Bir bayatının tarixi Featured

Rauf Zeyni,

“Ədəbiyyat və incəsənət”

 

Bu bayatı Azərbaycan folklorunda ən məşhur və ən çox müzakirə olunan Qarabağ bayatılarından biridir. Tarixi mənbələrdə onun əsasən Ağabəyim ağa Cavanşir ilə əlaqələndirildiyi göstərilir. Ağabəyim ağa siyasi səbəblərlə Fətəli şah Qacar sarayına aparıldıqdan sonra vətən həsrətini bu bayatı ilə ifadə etmişdir.

Bayatının ən məşhur variantı belə verilir:

Əzizinəm Qarabağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Mənbələrdə qeyd olunur ki, Ağabəyim ağa Tehranda saray həyatı yaşasa da, Qarabağ həsrətini heç vaxt unutmayıb və bu misralar həmin mənəvi ağrının ifadəsi kimi xalq yaddaşında qalıb.

Maraqlıdır ki, bəzi tədqiqatçılar bu bayatının yalnız Ağabəyim ağaya məxsus olub-olmaması məsələsini də müzakirə edirlər. Çünki folklorda onun bir neçə variantı yaşayır:

Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Bağdad cənnət də olsa,
Yaddan çıxmaz Qarabağ.

Bu isə göstərir ki, bayatı zamanla xalq arasında yayılıb, müxtəlif bölgələrdə və müxtəlif dövrlərdə yeni formalar qazanıb.

Tarixi baxımdan ən mühüm məqamlardan biri odur ki, XIX əsr Qarabağ tarixçilərindən biri olan Həsənəli xan Qaradaği öz əsərində Ağabəyim ağadan bəhs edərkən məhz bu bayatını nümunə kimi göstərmişdir. Bu da onun ən azı XIX əsrdə artıq məşhur olduğunu göstərən mühüm yazılı mənbələrdən hesab edilir. Bayatının məntiqi-fəlsəfi qatına baxdıqda isə burada sadəcə bir məkan sevgisi deyil, vətənin maddi rahatlıqdan üstün tutulması ideyası görünür. Şairə deyir ki, hətta Tehran cənnətə çevrilsə belə, doğma Qarabağın yerini verə bilməz. Burada "cənnət" rifahın, "Qarabağ" isə mənsubiyyətin, kimliyin və yaddaşın simvoludur.

Bu səbəbdən həmin bayatı təkcə bir sevgi nəğməsi deyil, Azərbaycan ədəbiyyatında və folklorunda vətən həsrətinin klassik ifadələrindən biri kimi qəbul edilir.

Mən “Qarabağ şikəstəsi”nə xanəndənin canlı ifasında ilk dəfə deyəsən elə o vaxt qulaq asmışam. Əslində Qarabağ faciəsi mənim beynimdə elə o vaxtdan başlayıb. Kənddə toy var idi. Nə isə yadımda qalıb ki, xanəndənin yanıqlı zil səsi var idi və o həmin toy axşamı, yəni 1972-ci ilin yayında, Ağdamın Xaçındərvənd kəndində, o toyda “Qarabağ şikəstəsi” oxuyurdu:

Əzizinəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Musiqi və xanəndənin səsi ecazkar olsa da, bayatının sözləri yaddaşımın bir guşəsində elə o zamandan ilişib qaldı. O zaman sadəcə bayatının sözləri ürəyə və dilə yatımlı olduğundan yadımda qalmışdı. O günlərdə heç ağlıma da gəlməzdi ki, bir vaxtlar bu bayatı haqqında dərindən düşünüb onun milli, tarixi və siyasi mahiyyəti haqqında araşdırma aparacağam. O zamanlar əzbər bildiyim başqa bir şeir də-böyük şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirinin bir bəndi də məni bu bayatı haqda düşünməyə yönəldirdi.

 -Könlüm keçir Qarabağdan.

Gah o dağdan, gah bu dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi...

Sözün düzü o vaxt ilk ağlıma gələn fikir bu olmuşdu ki, xanəndə Qarabağı şikəst bir uşaq kimi əzizləyir. Amma elə o vaxtlar anlaya bilməmişdim ki, Şəkinin, Şirvanın bura nə dəxli var? Həmçinin bayatının son misrası olan “Yaddan çıxmaz Qarabağ” deyimi nə deməkdir? Kimdir ki, Qarabağı unudan və ya unutduran? Xanəndə niyə belə oxuyur?..

Bunlar hamısı o zaman idi... İllər keçdi, zaman dəyişdi, SSRİ çökdü, Azərbaycan 20-ci ildə itirdiyi dövlət müstəqilliyini bərpa elədi; amma Qarabağ işğal olundu..! Başımıza gələnlər taleyimizi, düşüncəmizi dəyişdi. Elə o vaxtdan bu bayatının izinə düşdüm. Öncələr elə bilirdim, ötən yüzilin əvvəllərində mənfur qonşular tərəfindən Qarabağın işğalı həyata keçiriləndə, nənələrimizin dilindən deyilən bir ağıdı bu bayatı. Sonralar anladım ki, Qarabağ və Şuşa xanı İbrahim xan rus imperiyasının güclü təzyiqləri altında Qarabağ Xanlığının işğalına imza atıb, yəni rus imperiyasının tərkibinə verilməsinə imza atıb.

