Əlli illik ömrə dost baxışı Featured

Fariz Əhmədov,

“Ədəbiyyat və İncəsənət” portalının Naxçıvan təmsilçisi

 

İlk dəfə xalq şairi Məmməd Arazın ev muzeyində tanımışdım onu. Mənim kimi o da həmin tədbirdə çıxışçı idi. Çıxışına başladıqda qurduğu cümlələr, misraları süslədiyi donlar və verdiyi izahlarla diqqətimi çəkmişdi. Çox yaxşı yaddaşı sahib idi. Auditoriyanı ani ələ ala bilirdi. Elə məhz o tədbirdə bir-birimizin çıxışını bəyənib dostlaşmışdıq. Çünki ikimizdə söz adamı, ədəbiyyat sevdalısı və bu yolun daimi yolçusu idik. Bax beləcə bu günə qədər o yolda mətin addımlarla irəliləməyə davam edirik.

 

İndi o yarıməsirlik bir ömrün pəncərəsindən durub öz həyatına tamaşa edir. Tamaşa edir gedən gəncliyi ilə günü-gündən artan həyat sevgisinə. Tamaşa edir dosta, tanışa. İndi onun pəncərəsi daha aydın, daha saf göstərir hər şeyi. O bu pəncərədən çıxıb gedənləri də, qalıb sevənləri də, durub dinləyənləri də pürüzsüz seyr edir.

Mənə görə insan adla yox, sözlə yaşayır. Söz insanın özüdür, avtobioqrafiyasıdır, elə lap güzgüsüdür. Ramiz Qasımovda mənə görə sözlə tanınan elm adamıdır. Açığı mən ondan ehtiyat etmişəm həmişə. Çox az adamdan ehtiyat edirəm ki, onlardan biri də Ramiz Qasımovdur. Ehtiyat etdiyim məsələ nədir? Təbii ki, zəkası. Mütaliəli adamla söhbət məni həmişə ehtiyatlı olmağa vadar edir. Çünki onlar ən gözəl dinləyicilərdir.

Ramiz müəllim mənə görə elmi camiədə alim, ziyalı, kitab müəllifi, ictimai həyatda sadə dost, yaxşı yoldaş, milli-mənəvi dəyərlərə bağlı olan bir vətəndaşıdr. Bəlkə də onu bu qədər püxtələşdirən, ürək-dirək verən sözünə lətafət qatan, duruşuna əzm verən böyüyüb boya-başa çatdığı kəndidir. O kənd ki, 14 il Teymur Ləng kimi dünya fatehinin əsarətində qalaraq təslim olmadı. O kənd ki, adının etimologiyasına baxdıqda “kişi” adının daşıyıcısıdır. O kənd ki, qürurunu, duruşunu, əzmini elə həmin “Əlincəqala”dan alır.  Elə Ramiz müəllimində qulağına ilk Azan səsi, ilk ana laylası düz 50 il öncə məhz bu möhtəşəm kəndə yapıncaq olan Əlincə qalasının kölgəsində oxunub.

Onun təhsil yolu kənd orta məktəbindən başlasa da zamanla səsi paytaxt Bakının böyük auditoriyalarından gəldi. O bununla da kifayətlənmədi, gündüzlər dərsdə axşamlar kitabxanalarda biliyinə bilik qatdı. Rahat həyatı seçmədi çünki seçim ehtimalı da yox idi. “Bir həsir, bir Məmmədnəsir”i var idi. O, öz gücünə, bir də ona inanan uzaq kəndtə neft lampasında oturub oğlunun sevincinə gildir-gildir göz yaşı tökən ailəsinin gücünə qazandı bütün nailiyyətlərini.

Təhsili kimi hərbi xidmətini də şərəf və ləyaqətlə başa vurdu. Həyatının bu mərhələsi onun intizamını və dözümlülüyünü daha da möhkəmləndirdi. Ədəbiyyat hisslərinin tərənnümçüsü olduğu kimi hərbi xidmət də Vətən sevgisinə ən yaxşı məlhəm oldu.

