“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Bir gün bu günlərimi nəvələrimə danışacam. Onlar hər dəfə olduğu kimi sözümü kəsəcəklər. Biri eynəyimi götürüb qaçacaq, biri dizimə çıxacaq, biri də "Baba, 25 yaşında həyat necə idi?" deyə soruşacaq. Mən də əvvəl bir stəkan çay istəyəcəm, sonra belim üçün balaca bir yastıq. Axı babanın da nüfuzu olmalıdır. Sonra bir az susacam. Çünki insanın bəzi xatirələri var ki, danışmazdan əvvəl onları ürəyində bir dəfə də yaşamalıdır.
Gülümsəyib deyəcəm: "Qəribə yaş idi, bala... Çox qəribə."
Uşaq olanda elə bilirdim ki, 25 yaşına çatanda insanın bütün suallarının cavabı olur. Elə bilirdim böyümək hər şeyi bilməkdir. Sonra həyat elə bir güldü ki, mən də onunla birlikdə gülməyə məcbur oldum. Çünki başa düşdüm ki, böyümək cavab tapmaq deyilmiş. Böyümək, bəzi suallarla ömür boyu yaşamağı öyrənmək imiş. Sabah 25 yaşım olur. Düzünü desəm, bu yaşı heç vaxt belə təsəvvür etməmişdim. Uşaqlıqda qurduğum xəyallarda 25 yaşlı mən daha ciddi idi, daha varlı idi, daha ağıllı idi. Hətta elə düşünürdüm ki, bu yaşa çatanda paltaryuyan maşının niyə qəribə səs çıxardığını da biləcəm. İndi isə həyatın qarşısında oturub bəzən öz-özümə gülürəm. Həyat mənə öyrətdi ki, plan qurmaq gözəldir, amma planın pozulmasına da gülümsəyə bilmək ondan da gözəldir.
Mən bu 25 ildə çox dəyişdim. Bəzən özüm istədiyim üçün, bəzən də həyat məni dəyişməyə məcbur etdiyi üçün. Elə insanlar tanıdım ki, onları ömrümün sonuna qədər yanımda görəcəyimi düşünürdüm. Getdilər. Elələri də oldu ki, qısa müddətlik gəldilər, amma ömrümə uzun iz buraxdılar. O vaxtlar hər gedənə üzülürdüm. İndi isə anlayıram ki, bəzi insanlar həyatımıza qalmaq üçün yox, bizi dəyişmək üçün gəlirlər. Ona görə də bu gün geriyə baxanda qəribə bir rahatlığım var.
Yaxşı ki, hər şey istədiyim kimi olmayıb.
Yaxşı ki, bəzi qapılar üzümə bağlanıb.
Yaxşı ki, bəzi dualarım qəbul olmayıb.
Yaxşı ki, həyat hər istəyimi verməyib.
Çünki indi bilirəm... Allahın "yox" dediyi duaların çoxu, illər sonra dönüb baxanda insanın ən böyük "şükür"ünə çevrilir.
İnsan yaş artdıqca qəribə şeyləri başa düşür. Məsələn, uşaq olanda ev dediyin yer dörd divar idi. Sonra böyüyürsən və anlayırsan ki, ev səni gözləyən insanlardır. Gec gəldiyində işığın sönməyən bir otaqdır. "Yemək yemisən?" sualının içində gizlənən sevgidir. Ananın dua edərkən adını pıçıldamasıdır. Atanın heç nə demədən çiyninə vurduğu o əlidir. O vaxt bu xırda şeyləri adi hesab edirdim. İndi isə bilirəm ki, insanın ömrü məhz bu xırda görünən möcüzələrin üzərində dayanır.
Dostluq da qəribə şey imiş. Əvvəl elə bilirdim ki, insanın çox dostu olmalıdır. Sonra həyat mənə göstərdi ki, dar gündə telefonunda yüz nömrənin olmasının heç bir mənası yoxdur. Əsas odur ki, gecənin üçündə "gəl" deyəndə "hara?" deyən bir adamın olsun. Mənim bəxtim gətirdi. Sayları çox olmadı, amma varlıqları həmişə kifayət etdi. Mənə görə dostluq eyni masada neçə dəfə gülmək deyil, eyni yükün altına neçə dəfə birlikdə girməkdir.
Bir də həyat mənə gözləmədiyim bir hədiyyə verdi. Sevməyi. Əvvəllər sevgini böyük cümlələrdə axtarırdım. Elə bilirdim ki, eşq həmişə şeir kimidir, həmişə film kimidir, həmişə möhtəşəm səhnələrdən ibarətdir. Sonra bir gün anladım ki, sevgi, insanın günün ən yorğun vaxtında ağlına gələn ilk nəfərdir. "Çatdın?" mesajıdır. Heç bir səbəb olmadan edilən zəngdir. Birlikdə susanda belə darıxmamaqdır.nMən gələcəyi əvvəllər tək təsəvvür edirdim. İndi isə qəribədir... Gələcək haqqında düşünəndə həmişə iki nəfər görürəm. Mən və o. Bəlkə də xoşbəxtlik elə budur. Gələcəyi xəyal edəndə artıq tək olmamaq.
