Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İslam dünyasının peyğəmbəri buyurub ki, insanı sevindirən təkcə onu şad etmir, Allahı da özündən razı salır. Əgər bunu anlamaq mənə nəsib olubsa, niyə də onu sevindirib, Allahı özümdən razı salmayım? Bəlkə elə, o dünyada dadıma yetən bu əməlim olacaq...
...Nadir hallarda əsəbləşir. Bəzən hisslərinə qapılıb emosional olur. Dilini saxlaya bilmir və düşünmədən həqiqəti danışır. Həqiqət acı olur, axı. Amma onun rəyi ilə hesablaşmaq lazımdır, çünki yaxşı məsləhətlər verir. Hər hansı bir işi başladısa, ona həvəslə girişir. Çoxşaxəli qabiliyyət sahibidir, ziyalı, iradəli, dözümlü, alicənabdır. Qürurlu və məğrurdur...
Lənkaranda onu tanımayan adam yoxdur. El arasında böyük nüfuz qazanıb. Onu belə fərqləndirən şəxsi cazibəsidir. Onun fiziki gözəlliyini tamamlayan fərdi xarizması var. Heç vaxt sərt bir rəftar nümayiş etdirmir. Özünü sevdirməyi bacarır və bu sevgiyə layiqdir...
1976-cı ilin avqust ayının 8-də Lənkəran rayonunun Səpnəkəran kəndində dünyaya gəlib. 1993-cü ildə Lənkəran rayonu Şürük kənd orta məktəbini bitirib. Lənkəran Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib, eyni zamanda Ümumi dilçilik və xarici dillər kafedrasında laborant vəzifəsində çalışıb. 2002-ci ildə LDU-nun magistratura pilləsində Yeni və ən yeni tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən LDU-nun Tarix kafedrasında çalışır. Tarix elmləri namizədidir. Hazırda Bakı Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə doktoranturasında “Cənub bölgəsinin arxeoloji abidələrinin Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Leyla xanım LDU-nun dosenti kimi “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasından dərs deməklə yanaşı, həm də Lənkəran Tarix Diyarşünaslıq muzeyinin direktorudur...
Özünə son dərəcə güvənən xanımdır. Daxil olduğu mühitdə diqqəti özünə çəkməyi bacarır. Gözəl inzibatçıdır, idarəetmə bacarıqlarını daim inkişaf etdirir. Mükəmməllik tərəfdarı olduğundan işdə qüsur və səhvləri tez görür...
Beşinci sinifdə oxuyarkən iki il Lənkərandakı zabitlər evində dərzilik və toxuma kursunda oxuyub. İşinin çox olmasına baxmayaraq, bu gün də bəzək əşyaları və toxuma gəlinciklər hazırlayır. Hətta hazırladığı əl işlərindən öz geyimlərində də istifadə edir...
Xülasə, haqqında söhbət açdığım Leyla Məcidovanın avqustun 8-də 50 yaşı tamam oldu. Onu yubileyi münasibətilə ürəkdən təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(12.08.2026)


