Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Cəmiyyətin həyata və ölümə münasibəti onun mənəvi dəyərlərinin, sosial psixologiyasının ən bariz göstəricisidir. Əsrlər boyu kədəri bölüşmək, dünyasını dəyişən insanı ehtiramla son mənzilə yola salmaq və yaxınlarına dəstək olmaq insani həmrəyliyin ən ali nümunələrindən biri hesab olunub. Lakin müasir dövrdə adət-ənənələrin mahiyyətindən uzaqlaşması, mənəviyyatın forma və nümayişkaranə davranışlarla əvəzlənməsi yas mərasimlərimizin də simasını kəskin şəkildə dəyişib.
Mərasimçilik və görünüş xatirinə yaşanan "kədər"
Bugün toy və yas mərasimləri arasında sərhədlərin tədricən silinməsi, hüzn məkanlarının dəm-dəstgahlı süfrə yarışına çevrilməsi sosial mühitimizin ən ağrılı təzadlarındandır. Yas yerinə təsəlli vermək, dərdə şərik olmaq üçün deyil, sadəcə süfrənin "bərk-boşluğuna" qiymət vermək, formal borcu yerinə yetirmək üçün gedənlərin sayı azalmir. Kədər və hüznün yerini süfrə təmtərağı, mənəvi rahatlığın yerini isə sosial qınaq qorxusu alıb.
Yaşarkən unutduqlarımız, öləndə xatırladıqlarımız
Cəmiyyətimizdə görünən digər böyük mənəvi problem isə insana sağlığında verilməyən qiymətin o dünyasını dəyişəndən sonra şişirdilmiş təriflərlə, təmtəraqlı ehtiramla əvəz olunmasıdır.
Sağlığında diqqətdən kənar qalanlar: İnsan həyatda olarkən bir xoş sözə, sadə bir diqqətə ehtiyac duyduğu halda, ətrafındakılardan soyuqqanlıq və laqeydlik görür.
Ölümündən sonra yaranan "ehsan" yarışması: İnsan həyatını dəyişdikdən sonra isə adna verilən təmtəraqlı ehsanlar, bahalı başdaşları və ucadan edilən fəryadlar sağlığında göstərilməyən qayğının gecikmiş və lazımsız nümayişinə çevrilir.
Din, inam və formalist yanaşma
İnanc və din anlayışının formal rituallara endirilməsi, daxili təmizlənmə və vicdan rahatlığı əvəzinə, müəyyən "şərtlər" və ya paylamalarla cənnət qazanmaq illüziyası yaratması mənəvi aşınmanın başqa bir təzahürüdür. İnsanın öz əməlləri, xeyirxahlığı və sədaqəti qaldığı halda, ölümündən sonra paylanan ehsanların onun günahlarını yuyacağı düşüncəsi dini mahiyyətin təhrif olunmasından başqa bir şey deyildir.
İctimaiyyətdə kök salmış bu cür formalist və təzadbucaqlı yanaşmanı, insan münasibətlərindəki səmimiyyətsizliyi və yas mərasimlərinin mahiyyətindən kənarlaşmasını öz misralarımda biraz kədərli, birazda dürüst şəkildə qələmə almağa çalışmışam:
Bizim toylarımız çox qəribədir,
Gələnlər yeməkçün, xaş üçün gəlir.
Yasımız o toydan geriyə qalmır,
Gələnlər bir bulud aş üçün gəlir.
Elə ki ölünü məzara qoyduq,
Anırıq ruhunu salavat ilə.
Allahın adına nəzir veririk,
Cənnət istəyirik şokolad ilə.
Ölənin yaşarkən özünə deyil,
Öləndə ruhuna hörmət edirik.
Allaha rüşvəti kəşf etmişik biz,
Ölənin adından rüşvət veririk.
Ölünün ardınca edirik fəryad,
Ölənlər səbəbsiz rəhmətə getmir.
Yaxşı-pis gedirik ömür yolunu,
Bu gediş, çox heyif, cənnətə getmir.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)


