Aytac Quliyeva,
NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi
Biz dünyaya gələndə heç nəyi özümüz seçmirik.Nə adımızı,nə ailəmizi,nə də bizə bəxş edilən həyatı.Sonra böyüyürük və seçim etməyi öyrəndiyimizi düşünürük. Lakin qəribə olan budur ki,seçimlərin çoxu artıq bizə "qəlib"olaraq gəlmişdir. Bizə necə yaşamalı olduğumuzu deyirlər.Nəyi günah,nəyi savab hesab edəcəyimizi,nə vaxt sevməli,nə vaxt evlənməli olduğumuzu,nəyin normal,nəyin "anormal" olduğunu.Sonra bütün bunlara bir ad verirlər:
"AZADLIQ"
Guya "biz azad dünyada yaşayırıq" deyirlər.
Lakin insanın seçimi başqaları üçün qəbuledilməzdirsə, həmin seçim həqiqətən azad sayıla bilərmi? Niyə insan mütləq bir qəlibə sığmalıdır? Niyə hər kəs kor-koranə bir kütlənin arxasınca getməlidir?
Bir insanın sakitliyi başqasının səs-küyüdür. Birinin arzuladığı həyat digərinin qaçmaq istədiyi həyat ola bilər. Azadlıq hamının eyni yolu seçməsi deyil. Azadlıq öz seçdiyin həyat üçün yalnız özünə cavabdeh olmaqdır.
İnsanın qərarları bəzən onu yanıldır, bəzən heç kimə izah edə bilmədiyi bir yolu seçir. Bunun üçün üzr istəməli deyil. Çünki həyat bizdən qüsursuz seçimlər tələb etmir. Biz yaşayırıq, seçirik, itiririk, yenidən başlayırıq. Və bütün bunlar yalnız bizim həyatımızdır.
Bəzən bir insanın ömrü başqasının həyatında qoyduğu kiçik bir izdən ibarət olur. Bir ömrün mənası onun sahibinə yox,toxunduğu insanlara məlum olur. Ona görə həyatın məqsədinin arxasınca qaçmadan öncə onu yaşamaq lazımdır. Başqasının yazdığı cümlələri əzbərləmədən,başqasının sərhədlərini öz həbsxanamıza çevirmədən, "belə yaşamalısan" deyən səslərin arasından öz səsini eşidərək.
Həə, bir də hələ də bitmək bilməyən günah-savab mübarizəsi var..
Doğulmamışdan əvvəl belə hansı əməlin günah, hansı əməlin savab olduğunu deyiblər. Biz isə onları sorğulamadan mənimsəmişik. Çünki insanoğlu əvvəlcə inanır, inandığı yerdən qırılandan sonra şübhə edir.
Amma günah həqiqətən nədir?
Şablonlarmı var nəyin günah, nəyin savab olduğu barədə?
Əgər günah insanın etdiyi hərəkətdirsə, onda onu günah edən nədir-niyyət ,nəticə, yoxsa əvvəlcədən müəyyən olunmuş "qaydalar"?
Məgər bir insanın niyyəti yaxşı, etdiyi hərəkətin nəticəsi pisdirsə,o günahkardırmı?
Günah insanın azadlığı ilə məsuliyyəti arasındakı ziddiyyətdir. İnsanın ən böyük günahı özünü seçməməkdir. Kim olacağını, nə edəcəyini, necə davranacağını seçməmək...
Və insanı bu günah savab anlayışıyla yaşamağa alışdırırlar.
Ölüm qapını döyəndə insanın əlində tonlarla günah və savab yox,bütün ömrü boyu qaçdığı həqiqət qalır.
Ölümü eşidəndə qorxuruq. Çünki onu son kimi qəbul edirik. Amma doğulanda nə ilə qarşılaşacağımızı bilmirdik. Qorxduğumuz ölüm deyil, nə olduğunu bilməməkdir. Və bilinməyən hər şey qorxunc olmaq məcburiyyətində deyil.
Ona görə yaşamaq yalnız ölməmək deyil. Yaşamaq öz həyatına sahib çıxmaqdır. Heç kimin müdaxiləsi olmadan sadəcə öz həyatına sahib çıxmaq.
Qorxulu olan ölüm deyil.
Qorxulu olan dünyanın qəlibləri içində özünü unutmaqdır.
Qorxulu olan yaşamaq üçün verilmiş ömrü sadəcə mövcud olaraq başa vurmaqdır.
Ölüm son deyil.
Sadəcə bilmədiyimiz qapıdır.
Amma bir şey dəqiqdir: o qapıya çatana qədər,bu tərəfdə həqiqətən, qəlibləri sındıraraq yaşamaq lazımdır.
Həyatınızı doya-doya yaşayın. Kim olacağınızı, necə davranacağınızı, nə istədiyinizi özünüz seçin.
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)


