Səni də özünə döndərənlər varmı? Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam dəyərli izləyicilərimiz, xoş gördük.

Mənim üçün hər yeni nəşr olunan kitab bir yeni tapıntıdır. Əminəm ki, kitabsevərlər də mənim kimi düşünür. Hər kitab bir səyahətdir, bir müəllimdir.

 

Bu gün Sizə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin əməkdaşı, yazıçı-publisist Pərvanə Bayramqızının yeni nəşr olunan “Səni özünə döndərənlər” adlı kitabı haqqında müəlliflə müsahibəmizi təqdim edəcəyik.

 

-Xoş gördük, əziz Pərvanə xanım, yeni kitabınızın çap olunması münasibətilə Sizi təbrik edirik, kitabın adı — “Səni özünə döndərənlər” sərlövhəsi diqqətimizi çəkdiyindən istədik ki, sizlə söhbət aparaq, görək kitabda hansı mövzularda yazılmış mətnlər yer alıb və hansı mətnin təsir gücü bu adı seçməyinizi zəruri edib?

 

— Həm təbrikə, həm də müsahibə istəyinizə görə təşəkkür edirəm, mehriban olduğunuz üçün sizlə söhbətləşmək mənə həmişə xoş olub.

Kitabın 543 səhifədən ibarət olması göstərir ki, müəllifin narahat olduğu, düşündüyü mövzular çoxdur. İçindəkilər müxtəlif bölmələrə ayrılıb, hər bölməyə aid də süni intellektin sayəsində maraqlı rəsmlər seçilib. Bunun zəhmətini tərcüməçi Aygün Əziz çəkib. “Səni özünə döndərənlər” yeddinci kitabımdır. Heç bir kitabımda eyni mətnlər olmur, amma hamısında sosial problemlərə, cəmiyyətdəki çatışmazlıqlara, müxtəlif tip insanlara həsr edilmiş mövzular yer alır. Gündəlik həyatımızda baş verən adi sayılan, əslində isə təhlükəli məqamların hər biri mətnlərimdə təsvir olunur. Kiçik hesab edilən hadisələr böyük bəlaların bünövrəsi oıduğu üçün laqeyd qala bilmir, gördüklərimi yazıram. Şəxsiyyətinə, yaradıcılığına, fəaliyyətinə dəyər verdiyim tanınmış ziyalılardan götürdüyüm müsahibər, bəzilərinin yaradıcılığı haqqında yazdığım resenziyalar da kitabda yer alıb. Professor Nazim Muradovla müsahibəmizi ensiklopedik müsahibə adlandıranlar oldu, çünki orada milli baxımdan hər şey əks olunub. Uşalara, kitabxanalara və digər mövzulara da aid mətnə çevirdiyim fikirlərimin hamısı, hətta romantik duyğularım da kitabın səhifələrindədir.

Gələk sərlövhənin izahına.

Kitabın 87-ci səhifəsində həmin başlıqla verilmiş mətn sualın cavabıdır, amma kitab hələ yayılmadığı üçün izah edəcəm.

Adamın üç tərəfi olur; özü olduğu kimi, saxtakarlığı, bir də onu olmağa məcbur etdikləri tərəfi. Kitabın adı üçüncü tərəfə aid olanların xarakteristikasının ifadəsidir. Yəni ətrafımızdakılar bizi olmadığımız, istəmədiyimiz kimi rəftara təhrik edirlər. Bu problemi çoxumuz yaşayırıq. Qəribədir, bəziləri sakit adamın təmkininin fonunda özünün aqressiyasının duyulduğunu biləndə daha da dözülməz olur. Həmin adamı təbdən çıxarıb kobudluq, hövsələsizlik etməyə məcbur edir. Nə qədər dözsək də, axırda heysiyyətimizin tab gətirmədiyi hərəkətə yol verir və cavabını alır. Nə qədər həlim, səbirli olsaq da, bizi sərt rəftar etməyə məcbur edirlər.

Səni sən kimi yaşamağa qoymayanlardan uzaqlaşmaq olmur.

Belələrinin üzündən yaxşı adamlar həmişə əziyyət çəkirlər. Səni (adamı) özünə döndərənlər mənim dəyişməz obrazlarımdır, hətta bu cür kitabım da oldu.

 

— Qadınlar üçün nəzərdə tutulmuş işlərin çox olduğunu hamımız bilirik, üstəlik ictimai işlə məşğul olanda bu yük daha da artır, buraya bədii yaradıcılığı da əlavə edəndə artıq heyrət  etməli oluruq.

Bunların öhdəsindən necə gəlirsiniz?

 

— Bir səhər işə gedəndə bağda alimlərdən biri ilə qarşılaşdım. O da bu cür sual vermişdi, bir az da tərifləmişdi ki, iş saatı, ev işləri ilə müqayisə edəndə yazdıqların adamı heyrətləndirir, çox məhsuldarsan. Dedim, müəllim, siz yalnız yazdıqlarımı görürsünüz, mənsə yazmadıqlarıma heyifsilənirəm. Mənim yaradıcılığım yazmadıqlarımdan ibarətdir. Yeri gəlmişkən deyim, bu söhbət də kitabda var.

 

— Kitaba həddən çox sevginiz duyulur. Mütaliənin təbliğatı ilə məşğulsunuz. Əməyiniz bəhrə verirmi?