Bəzən xəyal qururam. Aradan uzun illər keçib. Mən qocalmışam. O da qocalıb. Saçlarımız ağarıb, üzümüzə qırışlar düşüb. Nəvələr yenə evi başına götürüblər. Mən yenə nəsə danışmağa çalışıram, o isə həmişəki kimi gülümsəyib sözümü yarıda kəsir. Mən də zarafatla deyirəm: "Görürsünüz? Mənim sözümü 50 ildir bitirməyə qoymur." Hamı gülür. Mən isə içimdə Allaha bir dəfə də şükür edirəm. Çünki bəzi dualar cavab gələndə səs çıxarmır. Sadəcə ömrünə çevrilir. Bəlkə də buna görə artıq Allahdan mükəmməl həyat istəmirəm. Mükəmməl həyat çox darıxdırıcı olardı. Mən sadəcə sevdiklərimin sağlamlığını, ailəmin duasını, dostlarımın səmimiyyətini və hər səhər yanında oyanmaq istədiyim insanın gülüşünü istəyirəm. Qalanını həyat özü yazsın. Axı indiyə qədər mənim yazdığım ssenarilərdən daha maraqlısını həmişə o yazıb.
Günün sonunda başa düşdüm ki, insan yaş almır. İnsan hekayə toplayır. Hər il təqvimdən bir vərəq qopmur, insanın ruhuna bir səhifə əlavə olunur. Mənim də 25 fəslim var artıq. Bəzisi göz yaşı ilə yazılıb, bəzisi gülüşlə, bəzisi isə heç kimə danışmadığım sükutlarla. Sabah tortun üstündəki şamları söndürəndə (əgər tort olsa) böyük arzular tutmayacam. Uşaq olanda elə bilirdim ki, ad günü dilək tutmaq üçündür. İndi isə anlayıram ki, ad günü əvvəlcə şükür etmək üçündür.
Şükür ki, bu günə gəlib çıxdım.
Şükür ki, məni ayaqda saxlayan ailəm var.
Şükür ki, dar günlərimdə çiynimi söykəyə bildiyim dostlarım var.
Şükür ki, sevməyi bacardım. Çünki insan həyatda çox şey qazana bilər, amma ürəyini rahatlaşdıran bir insan tapmaq hər adama nəsib olmur.
Əgər illər sonra bu sətirləri oxuyuramsa və o yenə yanımdadırsa, deməli həyat mənə təsəvvür etdiyimdən də artıq mərhəmətli davranıb. Ümid edirəm o vaxt da çayımızı birlikdə içəcəyik. Mən yenə hansısa köhnə xatirəni danışacam, o isə "bu əhvalatı yüz dəfə eşitmişik" deyib gülümsəyəcək. Mən də hər dəfə olduğu kimi eyni cavabı verəcəm.. "Yüz birinci dəfə də qulaq as." Çünki bəzi hekayələr danışmaq üçün deyil, birlikdə qocalmaq üçündür. Bir də ümid edirəm ki, o gün nəvələrim mənə baxıb soruşacaqlar:
-Baba, həyat sənin istədiyin kimi oldu?
Mən yəqin ki, yenə gülümsəyəcəm.
Sonra deyəcəm:
- Yox, bala... Həyat heç vaxt tam istədiyim kimi olmadı. Amma dönüb baxanda başa düşdüm ki, istədiyimdən daha doğru şəkildə oldu.
Çünki mən hər dəfə "niyə mən?" deyəndə, həyat illər sonra "bax, buna görə" cavabını verdi. Mən hər dəfə bir qapının bağlanmasına üzüldüm, həyat isə məni başqa bir qapının qarşısına gətirdi. Mən hər dəfə itirdiyimi düşündüm, həyat isə məni özümə bir az da yaxınlaşdırdı. Bəlkə də xoşbəxtlik elə budur... Başına gələn hər şeyi sevmək yox, başına gələn hər şeydən sonra yenə də həyatı sevə bilmək.
Əziz 80 yaşlı Harun... Əgər doğrudan da bunları oxuyursansa, 25 yaşlı mənə görə bir stəkan içki qaldır.
O uşaq bəzən çox yoruldu. Bəzən gecələr gələcəyini düşünməkdən yata bilmədi. Bəzən səhv qərarlar verdi. Bəzən çox inandı. Bəzən çox məyus oldu. Amma bir şeyi heç vaxt etmədi... Ümidini torpağa basdırmadı. Əgər sən bu gün rahat nəfəs alırsansa, deməli onun bütün mübarizəsi boşa getməyib.
Və əziz nəvələrim...
Əgər babanızdan yadınızda bir cümlə qalacaqsa, qoy bu olsun..
İnsan güclü olduğu üçün ayaqda qalmır. Sevməyə, inanmağa və yenidən başlamağa cəsarəti olduğu üçün ayaqda qalır.
Mən sadəcə 25 yaşımı qeyd etməyəcəm. Mən yolun yarısında dayanıb arxaya baxacam.
Uşaqlığıma gülümsəyəcəm.
Səhvlərimlə barışacam.
Məni incidənləri bağışlayacam.
Məni sevənlərə bir daha minnətdar olacam.
Məni heç vaxt tərk etməyən Allaha səssizcə "şükür" deyəcəm.
Sonra isə üzümü gələcəyə çevirəcəm. Çünki hiss edirəm...
Həyatın mənim üçün yazdığı ən gözəl fəsillər hələ oxunmayıb.
Və sonda...
Mən bu gün 25 yaşımı qeyd etmirəm. Mən məni bu günə gətirən bütün Harunlara təşəkkür edirəm. Hər yıxılanına, hər ayağa qalxanına, hər sevəninə, hər sınanına... Çünki bu gün güzgüdə gördüyüm adam onların heç birini yarı yolda qoymadı...
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)


