Yazmaq üçün kimə sakitlik, kimə isə çürümüş alma lazım idi... Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Hər insanın öyrənmə və işləmə tərzi fərqlidir. Kimisi tam sakitlikdə daha məhsuldar olur, kimisi isə ətrafdakı səs-küyə baxmayaraq rahatlıqla fikrini cəmləyə bilir. Bəziləri qulaqcıqla musiqi dinləyərək dərs oxuyur, digərləri isə ən kiçik səsdən belə narahat olur. Yazı yazmaq da eyni qaydada hər kəs üçün fərqli bir prosesdir.

 

Elə insanlar var ki, ilhamı yalnız səhər tezdən tapır, elələri də var gecənin sükutu olmadan bir cümlə belə yaza bilmir. Bu fərqliliklər təkcə  bizə aid  deyil, dünya ədəbiyyatının ən böyük simalarına da xas olub. Bəziləri ayaqüstə yazıb, bəziləri uzanaraq düşünməyi üstün tutub, digərləri isə qəribə hesab edilən şəxsi rituallar olmadan yaradıcılıq prosesinə başlaya bilməyib. Lakin  qəribə görünən bu vərdişlər onların yaradıcılığının ayrılmaz hissəsinə çevrilib.

Mövzu diqqətimi çəkdiyi üçün müxtəlif bioqrafik mənbələri və araşdırmaları nəzərdən keçirdim. Topladığım məlumatlara görə, dünya ədəbiyyatının məşhur nümayəndələrinin bəzilərinin yazı vərdişləri həqiqətən də olduqca maraqlı olub.

 

Ayaq üstə yazan Ernest Hemenquey

Yazıçı Ernest Heminqvey yazı masasının arxasında oturmaq əvəzinə, çox vaxt ayaqüstə yazırdı. Yazı makinasını sinə hündürlüyündə yerləşdirilmiş kitab rəfinin üzərinə qoyur, səhər tezdən işə başlayırdı. O, hər gün neçə söz yazdığını da xüsusi cədvəldə qeyd edirdi. 

 

Yalnız uzanaraq düşünən Trumen Kapote

O özünü "tamamilə üfüqi yazıçı" adlandırırdı. O deyirdi ki, uzanmadan düşünə bilmir. Əsərlərinin ilk qaralamalarını yataqda və ya divanda uzanaraq əl ilə yazır, yalnız sonrakı mərhələdə onları makina ilə köçürürdü. Maraqlıdır ki, Kapotenin müxtəlif xurafatları da vardı: o, cümə günü yeni əsərə başlamağı və ya onu bitirməyi uğursuz hesab edirdi.

 

Qəhvəsiz yaza bilməyən Onore de Balzak

O gecəyarısından sonra oyanır, səhərə qədər saatlarla işləyirdi. Bioqrafiyalara görə, uzun yazı marafonlarında çox böyük miqdarda qara qəhvə içirdi. Bəzi mənbələr bu rəqəmi gündə 50 fincana qədər göstərir. O, bəzən 15 saata yaxın fasiləsiz yazır, əlyazmalarını dəfələrlə yenidən redaktə edirdi.

 

Çürümüş alma qoxusundan ilham alan Şiller

Fridrix Şiller haqqında ən maraqlı faktlardan biri onun iş masasının siyirməsində çürümüş almalar saxlamasıdır.  Şiller həmin qoxunun yaradıcılıq düşüncəsini oyatdığına inanırdı. Hətta həyat yoldaşı da onun bu qəribə vərdişini təsdiqləmişdi.

 

Özünü evə "həbs edən" Viktor Hüqo

Viktor Hüqo məşhur romanlarını vaxtında bitirmək üçün qeyri-adi üsula əl atırdı. Evdən çıxmamaq məqsədilə paltarlarını xidmətçisinə verirdi ki, küçəyə çıxmaq imkanı olmasın. Beləcə, günlərlə otağında qalaraq yalnız yazı ilə məşğul olurdu. Bu üsul ona diqqətini tamamilə yaradıcılığa yönəltməyə kömək edirdi.

 

Artıq deyə bilərik ki, yaradıcılığın vahid resepti yoxdur. Hər yazıçı özünəməxsus ritm, mühit və vərdiş formalaşdırır. Kimi ayaqüstə yazır, kimi gecələr işləyir, kimi isə qəribə görünən kiçik rituallarla ilhamını qorumağa çalışır. Əsas olan isə vərdişin özü deyil, həmin vərdişin müəllifə düşüncələrini sözə çevirməyə kömək etməsidir. Bəlkə də bu qəribə vərdişlərə gülümsəyirik.  Amma əslində bu nümunələr bizə bir həqiqəti xatırladır: yaradıcılığın standartı yoxdur.

Qeyd edək ki, böyük yazıçılar şöhrət qazanmaq üçün deyil, deyə bilmədiklərini demək üçün yazırdılar. Onların qəribə vərdişləri diqqət çəkmək məqsədi daşımırdı. O vərdişlər sadəcə onların yaradıcılıq dünyasının qapısını açan kiçik açarlar idi. Əsərləri isə həmin qapıdan çıxıb əsrləri keçdi. Amma bu gün bizə yeni yazı üsullarından daha çox, yazının özünə hörmət lazımdır. Çünki istedadın yerini nə bahalı qələm tutur, nə də müasir texnologiya. Ədəbiyyat səs-küydə deyil, insanın içində doğulur. Və yaxşı mətni yadda saxlayan onun hansı saatda yazılması yox, hansı hisslə yazılmasıdır.

Bəlkə də gələcəyin klassikləri bu gün elə sakit bir otaqda, köhnə dəftərin kənarında və ya gecənin dərin sükutunda ilk cümlələrini yazırlar. Onların da qəribə vərdişləri olacaq. Amma onları ölümsüz edəcək həmin vərdişlər deyil, qələmlərinin həqiqətə nə qədər sadiq qalacağıdır.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.