Həyat film deyil Featured

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Həyat bir filmdir. Biz də bu filmin oyuncularıyıq. Bu cümləni bəlkə də çox duymuşuq. Bəlkə də ilk dəfə. Amma həqiqət burasındadır ki, həyatın bizə verdiyi rolları bəzən yenidən yaradıb, bir başqa filmin oyuncusu oluruq.

 

Düşünürsən ki, kənardan izləyən tamaşaçılar səni həyat filmində rol gedən bir oyuncu kimi görür. Əslində, sən çoxdandır qurduğun filmin rejissoru olmusan. Rol getməkdən daha çox səhnəni idarə edirsən. Tamaşaçı sıxılmasın, yorulmasın, narazı qalmasın deyə. Çünki insan səhnədə qazandığı obrazı yaratmaq üçün onu yaşatmalıdır. Hər addımda, hər kəlmədə, hər baxışda yalnız bir obraz var olmalıdır. Amma rejissoru olduğumuz filmi özümüz oynayarkən bu qədər asanlıqla tək bir obraza sığa bilmirik.

Çünki biz yaratdığımız filmin həm rejissoruyuq, həm də aktyoru. Bəzən özümüzə belə etiraf etmədiyimiz rolları oynayırıq. Bir yerdə güclü qadın, başqa yerdə yorğun bir uşaq, kiminə sevgili, kiminə dost, tanış, bəzən isə hamıdan gizlətdiyimiz özümüz oluruq. Bəlkə də insanı ən çox yoran budur: hər zaman səhnədə qalmaq. Hamının qarşısında obraz qurmaq, bəzən qurduğun obraza özünü belə inandırmaq. Və tək qalanda hansı obraz olduğunu unutmaq. Tamaşaçı “bəyənmədim” deməsin deyə bütün bəyəndiklərini özündə birləşdirən bir obraz yaratmağa çalışırsan. Amma sonda elə bir obraz yaranır ki, hamı onu bəyənir, yalnız sən onu tanımırsan.

Həyat film deyil. Burada hər səhnənin dublyoru yoxdur, hər səhvin yenidən çəkilişi mümkün deyil. Və bəzən ən böyük cəsarət yaxşı oynamaq yox, nəhayət, obrazı kənara qoyub özün olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.