Basketbol, musiqi, kino – hamısı birində Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Haqqında danışacağım şəxs - Sürəyya Qasımova çox universal bir şəxs olub. Fərqli sahələrdə gücünü sınayıb, hamısında da parlayıb.

 

O, 1934-cü ilin 28 sentyabrında qədim Tbilisi şəhərində anadan olub. Atası Məcid Qasım oğlu İbrahimov Borçalı nümayəndəliyinin Sarvan kəndindən olub. Anası Məleykə Fərəməz qızı Qasımova da əslən Sarvandan olub, varlı və imkanlı adamlardan birinin Fərəməz kişinin qızıdır.

Sürəyya birinci sinfə bir il heç getməsinə baxmayaraq, 1953-cü ildə 49 nömrəli Tbilisi qadın rus orta məktəbini əla qiymətlərlə bitirib elə həmin ildə də Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakultəsinə daxil olub. Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də güclü idmançı və təşkilatçı olub

Oxuduğu illərdə Bakı şəhərində keçirilən bir sıra elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış edib. Sürayya hələ Tbilisidə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olub.

Onu bütün azərkeşlər "tatar balası" deyə çağırıblar. Sürəyya xanım idmanın bu növü ilə institut illərində də məşğul olub. Respublikanın tələbələrdən ibarət yığma komandası tərkibində Sürəyya Qasımova Moskva, Sankt-Peterburq, Tbilisi, Bakı, Gəncə və s. şəhərlərdə oynayıb. Onun haqqında, özünün söylədiyi kimi, unudulmaz anlar olub.

Sürəyyaya həm də gözəl səsə malik olub. O, ən çox xalq mahnılarını və seygahları ifa edib. 1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada onun məlahətli ifası haqqında dahi müğənnimiz SSRİ xalq artisti Bülbül belə deyib: Sürəyya "balaca Şövkətdir". Bundan bir il sonra o, Moskvada VI Ümumdünya Mahnı və Rəqs Olimpiadasında uğurla çıxış edib.

Sürəyya bu olimpiadaya bir solist kimi dəvət olunub. Sürəyya başda olmaqla Azərbaycan mahnı və rəqs ansablının Moskvadakı çıxışları Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və deş nişanlı ordeni ilə təltif edilib. Bu muvəffəqiyyətlərlə yanaşı, Sürəyyanın bir səhnə artisti kimi də istedada malik olması meydana çıxıb.

Bu muvəffəqiyyətlərlə yanaşı, Sürəyyanın bir səhnə artisti kimi də istedada malik olması meydana çıxıb. İnstitutun III kursunda imtahandan əla qiymət alıb çıxanda, özünü rəfiqələrinin üstünə ataraq əla qiymət aldığını bildirib. Bunu görən bir qadın yaxınlaşıb soruşub: "Qızım! Sən kinoya çəkilmək istəyirsənmi?" Sürəyyanın əvəzinə rəfiqələri birağızdan "əlbəttə-əlbəttə çəkilmək istəyir"-deyə cavab veriblər.

Sürəyya öz razılığını bildirib. Bu qadın Bakı kinostudiyasının rejissoru L.D.Berla olub. Ertəsi gün Sürəyya filmin quruluşçu rejissoru Lətif Səfərovla görüşüb, çəkiliş haqqında söhbət ediblər. Müəyyən çəkilişdən sonra Həsən Seyidbəyli debyut haqqında belə dedi: "Bu ki anadan-gəlmə Gülpəridir."

Bu, Sürəyyanın ilk filmi olub. 1957-ci ildə "Aygün" (Şəfiqə rolu), "Kölgələr sürünür" (Afət), "Yeni il gecəsi" və s. filmlərdə baş rollarda çəkilib. 1958-ci ildə Sürəyya institutu əla qiymətlərlə bitirib burada laborant vəzifəsində işə başlayıb. Bir müddətdən sonra onu həmin kafedrada alman dilinin qrammatikası və leksikası üzrə müəllim təyin ediblər.

Sürəyya xanım 23 iyul 2005-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.