Redaksiyamız oxucumuz Ülviyyə Fərmayılqızından məktub alıb. Məktubla bərabər Ülviyyə xanım 2 essesini də göndərib. Dünən bu esselərdən birincisini dərc etmişdik. Maraqlı və oxunaqlı olduğundan, bu gün 2-ci esseni də oxucularımızın ixtiyarına veririk.
Hörmətli "Ədəbiyyat və İncəsənət" portalının redaksiyası,
Mən Ülviyyə Fərmayılqızı, yüzlərlə şeirin, yeni nəşr olunmuş "Səssiz fırtına" və yaxın gələcəkdə işıq üzü görəcək "Sevginin kölgəsində" povestlərinin müəllifiyəm. Həmçinin hazırda 3-cü povestim üzərində tamamlama işləri aparıram.
Geniş oxucu kütləsinə ünvanlanan yaradıcılıq nümunələrimdən iki yeni bədii-fəlsəfi essəmi portalınızda dərc olunması üçün diqqətinizə təqdim edirəm:
"Özünü seçmək eqoizm deyil" (İnsanın özünədəyəri və mənəvi sərhədlərini qoruması haqqında)
"Ağ da qaraya ziddir, amma əən çox ona yaraşır..." (Ziddiyyətlərin ahəngi və fərqliliklərin bir-birini tamamlaması haqqında)
Materialları dəyərləndirməyinizi və portalınızda dərc olunmasına şərait yaratmağınızı rica edirəm.
Qiymətli vaxtınız və diqqətiniz üçün öncədən təşəkkür edirəm.
Hörmətlə, Ülviyyə Fərmayılqızı
ÜLVİYYƏ FƏRMAYILQIZI
"Ağ da qaraya ziddir, amma ən çox ona yaraşır..."
Təbiətin özü bizə bunu illərdir pıçıldayır. Gecə gündüzə ziddir, amma biri olmadan o birinin gözəlliyi görünmür. Ay qaranlıq səmanın qoynunda daha gözəl görünür. Qar ağ torpağa yox, qaranın üzərinə düşəndə möcüzəyə çevrilir.
Həyatda bəzi insanlar da ağ və qara kimidir. Bir-birinə tam zidd... Birinin içində işıq var, o birinin içində kölgə. Birinin səsi sakitlik gətirir, o birinin baxışları fırtına qopardır. Amma qəribədir ki, bütün ziddiyyətlərə baxmayaraq, ən çox da onlar bir-birinə yaraşırlar.
Ağ rəng qaranın yanında daha parlaq görünür. Qara isə ağın yanında öz dərinliyini göstərir. Bəlkə də sevgi elə budur... Bir-birinə bənzəmək yox, fərqlərə baxmayaraq bir-birini tamamlamaq.
Bəzən insan elə bir qəlbə rast gəlir ki, onunla heç bir oxşarlığı olmur. Düşüncələri başqa, xəyalları başqa, dünyaya baxışı başqa... Amma yenə də ürək məhz onu seçir. Çünki ürək məntiqin görə bilmədiyini görür.
Ağ qaraya ziddir, amma ən gözəl tablo onların birlikdə yaratdığı tablodur. Çünki həyatın bütün rəngləri təkbaşına gözəl olsa da, ən dərin mənanı ziddiyyətlərin ahəngi yaradır.
Bəlkə də buna görə bəzi insanlar həyatımıza dərs kimi yox, tamamlanmamış bir misra kimi gəlirlər. Onlar bizə göstərirlər ki, fərqli olmaq uzaq olmaq demək deyil. Bəzən ən böyük yakınlıq məhz ən böyük fərqlərin arasında yaranır.
Ağ qaraya ziddir... Amma ən çox da ona yaraşır. Eynilə bəzi ürəklərin bir-birinə yaraşdığı kimi...
“Ədəbiyyat və incəsənət”
(04.09.2026)


