Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Deyirlər, bir insana edilən yaxşılıq bütün dünyaya edilən yaxşılıq kimidir. Mən isə inanıram ki, bir canlıya da uzanan əl də ən böyük uğurdur. Bəzən xilas edə bilməsən belə, onun son günlərini sevgi ilə keçirməsinə səbəb olmaq böyük mənəvi dəyərdir.
Həyatımda bəlkə də ilk dəfə həqiqətən bir işə yarandığımı hiss etdim. Küçədə ölüm ayağında olan balaca bir pişiyi tapdığım an bunu düşünmədən onu qucağıma alıb evə gətirdim. Gecə idi. Yaralı idi, tərpənməyə gücü çatmırdı. Onu maşın vurmuşdu, yoxsa uşaqların ehtiyatsız oyunu nəticəsində xəsarət almışdı – bunu heç vaxt bilməyəcəyəm. Amma o mənzərəni də, ondan bir neçə saat əvvəl gördüyüm və itimi maşının vurduğu yuxunu da heç vaxt unutmayacağam. Səhəri işə getmədim. Bütün planlarımı, məsuliyyətlərimi kənara qoyub onu baytara apardım. Bir həftə ərzində hər gün iynələrini vurdurdum, dərmanlarını vaxtında verdim, yeməyini yedizdirməyə çalışdım. Körpə uşaq səsinə bənzəyən miyoltusu ilə ürəyimə elə yol tapmışdı ki, artıq onu ailəmin bir parçası kimi görürdüm. Gündən-günə yaxşılaşırdı. Yeriməyə başlamışdı. Su içirdi. Yemək yeyirdi. Ümid edirdim ki, bu mübarizəni qazanacaq. Yeddinci gün gecə rahat yatdığını görüb düşündüm ki, qoy dincəlsin, səhər yenə baytara apararam.Amma səhər hər şeyi dəyişdi. Oyandım. İstədim ki, gedib ona baxım. Sonra "bir azdan baxaram" dedim. Elə həmin an anam otağa daxil olub sakit səslə dedi: "Pişik ölüb..."
Heyvan itkisi də ağır olur. Bunu yalnız yaşayan anlayar. Həmin gün saatlarla ağladım. Onu torpağa basdırmaq belə mənə çox ağır gəldi. Həyətimizdəki digər pişiyin yanına gəlib sanki anasını axtarması gözümün önündən getmir. Evdə isə onun yeməyi, qlükozası, istifadə edə bilmədiyi dərmanları hələ də qalıb.
Bir həftə yaşatdım, nə dəyişdi? Məncə, çox şey dəyişdi. O balaca can son günlərini küçədə, ağrı içində, təkbaşına deyil, sevgi görərək keçirdi. Bəlkə də mən onu ölümdən xilas edə bilmədim. Amma ona mərhəmətin nə olduğunu hiss etdirə bildim.
Amma bir canı öldürmək nə qədər asandır. Bir maşın keçir, bir zərbə dəyir və həyat bitir. Çox vaxt heç kim dayanıb arxasına belə baxmır. Halbuki bəzən bir anlıq dayanmaq, bir əl uzatmaq, bir baytara aparmaq həyat vermək deməkdir. Kaş ki, insanlar heyvanlara sadəcə küçədə yaşayan canlı kimi yox, hiss edən, ağrı çəkən və yaşamaq istəyən varlıqlar kimi baxsınlar. Çünki mərhəmət təkcə insanlara deyil, nəfəs alan hər cana göstəriləndə öz həqiqi mənasını tapır.
Bəlkə də kimlərəsə bu, sadəcə təsadüf və ya fantaziya kimi görünəcək. Amma mənim üçün dünən evə girən o kəpənəyin başqa bir mənası vardı. Sakitcə uçub gəldi və gedib balaca pişiyi son günlərində saxladığım yerə qondu... Uzun müddət də elə orada qaldı. O an qəribə bir hiss keçirdim. Sanki sözlə ifadə edə bilmədiyim bir vida idi. Bəlkə də bu, sadəcə təbiətin qonağı olan kəpənək idi. Amma bəzən insan itkinin ağırlığını yaşayanda ən kiçik işarədə belə təsəlli axtarır. Mən də o kəpənəyə baxıb düşündüm ki, bəlkə də o idi, başqa qiyafədə gəlmişdi. Mənə təşəkkür edirdi...
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)


