Bəzilərini universitetə atası aparır, bəzilərini isə öz ayaqları Featured

İLK DƏRS GÜNÜNÜN DÜŞÜNCƏLƏRİ

 

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

15 sentyabr. Universitetlərin qarşısı yenə valideyn və tələbə səsi ilə dolu idi. Birinci kurs tələbələri həyəcanla universitetə gəlirdilər. Kiminin əlindən uşaq kimi anası tutmuşdu, kiminin yanında atası vardı. Kimisi ilk günün həyəcanını gizlətməyə çalışır, kimisi də valideyninin yanında uşaq kimi görünürdü. Dərsim bitmişdi. Bakı Dövlət Universitetinin qarşısında bir kişi mənə yaxınlaşdı. “Qızımla məni çəkə bilərsiniz?” Telefonu götürüb onları çəkdim. Elə həmin vaxt kənarda dayanan başqa bir ata bunu gördü. Bir qədər gözlədi. Sonra o da yaxınlaşıb: “Məni də qızımla çəkərsiniz?” Çəkdim. Sonra başqa biri gəldi. Bir ata, bir qız..

 

Amma o kadrların içində mənim gördüyümdən daha böyük bir şey var idi. Ataların qızlarını universitetə gətirməsi... Bəlkə də onlar üçün adi bir şey idi. Amma həmin gün düşündüm ki, bu adi görünən səhnə heç də hamının payına düşmür. Elə qızlar var ki, ilk universitet günündə yanında atası yoxdur. Elə oğlanlar var ki, anası onların çantasını düzəldib qapıya qədər yola salmayıb. Elə uşaqlar var ki, “ilk günün mübarək” deyən, həyəcanını bölüşən, universitetin qapısında dayanıb şəklini çəkən heç kimləri yoxdur. Bəzilərinin atası yoxdur. Bəzilərinin anası yoxdur. Bəzilərinin isə valideyni var, amma yanında olmağın nə demək olduğunu heç vaxt yaşatmayıb. Və onlar yenə də gedirlər. Öz ayaqları ilə. Çantalarını bellərinə keçirib, heç kimə söykənmədən. Bəlkə də yol boyu yanlarından keçən hansısa ata qızının əlindən tutub. Onlar baxıb susurlar. Sonra yoluna davam edirlər. Çünki həyat hər kəsə eyni başlanğıcı vermir.

 Kiminsə universitetə ilk gəlişi atasının maşınının arxa oturacağından başlayır. Kiminsəki isə avtobus dayanacağından. Kiminsə çantasını anası hazırlayır. Kiminsə çantasında isə yalnız özü üçün yığdığı bir neçə əşya olur. Amma ən ağırı budur: bəziləri çox şeyi itirsə də, ümidini itirmir. Qəzzada ailəsini itirən uşaqlar kimi... Dünyanın dağıntılarının arasında məktəb çantasını belinə keçirib dərsə getməyə çalışan balaca uşaqlar kimi. Onların da bəlkə yanında atası yoxdur. Bəlkə anası yoxdur. Bəlkə evləri yoxdur. Amma hələ arzuları var. Çünki insanın əlindən çox şeyi almaq olar. Evini, rahatlığını, uşaqlığını, sevdiklərini. Amma o, ümidini qoruyursa, deməli hələ ayaqdadır. 15 sentyabrda universitetin qarşısında atası ilə şəkil çəkdirən o qızlara baxanda bunu düşündüm. Bəlkə də həmin şəkillər illər sonra onlar üçün çox qiymətli olacaq. Atasının yanında dayandığı, ilk universitet günündə onunla birlikdə olduğu bir şəkil. Amma həmin gün kənarda səssizcə universitetə gedən başqa bir tələbə də vardısa, onun şəklini "olmayab atası" ilə kim çəkəcək? Bəlkə heç kim. Amma o da gedəcək. Çünki bəzən insanı universitetə ata aparmır. Bəzən insanı universitetə aparan tək şey öz ayaqları və içində hələ ölməyən ümiddir. Həyatın ən böyük cəsarəti elə budur: heç kimin əlindən tutmadığı halda, yenə də yoluna davam etmək. Bəlkə də biz universitetlərin qarşısında yalnız sevinən valideynləri və həyəcanlı tələbələri görürük. Amma hər kəsin görünməyən bir hekayəsi var. Kimsə ilk dərsinə gedərkən atasının “hər şey yaxşı olacaq” sözünü eşidir. Kimsə isə həmin cümləni öz-özünə deyir. Kimsə dərsdən çıxanda telefonunun o biri başında “Necə keçdi ilk günün?” deyə soruşacaq bir anası olduğunu bilir. Kimsə isə telefonuna baxır və heç bir mesaj görmür. Buna baxmayaraq sabah yenə dərsə gedir. Çünki həyat dayanmağı sevmir. Bəzən insanın içi dayanır, amma ayaqları yenə yol gedir. Bəzən insanın ürəyi çoxdan yorulub, amma çantası yenə çiynindədir. Bəzən insanın yanında heç kim yoxdur, amma qarşısında böyük bir həyat var. Və o həyatın içində özünə bir yer açmaq məcburiyyətindədir.