Bilgələr deyir elm yoluna çıxan bütün yollar müəllimlikdən keçir. Çünki müəllim olmaq təkcə bilik vermək deyil, həm insan yetişdirmək həm də onların həyatına istiqamət verməkdir. Belə müəllimin şagirdi Respublika Fənn Olimpiadasının qalibi olduğu halda özü “İlin müəllimi” seçilməsi qürurvericidir. Bu gün də Ramiz müəllimin dərs dediyi şagirdlər onu qürur və minnətdarlıqla xatırlayır, ağız dolusu danışırlar.

Ramiz müəllim 20 ildən artıqdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elmi işçi, elmi katib, indi isə Ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyət göstərir. Əvvəl dosent, 2012-ci ildə “İlin alimi” fəxri adına, 2025-ci ildə isə “Azərbaycan tənqidi realizminin poetikası” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək elmlər doktoru adına layiq görülüb. Lakin onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Ramiz müəllim üçün elmi adlar heç vaxt məqsəd olmayıb. O, illər öncə oxuduğu kitabın müəllifini, nəşr ilini, səhifəsini, hansı fikrin hansı mənbədə yer aldığını bəzən kitaba baxmadan xatırlayır. Ədəbiyyat tarixinin onlarla müəllifini, yüzlərlə faktı, minlərlə misalı yaddaşında daşımaq hər adama nəsib olmur. Onun müəllifi olduğu monoqrafiyalar Azərbaycan ədəbiyyatşünaslığında mühüm istiqamətləri araşdıran sanballı əsərlərdir.

Onun “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası”, “Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və azərbaycançılıq ideologiyası”, “Naxçıvan ziyalıları Azərbaycan mətbuatında”, “Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər”, “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” kimi əsərləri həm elmi araşdırma həm də qiymətli mənbədir.

Bu gün cəmiyyətimizdə ziyalı sözü çox işlədilir. Ramiz müəllim bu ada haqqı ilə laiq olan ziyalıdır. Vəzifəsindən, elmi adından asılı olmayaraq hər kəsə eyni səmimiyyətlə yanaşır. Gənc tədqiqatçıların məqalələrini diqqətlə oxuyur, faydalı məsləhətlər verir, yeni yazmağa başlayan müəllifləri ruhlandırır və onların məqalələrinin işıq üzü görməsində əlindən gələni əsirgəmir.

Elmi fəaliyyət, kitablar, konfranslar və araşdırmalar insanın həyatının yalnız bir hissəsidir. İnsan bununla yanaşı həm də ailə dəyərlərini qorumalı və vaxt ayırmalıdır. Ramiz müəllim üçün ailə hər zaman müqəddəs anlayış olub.  Yaxşı ailə başçısı, qayğıkeş ata və etibarlı həyat yoldaşı kimi ailəsinin sonsuz sevgisini qazanıb. O həmçinin iki ali təhsilli övlad atasıdır. Çünki bilir ki, insanın yetişdirdiyi ən qiymətli əsər öz övladıdır.

Əlli yaş mənə görə insan ömrünün zirvəsi sayılır. Bu yaş geriyə baxıb qürur duymaq üçün ən ideal yaşdır. Bu yarım əsrlik ömürdə həm alim, həm müəllim, həm dost, həm də ailə başçısı kimi örnək olmaq sizin də payınıza düşüb. Bu yol həm yekun, həm də yeni uğurların başlanğıcıdır.

Mən öz dostuma təmənni edirəm ki, qələmin həmişə məhsuldar, fikrin daim aydın, ömrün sağlam, yolun işıqlı, bəxtin açıq olsun. Elmimiz sizin kimi vicdanlı alimlərə, milli düşüncəyə və kökə bağlı ziyalılara həmişə ehtiyac duyub və duyacaq.  Yeni kitablarının, yeni tədqiqatlarının, yeni uğurlarının şahidi olmaq arzusu ilə əziz dost!

50 illik yubileyin mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.