Muğam Azərbaycan milli musiqisinin möhtəşəm məbədidir. Ulu xalqımızın varlığından süzülüb gələn bu məbəddlə nəfəs almaq hər bir soydaşımız üçün şərəfdir. Bu məbəddə on iki muğamla yanaşı, bir neçə zərb muğam da var."Heyratı" “Arazbarı”, “Simayi-Şəms”, "Kəsmə şikəstə", “Şirvan Şikəstəsi”, “Mani Osmani”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi” və s. Bu zərb muğamların hər biri haqqında geniş danışmaq mümkündür, amma bu zərb muğamların heç biri, Qarabağ şikəstəsi kimi, həm musiqisi, həm də sözləri ilə konkret tarixi faciəmiz olan Qarabağ faciəsi ilə əlaqədar yaradılmayıb. Bütün  dövrlərdə belə bir fikir formalaşmışdır ki, Qarabağ bayatısı yalnız Xan qızına məxsusdur, onun Tehrana ərə getməsi ilə bağlıdır. Yəni Xanqızı Qarabağdan Tehrana köçərkən, xiffətdən və ya həsrətdən- "Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ..." deyib... bəli tarixi mənbələrdə Xanqızına məxsus olan bayatı bəllidir,     

                    - Əzizinəm Qarabağ,

                    Qara salxım, qara bağ,

                    Tehran cənnətə dönsə,

                    Yaddan çıxmaz Qarabağ.

Tarixdən bilirik ki, Xan qızı Ağabəyim Ağa Tehrana 1797-ci ildə zorən köçürülüb, o zaman hələ ki, Qarabağ Rus imperiyası tərəfindən işğal olunmamışdı, ona görə də şərti olaraq deyək ki, Xan qızının məlum bayatısı 1805-ci ilə qədər Qarabağ həsrətindən yaranmış bayatıdır və o bayatıda -"Şəki, Şirvan, Qarabağ", misrası mövcud deyil.

Tam əminliklə deyə bilərəm ki, bu bayatı məhz Qarabağ xanlığının işğalı ilə bağlı yaradılıb və Qarabağ şikəstəsi zərb muğamı da ona görə belə kədərli, yanğılı, əzəmətli və unudulmaz bir formada bəstələnib ki, bu tarixi gerçəkliyi xalq hec zaman unutmasın. Bu bayatını araşdırmaya başladığım ilk andan bayatının son misrası diqqətimi cəlb etdi: “Yaddan çıxmaz Qarabağ”..! Nə üçün bayatı məhz bu fikirlə bitir? Anladım ki, Qarabağın varlığını, tarixini, mahiyyətini yaddaşlardan silmək niyyəti var imiş bəlli düşmənlərimizin. Bu təhlükəni duyaraq, o dövrün tanınmış aydınları bu bayatını məqsədyönlü yaratmış və bu bayatıda gerçək tariximizin Qarabağ səhifəsini yaddaşlara həkk etmək istəmişlər. Ulu dədələrimizin niyyəti ilk baxışdan adi və sadə görünən bir neçə misralıq bayatıda 1805-ci il faciəsini əks etdirmək olub. Bəs onda Şəki, Şirvanın bu bayatıya nə dəxli var? Bax, bu tarixi bayatının sirri də məhz elə bu misrada gizlənirmiş... “Şəki, Şirvan, Qarabağ” – məntiqi və tarixi ardıcıllığa diqqət yetirin, Şirvan, Şəki, Qarabağ-da deyə bilərdilər. Bəs niyə deməyiblər? Çünki bəlli xanlıqların işğal tarixlərinə uyğun ardıcıllıqla yaradıblar bayatını... Bu məntiqlə belə bir fikir deyə bilərik ki, bu təsadüfən emosional durumda çağırılan bayatı deyil, daha doğrusu, təkcə hisslərin yox, həm də düşüncənin məhsuludur! İlkin araşdırılmalardan aydın oldu ki,1801-ci ildə Şəki, 1804-cü ildə Şirvan və yuxarıda qeyd etdiyimiz kimi, 1805-ci ildə də Qarabağ xanlığı zorən rus imperiyasının tərkibinə qatılıb. Araşdırmaların sonucu belə düşünməyə əsas verir ki, bu möhtəşəm bayatı duyğusal nənələrimizin dərddən çağırdığı bayatı deyil, əslində, faciənin içində qovrulan, tarixi gerçəyin sarsıntısını içdən keçirən ulu dədələrimizin düşünülmüş əsəridir..! Şəki, Şirvan, Qarabağ xanlıqlarının rus imperiyası tərəfindən işğalının şahidi olmuş dədələrimiz bu faciənin xalqın yaddaşında gərəyincə yaşaması üçün (millət bu faciəni unutmasın deyə!) bu bayatını yazmış və bununla da yetinməyərək, “Qarabağ şikəstəsi”ni də faciələrimizin ruhuna bəstələmişlər. Heç şübhəsiz ki, böyük Səməd Vurğun: “ Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” deyəndə bu tarixi gerçəklikdən xəbərsiz deyildi. Nəhayət, araşdırmanın sonucu gördüyünüz kimi bir bayatının timsalında acı tarixi gerçəyi ortaya qoydu. Zamanın gedişi belədi, taleyin hökmü belədi. Qarabağ bu gün işğal olunmayıb. Bayatıdan da göründüyü kimi, 1805-ci ildə işğal olunub və bu bayatının da, Qarabağ şikəstəsinin də tarixi məhz həmin dövrə uyğun gəlir. Beləliklə bir  araşdırma tarixi bir bayatımızın gerçək tarixini  üzə çıxarmağa imkan verdi. Tanrı bizim xalqı bundan sonra işğal bayatılarından hifz etsin !

Tanrım böyük alimimiz Xudu Məmmədovun ruhunu şad etsin və bizə zəfər bayatıları qismət etsin. Amin!

           – Bu qala bizim qala,

          Həmişə bizim qala.

          Tikmədim özüm qalım,

          Tikdim ki, izim qala...

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.