 Məncə, valideynin övladını universitetə aparması çox gözəl bir şeydir. O şəkilləri çəkərkən ataların gözündəki qüruru da gördüm. Qızlarının yanında dayanıb şəkil çəkdirmək istəmələri əslində sadəcə bir foto deyildi. Bəlkə də həmin ata üçün bu, “qızım böyüdü də universitetə girdi” deməyin başqa forması idi. Dünən məktəbli olan qızı bu gün universitetə qədəm qoyurdu. O ata da istəyirdi ki, bu an yaddaşda qalsın. Və yaxşı ki, qalır.

Amma bütün bunların arasında bir şeyi də unutmayaq: hər kəsin arxasında onu alqışlayan bir ailə olmur. Bəziləri öz uğurlarını özləri qeyd etməyi öyrənirlər. İmtahandan yaxşı nəticə alanda ilk olaraq özləri sevinirlər. Universitetə qəbul olanda özləri ağlayırlar. İlk dərsə girəndə özləri həyəcanlarını sakitləşdirirlər. İlk uğurlarında “afərin” sözünü öz içlərindən eşidirlər. Bu, onları daha az dəyərli etmir. Əksinə, bəzən insanın ən böyük gücü heç kimin onun üçün qurmadığı yerdə özünə yol qurmağından gəlir.

Mən Qəzzadakı uşaqları düşünürəm. Ailəsini, evini, uşaqlığını itirən, amma yenə də çantasını götürüb məktəbə getməyə çalışan uşaqları. Onların üzündə bəzən yaşlarından çox böyük bir yorğunluq görünür. Amma gözlərində hələ bir sabah olur. Bəlkə də həmin sabah onları ayaqda saxlayır. Bəlkə məktəbə getmək onlar üçün sadəcə dərs deyil. Bəlkə məktəbə getmək “mən hələ buradayam, yaşayıram, hər şeyə rəğmən dayanıram, bu müharibə məni bitirə bilməz” deməyin bir yoludur. Dünyanın bütün ağrısına baxmayaraq, insanın gələcəyə doğru bir addım atmasıdır. Biz isə bəzən sahib olduğumuz şeylərin qiymətini yalnız onları itirəndə anlayırıq.

 

 Yanımızda olan valideynin “gecikmə”, “özünə fikir ver”, “çatanda xəbər elə” deməyinə əsəbiləşirik. Çantamıza qoyulan yeməyə, səhər oyadılmağımıza, universitetə qədər yola salınmağımıza bəzən adi bir şey kimi baxırıq. Halbuki kiminsə bütün ömrü boyu arzuladığı şey bəlkə də elə həmin adi səhnədir. Bir ata ilə qızının universitet qarşısında çəkdirdiyi bir şəkil. Bir ananın övladının yaxasını düzəltməsi. Bir valideynin qapıda dayanıb “dərsdən sonra zəng elə” deməsi. Bizim üçün adi olan, başqası üçün əlçatmaz ola bilər. Ona görə də bəlkə bir az daha qədirbilən olmaq lazımdır. Yanımızda olan insanların varlığını adiləşdirməmək lazımdır. Çünki bəzi yoxluqlar sonradan heç nə ilə dolmur. 15 sentyabr mənə bir daha bunu xatırlatdı.

Mən  başa düşdüm ki, əslində bir neçə ailənin yaddaşına kiçik bir xatirə əlavə etmişəm. Amma  başqa bir şeyi də düşündüm. Bəlkə həmin qapıdan içəri girən və heç kimin şəkilini çəkmədiyi insanlar da var idi. Onlar da birinci kurs idi. Onların da ürəyi döyünürdü. Onların da qorxuları vardı. Onların da böyük arzuları vardı. Sadəcə yanında “mən səninləyəm” deyən biri yox idi. Buna baxmayaraq içəri girdilər. Bəlkə heç kim görmədi. Bəlkə heç kim onların cəsarətini alqışlamadı. Amma onlar girdilər. Çünki bəzən ən böyük qəhrəmanlıqlar səssiz baş verir. Heç kim şəkil çəkmir. Heç kim paylaşmır. Heç kim “afərin” demir. İnsan sadəcə çantasını çiyninə keçirir, dərindən nəfəs alır və yoluna davam edir. Bəzilərini  həyatın bütün ağırlığına baxmayaraq, öz ayaqları aparır. Və məncə, o ayaqların getdiyi yol bəzən ən uzun yoldur. Çünki onların qarşısında təkcə universitetin qapısı deyil, keçmişin bütün yoxluqları dayanır. Amma yenə də addımlayırlar. Çünki insanın hər şeyi itirdiyi yerdə belə ümidini qoruması mümkündür. Bəlkə də ümid elə budur: sabahın necə olacağını bilmədən, yenə də sabaha getmək. Heç kimin əlindən tutmadığı halda, öz əlindən tutub ayağa qalxmaq. Heç kim “sən bacararsan” demədiyi halda, bunu özünə demək. Və heç kim səni universitetə aparmasa belə, çantanı belinə keçirib o qapıdan içəri girmək. Çünki bəzən insanı irəli aparan ailəsinin gücü olur. Bəzən isə itirdiklərinin içindən yaratdığı öz gücü. Hər ikisi qiymətlidir. Sadəcə biri daha görünəndir, digəri isə səssiz....

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.