İstəkli oxucularımız, Tələbə yaradıcılığı rubrikamız yay tətili olsa belə davam edir. Bu gün sizlərlə Naxçıvan Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə II kurs tələbəsi Sevgi Zülfüqarova görüşür.
Onun yazdığı esse belə adlanır - Zamanın kölgəsində: "Kaşki"lərin hesabı
SEVGİ ZÜLFÜQAROVA,
Zamanın Kölgəsində: "Kaşki"lərin Hesabı
İnsan şüuru daim iki cəbhədə mübarizə aparır. Biri real yaşadığımız an, digəri isə geri qaytarmaq istədiyimiz keçmiş. Bir gecə xəyallara dalarkən, qədim bir saatın əqrəblərinin geriyə doğru fırlandığını təsəvvür etdim. Əslində, biz insanlar zamanı geri almaq arzusundan heç vaxt qurtula bilmirik. O cümləni, o anı, o səhvi... Sanki onları dəyişə bilsək, hər şey düzələcəkmiş kimi bir illüziyaya qapılırıq. Ancaq dərk etmirik ki, əgər o anlar yaşanmasaydı, biz bu günkü "biz" ola bilməzdik.
Həyatımız çox vaxt "kaşki"lərin yükü altında əzilir. Əslində, "kaşki"lər insanın indiki zamanın çətin qərarlarından qaçma üsuludur. Biz keçmişdəki bir hadisəyə fokuslanıb, "kaşki belə etsəydim" deyirik. Lakin bizi biz edən məhz o yaşanmışlıqlar, o səhvlərdir. Biz keçmişi düzəltmək xəyalı ilə yaşayarkən, indiki zamanın bizə təqdim etdiyi imkanları görmə qabiliyyətimizi itiririk.
Zaman təbiəti etibarilə axıcıdır. Biz isə "kaşki"lərlə onu dondururuq. Keçmişdəki o anı dəyişməz bir heykəl kimi qarşımıza qoyur və illərlə ona tamaşa edirik. Bu baxış, insanın yaradıcılıq enerjisini sorub yox edir. İtirilmiş zaman dediyimiz şey, əslində, həmin o "kaşki"lərin altında əzilib qalan, dəyərləndirilməmiş indiki zamandır. "Kaşki"lər, eyni zamanda, hadisələrin öz müəyyən bir səbəb-nəticə əlaqəsi olduğunu qəbul etməməkdir.
Unutmayaq ki, biz o anki bilik, duyğu və şərtlərlə o qərarı vermişdik. İndiki ağlımızla keçmişi mühakimə etmək bir növ "zaman səyahəti illüziyası"dır. Biz o vaxtkı "biz"i tanımır, səhv etdiyi üçün onu günahlandırırıq. Amma əslində, həmin səhv bizi bugünkü bizə çevirən ən vacib təcrübədir. Səhvi silmək, özümüzü silmək deməkdir.
"Kaşki"lərdən azad olmaq keçmişi unutmaq deyil, keçmişi "bağışlamaq"dır. İnsanın özünə deməli olduğu ən vacib həqiqət budur: "O zaman, o şərtlərdə, mənim bacardığım ən yaxşı şey bu idi."
Saatın əqrəblərini geriyə çevirmək arzusu, zamanın xəttiliyini inkar etməkdir. İnsan o zaman azad olur ki, "kaşki"lərini rəflərə yığıb, indiki zamanın, yəni hələ dəyişə biləcəyi yeganə məfhumun, yəni gələcəyin ardınca addımlayır. Zamanı itirməyin ən böyük səbəbi, keçmişin xəyalları ilə yaşayaraq indinin gerçəkliyindən qaçmaqdır.
“Ədəbiyyat və incəsənət”
(20.07.2026)