 

— Mənim gördüyüm işlər və onun nəticəsi reklamsızdır, bundan narahat deyiləm, bu işi təmənnasız etdiyim üçün kimdənsə təşəkkür gözləmirəm. Mənə mənəvi zövq verən məqam qonşuluqdakı qızların “məndə kitaba marağı siz oyatmısınız” deməkləridir. Üç-dörd cavan oğlan yaxınlaşdı ki, Pərvanə xanım, biz ibtidai sinifdə oxuyanda bizə uşaq ensiklopediyası göstərib demişdiniz ki, məktəbinizin kitabxanaçısına deyin bunlardan sizə versin oxuyun. Buna bənzər xatirələr, əhvalatlarlar çoxdur, bunları əməyimin bəhrəsi sayıram. Əsas odur, balalara faydam dəyib.

 

— Azərbaycan mətbuatı haqqında məlumat toplayıb Türkiyədə çap olunan ədəbi dərgiyə göndərməyinizdən həmin jurnalda dərc edilmiş yazıları oxuyub qonorarsız resenziya yazmağınızdan bilinir ki, könüllü işləri sevirsiniz. Bunlardan yorulduğunuz vaxt olmur?

 

— Hə, “Güftə ədəbiyyat” dərgisinin təsisçi və redaktoru Vəli Ay bizim mətbuat haqqında məlumat istədi. İstəyir ki, iki qardaş ölkənin ədəbi əlaqələri genişlənsin. Mən də heç kəsin zəhmətini mənimsəmədən mənbələri, müəllifləri göstərərək məlumat toplayıb dərgiyə yollayıram.  Burada mənim üçün maraqlı olan Azərbaycan mətbuatının Türkiyədə təbliğatının aparılmasıdır. Hər işdən qonorar almaq kimi məqsədim yoxdur. Təbii ki, o iş vətənlə, millətlə əlaqəlidirsə.

Bundan başqa, jurnalda bir-birindən maraqlı mətnləri, hekayələri, şeirləri də oxuyub təəssüratımı qələmə alıram, onlar da dərc edirlər. Bunu ədəbiyyata xidmət məqsədi ilə edirəm və zövq alıram.

 

— Sosial şəbəkədə aktivsiniz. Maraqlı paylaşmalarınızı görürük, xeyirxahlığın, mehribanlığın təbliğatını aparırsınız. Hərdən də müəyyən mövzuları həm ciddi, həm də ironiya dolu mətnlərlə, müxtəlif rəsmlər vasitəsilə diqqətə çatdırırsınız. Bunların hansının təsiri güclüdür?

 

— Sualınız bəzi məqamları xatırlatdı. Hər hansı mövzuya aid ciddi mətn paylaşanda daimi oxucularım, xətri əziz olan dostlarım həmfikir olurlar, təbii ki, eyni cür düşündüyümüz üçün onlarla dostuq.  Yumorum da, ironiyam da onlara aydın olur, nəyi nəzərdə tutduğumu duyub ya gülür, ya da təəssüflənirlər, amma elə adamlar var, (təhsilli, elmli) oxuduqları, yəni mənim demək istədiyim onlara aydın olmur, öz dünyagörüşlərinə, xarakterlərinə uyğun məna verirlər. Gülünc rəy yazırlar. Fikrim aydın olmayıbsa, izah istəyə bilərlər, bunlarsa birbaşa ya məni qınamağa, nəsihət verməyə keçirlər, ya da öz xüsusiyyətlərini mənim boynuma qoyurlar.

Bizə aydın olmayan fikirlərə fikir bildirməkdə ehtiyatlı olmalıyıq. Əvvəlcə, düşünək: bəlkə, bu cür qəbul etməkdə yanılıram?

Təsir gücünə gəlincə, anlamayana heç birinin faydası yoxdur.

 

— Kitabınız yeni çıxdığı üçün yəqin ki, bir müddət yaradıcılığa fasilə vermək istəyirsiniz.

 

— Qətiyyən! Əksinə yenə kitab çapına hazırlaşıram. Yazmaq mənim üçün mənəvi ehtiyacdır. Yazaraq yaşayıram, yazanda dincəlirəm. Kompüterdə bu an çap olunası 4-5 kitablıq yazı var. İndiki kimi iri həcmli olmasalar da hər biri orta həcmdə kitaba çevrilə bilər. Tamam fərqli mövzulardı, eyni mətni dəfələrlə çap etdirib adını yeni kitab qoyanları anlamıram. Bu dəfə sıraya şeirlərimi də salacam. Nə vaxtsa şeir də yazmışam, amma şairlik həvəsim yoxdur.

Uzun sözün qısası, yaradıcılıqda istirahəti sevmirəm, mövzu gəldisə, yazacam, amma çox yazım deyə özümü məcbur da etmirəm. Bəzən günlərlə yazmıram, elə də olur çətin məqamlarda əziyyətlə yazıram.

Təbii şəkildə baş verən hər şeyi xoşlayıram. Həyat ssenari ilə idarə olunası məkan deyil.

 

-- Pərvanə xanım, sizinlə  həmsöhbət olmaq çox xoş oldu, daxilinizdəki enerji kitablar qədər gözəldir. Kitabserlərin öz enerjisi olur, mən də sizdə bunu hiss edirəm. Yeni yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.