. Hər dəfə bir az daha susuram, bir az daha içimə çəkilirəm, sonra yenə ayağa qalxıram. Mənim qəribəliyim də elə budur: dağıldıqca tamamlanıram.
Mən təbii fəlakətəm! Sosial bəlayam! Amma heç kimə zərər vermək üçün gəlməmişəm. Sadəcə bu dünyaya bir az artıq həssas gəlmişəm. Hamının keçib getdiyi yerdə mən dayanıb düşünürəm. Hamının unutduğu şeyi mən illərlə yadda saxlayıram. Bəlkə də buna görə yoruluram.
Mən dəliyəm! Cəmi bircə fəslim var mənim. Çovğunlu, sərt, uzun bir qış... İnsanları üşüdən şaxtanı sevirəm. Bəlkə də soyuğa öyrəşmişəm deyə. Amma uşaqları çox sevirəm. Onların dünyasında hələ saxtalıq yoxdur. Hələ ürəkləri hesablamağı bacarmır. Sonra böyüyürlər. Böyüdükcə dünyanı öyrənirlər. Dünyanı öyrəndikcə bəzən özlərini itirirlər. İnsanlaşdıqca niyə kiçildiklərini heç vaxt anlaya bilmirəm.
Mən dəliyəm! Qışqıra-qışqıra mahnı oxuyaram, sonra saatlarla susaram. Səs-küylə yaşayıb səssiz yazılar yazarım. Tanımadığım insanların şəkillərini çəkərəm, çünki bəzən insanın üzündə öz hekayəmdən bir parça görərəm. Öz-özümə danışaram, öz-özümə gülərəm. Küçələrin dalanlarında azmağı xoşlayaram. Çıxış yolu tapa bilməyəndə daha çox axtararam. Təngnəfəs qalanda bir kənarda dayanıb göyə baxaram. Bəzən də yağışın altında üzüqoylu düşməkdən qorxmaram. Çünki insan bəzən ayağa qalxmaq üçün əvvəlcə yerə yıxılmalıdır.
Mən dəliyəm! Puldan zəhləm gedir, amma pul üçün işləyirəm. Yaxşı yaşamaq deyəndə insanların nəyi nəzərdə tutduğunu heç vaxt tam anlamamışam. Mənim üçün yaxşı yaşamaq bahalı ev, gözəl maşın, çoxlu pul deyil. Mənim üçün yaxşı yaşamaq gecənin bir yarısı ürəyinin sakit olmasıdır. Heç kimə borclu olmadan başını yastığa qoymaqdır. Özünə qarşı utanmamaqdır.
Heç kimlə düşmən deyiləm. Amma heç kimi də asanlıqla dost bilmərəm. İnsanlara inanmaq mənim üçün həmişə çətin olub. Çünki mən insanları sözlərindən çox, susduqları yerlərdən tanıyıram. Bəlkə də buna görə hələ də özüm-özümə yadamsa, başqalarını necə tanıyım?
Mən dəliyəm! Ağlamayacağıma and içmişəm. Amma bəzən gözlərim məndən xəbərsiz ağlayır. Mən faciəvi dramam, bəzən də üç pərdəli bir komediya. Öz həyatımın həm tamaşaçısıyam, həm aktyoru. Bəzən səhnənin ortasında dayanıb özümə baxıram və düşünürəm: “Sən nə yaşayırsan belə?”
Yediyim çörəyin arasına bəzən kinimi doğrayıram, şorbama hirsimi qaşıqlayıram. Sonra yenə sakitləşirəm. Çünki bilirəm, insan içində böyütdüyü qəzəbin ən böyük zərərini yenə özünə verir. Ona görə də bəzən bağışlayıram. Unutduğum üçün yox, özümü daha çox yormamaq üçün.
Mən ürəklərdə nida, beyinlərdə sual işarəsiyəm. Birinin cavabı, digərinin anlaşılmazlığıyam. Kiminsə gözündə çoxam, kiminsə gözündə heçəm. Bəzən özüm üçün belə izaholunmazam.
Mən dəliyəm! Qupquru, cadar-cadar olmuş torpağa bənzəyirəm. Üstümdə illərin ayaq izləri var. Kimlərsə gəlib keçib, kimlərsə məni tapdalayıb, kimlərsə üstümdə özünə yuva qurub. Soyuqda üşümüşəm, istidə qovrulmuşam. Amma yenə də içimdə bir toxum saxlamışam. Bəlkə bir gün yağış yağar və o toxum cücərər.
Mən dəliyəm! Xoşbəxtliyi hər yerdə axtaran, amma onun reseptini çoxdan cibində gəzdirən bir dəliyəm. Bəlkə də xoşbəxtlik uzaqda deyil. Bəlkə insanın illərlə axtardığı şey elə öz içindədir. Sadəcə o qədər yaralanmışıq ki, özümüzə çatmağa belə qorxuruq.
Mən dəliyəm! Çünki hələ də inanıram. İnsanlara yox, həyata. Sabahın bu gündən fərqli ola biləcəyinə. Qaranlığın içindən bir gün işıq çıxacağına. İtirdiklərimin hamısının məni bir yerə apardığına. Bəzən gecikdiyimi düşünsəm də, Tanrının heç kimi öz vaxtından əvvəl heç bir yerə çatdırmadığına.
Mən dəliyəm! Çünki hamının “bitdi” dediyi yerdə hələ də bir başlanğıc axtarıram. Hamının vaz keçdiyi yerdə bir az da gözləyirəm. Bəlkə də bu, dəlilik deyil. Bəlkə buna ümid deyirlər.
Mən dəliyəm! Yorğunam, amma hələ yol gedirəm. Tənhayam, amma özümlə danışıram. Yuxusuzam, amma xəyallarım hələ oyaqdır. İçimdə qış var, amma hansısa uzaq küncdə yazın gələcəyinə dair balaca bir inam saxlayıram.
Başa düşən düşdü...
Düşməyən də məni dəli bildi.
Mən isə heç nə demədim.
Çünki bəzi insanları anlatmaq olmur.
Onları yalnız hiss etmək olur.
“Ədəbiyyat və incəsənət”
(22.09.2026)


