Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Telefonun ekranını səbəbsiz yerə aşağı sürüşdürürdü. Bir videodan o birinə keçir, bəzilərinə baxır, bəzilərini isə heç dinləmədən ötürürdü. Günün yorğunluğu idi, yəqin. İnsan bəzən heç nə axtarmadan telefona baxır, sadəcə barmağı ekranı sürüşdürür və qarşısına çıxanları bir-bir ötürür. Heç fikir vermir ki, nəyi ötürdü? Elə həmin an bir mahnı səsləndi. Barmağı dayandı. Mahnını tanıyırdı, amma haradan tanıdığını xatırlaya bilmirdi. Adını bilmirdi, ifaçının kim olduğunu da. Buna baxmayaraq, mahnının ilk saniyələrində qəribə bir hiss yarandı. Sanki çoxdan getdiyi bir yerdən kimsə ona səslənmişdi...
Bir neçə saniyə əvvəl oturduğu otaq eyni otaq idi, telefon yenə əlində idi, həyat da əvvəlki kimi davam edirdi, amma fikri artıq orada deyildi. Harasa getmişdi. Hara olduğunu özü də bilmirdi. Bəlkə də bir yay axşamı idi. Bəlkə məktəbdən qayıtdığı günlərdən biri. Bəlkə köhnə bir avtomobilin arxa oturacağında oturmuşdu, pəncərədən küçəyə baxırdı və həmin mahnı səslənirdi. Bəlkə yanında indi həyatda olmayan, ya da artıq həyatında olmayan biri vardı. Xatirənin özünü tam olaraq tapa bilmirdi, amma onun izi mahnının içində idi. O qəribə hiss, o günlərin havası, nədənsə tanış gələn bir sakitlik.
Musiqinin fərqli tərəfi bilirsiniz nədir? Bir şəkil bizə nə baş verdiyini göstərə bilər, bir məktub kiminsə sözlərini qaytara bilər, köhnə bir əşya keçmişdən nəyisə xatırlada bilər. Amma mahnı bəzən bunların heç birinə ehtiyac duymur. Bir neçə saniyə kifayət edir. Sanki yaddaşın qapısını döymür, açarı birbaşa tapır. İnsan illərdir düşünmədiyi bir küçəni, bir insanın səsini, məktəb yolunu, köhnə evin pəncərəsini, hansısa axşamın işığını birdən-birə xatırlaya bilir. Hətta o günün necə qoxduğunu belə hiss etdiyini düşünür. Əslində həmin xatirəni bütün detalları ilə yada sala bilməsə də, beynində onunla bağlı qalan hiss yenidən canlanır.
Bəzən bir mahnı insanı uşaqlığına qaytarır. O vaxt hər şey daha böyük görünürdü: küçələr daha uzun, yay tətili daha uzun, axşamlar daha gec bitirdi. İndi həmin küçədən keçəndə heç nə əvvəlki kimi deyil. Mağazalar dəyişib, evlər təmir olunub, tanış adamların çoxu köçüb gedib. Amma mahnı səslənəndə küçə yenidən əvvəlki halına qayıdır. İnsan bir anlıq indiki yaşını unudur və keçmişdəki özü ilə üz-üzə qalır. Bəzən isə mahnının içindən bir insan çıxır. Vaxtilə hər gün danışdığın, sonra həyatının hansısa yerində qalan biri. İndi adını eşidəndə belə xüsusi reaksiya vermədiyin, hətta haqqında çoxdan düşünmədiyin bir insan. Amma həmin mahnı başlayanda onun gülüşü yadına düşür. Söhbətləriniz, bir yerdə keçirdiyiniz adi bir gün, bəlkə də heç əhəmiyyət vermədiyin bir cümlə. İnsan da çox vaxt böyük hadisələri deyil, məhz belə xırda şeyləri xatırlayır. Bir stəkan çay, avtobus dayanacağı, yağışlı küçə, pəncərənin yanında oturmaq, kiminsə "Sabah görüşərik" deməsi... İllər sonra həmin cümlənin özündən çox, o cümlənin deyildiyi gün qayıdır.
Ona görə də bəzi mahnıları uzun müddət dinləmirik. Bəlkə də səbəb mahnının özünü sevməməyimiz deyil. Sadəcə bilirik ki, onu açsaq, yalnız musiqiyə qulaq asmayacağıq. Özümüzü də eşidəcəyik. Bir vaxtlar olduğumuz insanı, artıq yaşamadığımız günləri, dəyişmiş münasibətləri, geri qayıtmayacaq bəzi insanları. Mahnının bizdə yaratdığı kədər bəzən keçmişə görə deyil, həmin keçmişə bir daha qayıda bilməyəcəyimizi bilməyimizə görədir. Amma bütün xatirələr kədərli olmur. Bəzən illər əvvəl dinlədiyin bir mahnı səslənir və səbəbsiz yerə gülümsəyirsən. Nə üçün güldüyünü özün də bilmirsən. Sadəcə həmin vaxt həyatın başqa cür olduğunu xatırlayırsan. İnsanın ən böyük yanılğılarından biri budur: yaşadığı anın gələcəkdə xatirəyə çevriləcəyini heç vaxt düşünmür.
O gün telefonda mahnını sonuna qədər dinlədi. Videonu da keçmədi. Mahnının haradan yadında qaldığını yenə xatırlaya bilmədi. Bəlkə heç vaxt da xatırlamayacaq. Amma bunun artıq o qədər də əhəmiyyəti yox idi. Çünki bəzən bir xatirənin hansı günə aid olduğunu bilməkdən daha vacib olan onun bizdə nə hiss yaratmasıdır. Mahnı bitəndə ekran yenidən dəyişdi, başqa bir video açıldı, həyat öz axarına qayıtdı. Amma bir neçə dəqiqəlik də olsa, illər əvvəlki bir insan indiki həyatına qonaq gəlmişdi. O insan da elə özü idi...
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)


