İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Vaxtdan uca”!
O bir kitab yazdı, bununla da tanındı, məşhurlaşdı.
Bəzən cəmi bir iş gələcək xoşbəxt karyeranı təmin edir.
Rafael Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olub. 1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirib. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlayıb.
1978-ci ilədək burada çalışıb. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982–1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləyib. Hazırda muzeyin direktorudur.
Rafael Hüseynov 1987–1989-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1990–1991-ci illərdə Konservatoriyada "Mədəniyyət tarixi", 1995-cınildə isə "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" fənlərindən dərs deyib. O, 1995–1998-ci illərdə Xəzər Universitetində "Azərbaycan filologiyası və şərqşünaslıq" kafedrasının müdiri vəzifəsində çalışıb.
2024-cü il oktyabrın 8-də Azərbaycan - İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. 2024-cü ilin oktyabrında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri təyin olunub. Rafael Hüseynov ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlayıb.
Dövri mətbuatda vaxtaşırı çıxış edib. Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efirdə səslənib. "Qobustan" incəsənət toplusunda "Görməyən gözlərin aydınlığı", "Əsas odur ki, xalq sizi sevir", "Həsrət qatarı" və s. publisistik yazıları çap olunub.
1992-ci ildə "Baba Tahir Üryan və onun poetik irsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında "İki ömrün işığı" adlı xatirələr kitabını tərtib edib.
07 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Əsərləri
- Vaxtdan uca
- 1002-ci gecə
- Məhsəti necə varsa
- Millətin zərrəsi
- Məhsəti Gəncəvi-özü, sözü, izi
- Əbədi Cavid
- Cavidlər
- Söz məbədi. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Filmoqrafiya
- Ocaq başı (film, 1990)
- Qayıdış (film, 1992)
- Cavid ömrü (film, 2007)
- Əbədiyyət (veriliş, 2007)
- Ömrün rəngləri. Xalq rəssamı Oqtay Sadıqzadə (film, 2007)
- Maestro Niyazi (film, 2007)
- Rəfibəylilər (film, 2009)
- İşıqla yazılan tarix (film, 2020)
“Ədəbiyyat və incəsənət”
(12.08.2026)


