Aynur İsmayılova,
Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Ana müqəddəsdir. “Cənnət anaların ayaqları altındadır.” “Ana haqqı ödənməz.” “Anadan əziz yenə anadır”, — deyiblər. Əsrlər boyu analar haqqında əsrarəngiz sözlər deyilib, şeirlər, hekayələr yazılıb, mahnılar oxunub. Ana insan obrazının ən müqəddəs varlığı hesab edilib. Ana bir evin istiliyi, övladının sığındığı, rahatlıq tapdığı ilk sığınacaq kimi təsvir olunub.
Onlar öz övladları üçün təmənnasız olaraq hər fədakarlığı edən, canı bahasına balalarını qoruyan, hər əziyyətini çəkən, gecə yatmadan övladlarının keşiyini çəkən ən ali varlıqlardır. Ana haqqında nə qədər sözlər yazılsa da, heç bir söz, ifadə onların haqqını ödəməyə yetmir.
Biz də anaları gözümüzdə belə böyütmüşük. Ana obrazı bizim həyatımızın ilk mənası, əbədi unudulmaz kəlməsidir. Biz nə qədər səhv etsək də, yerə yıxılsaq da, elə bilmişik ki, anamız hər zaman yanımızdadır. Bizi hər zaman dinləyər, başa düşər və yanımızda olar. İndi isə anaların dilindən başqa cümlələr eşidirik:
“Səbrimi sınama”, “Bezdiridin məni”, “İnsan ol!”,
"Özünü düzgün apar"
“Yorulmuşam artıq”, “Oflama…” Hətta təhqir və fiziki zorakılıq da görürlər.
Maraqlıdır, görəsən, nə dəyişdi? Ana obrazı dəyişdi, yoxsa bizim ana haqqında qurduğumuz təsəvvür çoxmu ideal idi?
Əlbəttə, ana da insandır. Onun da duyğuları, ehtiyacları, qayğıları var. Amma hər zaman mehriban, səbirli, güclü olmaq məcburiyyətində deyil. Onun da yorulduğu, sıxıldığı, stres yaşadığı zamanlar olur. Amma bir uşağın anasından eşitdiyi hər söz onun yaddaşında iz buraxır. Bu sözləri deyən də, eşidən də eyni evin içindədir. Və bəzən cəmiyyət də bu anların şahidi olur.
Bəzən yorulan ana o anda fərqinə varmadan ən çox sevdiyi insana ən ağır sözləri deyə bilər. Məsələ ananı günahlandırmaq deyil, uşağın gözündə ananın necə insan qalacağını düşünməkdir. Çünki illər keçir, uşaq böyüyür, həyat dəyişir. Ana yaşlanır. Amma elə sözlər olur ki, zaman keçsə də, uşağın yaddaşında həmin ifadələr silinməz iz buraxır və gələcək həyatına təsir edir.
Düşünün ki, “Sən bacaracaqsan, mən sənə inanıram”, — deyən bir ananın övladı həyatda uğur qazanar, yoxsa “Səndən heç nə olmaz”, — deyən ananın övladı?
Ona görə bəzən düşünürəm: biz anaları müqəddəsləşdirərkən onların önünə çox böyük bir məsuliyyət qoymuşuq. “Ana hər şeyə dözməlidir”, — demişik.
Bu gün cəmiyyət olaraq hər birimiz bir dəfə belə olsa, bəzi anaların övladlarına qarşı laqeyd davranışlarını görürük. Üstəlik, ana-övlad münasibətlərinin içində fəaliyyət göstərib hər gün bu hallarla rastlaşmağa məruz qalmaq daha acınacaqlıdır. Bəzən görməzdən gəlmək, bəzən empatiya qurmaq, bəzən də ağızdolusu danışmaq istəyib danışa bilməmək bəlkə də ən acınacaqlısıdır.
Bəlkə indi özümüzdən soruşmalıyıq: uşaqlarımızın yaddaşında necə bir ana kimi qalmaq istəyirik?
Çünki ana olmaq yalnız dünyaya uşaq gətirmək demək deyil, onun həyatında necə bir iz buraxacağını da düşünməkdir.
Əziz analar, qoy əsrlər boyu ana haqqında eşitdiyimiz cümlələr öz müqəddəsliyini itirməsin. Dünyada ən uca, ən əziz varlıq ana olsun.
“Ədəbiyyat və incəsənət”
(28.08.2026)


